Heydər Əliyev adına liseyin 11-ci sinif şagirdi Museyibova Selcan Rövşən qızı direktor Sevinc Orucovadan şikayətçidir.
"Unikal"ın məlumatına görə, sözügedən liseyin 11-ci sinif şagirdi iddia edir ki, lisey ondan tədbirin keçirilməsi üçün pul tələb etdiyindən "Son zəng"də iştirak edə bilməyib.
Məsələ ilə bağlı şagirdin anası Aynurə Əkbərova bildirib ki, hər şey bu son 3 ayda baş verib.
"Liseyin yarısı "Son zəng"ə hazırlaşır, yarısı hazırlaşmırdı. Çox qarışıq bir durum idi. Bizim sinfə də deyildi ki, "Son zəng" tədbiri keçirilməyəcək. Valideynlər və müəllimlərin iştirakı ilə iclas keçirdik. Bildirildi ki, hər şagirddən 150 manat pul yığıldığı təqdirdə "Son zəng"in keçirilməsinə icazə veriləcək. Mən valideyn olaraq ayağa qalxıb bu məsələyə öz etirazımı bildirdim. Qeyd etdim ki, mən tək uşaq böyüdürəm və imkanın yoxdur ki, 150 manat ödəniş edəm. Belə olduğu təqdirdə direktor mənim övladımla prinsip aparmağa başladı. Hətta mənim telefonuma hədə-qorxu tipli mesajlar da gəlirdi. Liseydə övladıma qarşı kobud münasibət yarandı və hətta qızım polisə belə verildi. "Son zəng" tədbirinə 3 gün qalmış qızım ağlayaraq zəng etdi ki, mən orada olmaq istəmirəm. Halbuki qızım olduqca fəaldı və vacib tədbirlərin aparıcısı olub. Qızımın "Son zəng"də iştirak etməməsi bizi olduqca məyus edib. Direktorun mənim qızımla prinsip aparması ona gətirib çıxardı ki, qızım "Son zəng" tədbirində iştirak edə bilmədi. Bir çox onbirincilər kimi qızım da bu sonuncu zəngin verdiyi duyğunu yaşadı. Amma doğma məktəbində, sinif yoldaşları arasında yox, evimizdə.
Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovanın köməkçisi bildirib ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Tədbirdə 99 məzundan yalnız Selcan Museyibova iştirak etməyib. Təhsil Nazirliyi tərəfindən də "Son zəng" qabağı məlumat toplanırdı ki, orada tədbirlə bağlı pul yığılır, ya yox. Qətiyyən bizim liseydə hər hansı bir pul yığılmayıb. Tədbirdə iştirak etməmək isə şagirdin öz istəyi ilə baş verib. Selcan tərbiyəli və fəal şagirdlərimizdən biri olub. Tədbirdə iştirak etməmək isə ailəsinin seçimidir".
Qeyd edək ki, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovanın evində dayə işləyən Firuzə Müslümova oradan 77 800 manatlıq oğurluqda ittiham olunub. Onun adı həmçinin 2020-ci ilin avqustunda Azərbaycanda sərt karantin rejimi tətbiq edildiyi vaxt AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərdən biri də Sevinc Orucova olmuşdu. Belə ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovaya Təhsil nazirinin əmri ilə töhmət verilmişdi.
Zaurə Əmirova