Ermənistan parlamentindəki müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb, lakin o, İstintaq Komitəsi qarşısında ifadə verməkdən imtina edib.

"Unikal" xəbər verir ki, onun barəsində həbs-qətimkan tədbiri kimi ölkəni tərk etməmək barədə yazılı iltizam seçilib.

Parlamentin “Ermənistan” fraksiyasının rəhbəri ona qarşı irəli sürülən ittihamları tanımadığını bildirib.

Deputata qarşı Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumat vermə maddələri ilə ittiham irəli sürülüb.

*** 17:45

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan Ermənistan İstintaq Komitəsində dindirilir.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, Ohanyan ona qarşı açılmış cinayət işi çərçivəsində çağırılıb.

Baş prokuror Anna Vardapetyan iyulun 4-də Ohanyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün vəsatət təqdim edib.

Seyran Ohanyanın işi Sevan Milli Parkının ərazisində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlıdır. 

Ağarza Elçinoğlu