Polşa 1 iyul 2025-ci il tarixindən etibarən dörd günlük iş həftəsini sınaqdan keçirməyə başlayıb. Pilotun bir hissəsi olaraq işçilərə dörd günlük, 32 saatlıq və ya beş günlük, 35 saatlıq həftə arasında seçim etmək imkanı verilib.
"Unikal" xəbər verir ki, yeni sistem ilkin olaraq bir sıra dövlət qurumlarında və özəl sektor şirkətlərində tətbiq edilib.
Tətbiqlə bağlı ilkin rəy müsbət olub. Səlahiyyətlilər deyirlər ki, iş vaxtının qısaldılması həm işçilərin motivasiyasını artırıb, həm də iş keyfiyyətini artırıb. Həmçinin işçilər arasında stress səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığı bildirilib.
Uzun iş saatları ilə tanınan Polşa Avropa İttifaqında insanların ən uzun saatlar işlədiyi ölkələrdən biridir. Son illərdə artan tənqidlər iş yükünün şəxsi həyata və sağlamlığa mənfi təsirlərinə yönəlib. Yeni model geniş yayılarsa, ölkədə iş həyatında köklü dəyişikliklərin olacağı gözlənilir.
Xatırladaq ki, 2023-cü ildə Böyük Britaniya dörd günlük iş həftəsi üzrə dünyanın ən böyük pilot layihəsini işə saldı və müsbət nəticələr əldə edib. Bəzi ABŞ şirkətləri də 4 günlük iş həftəsinə keçib. Çilidə isə parlament ölkədə həftə ərzində iş saatının 45-dən 40-dək azaldılması ilə bağlı qanun layihəsi qəbul edib.
Gülayə Mecid