Rusiya Xarici İşlər Nazirliyi BMT Baş katibi Antoniu Quterreşin Rusiya istehsalı olan pilotsuz uçuş aparatları ilə bağlı verdiyi bəyanata münasibət bildirib.
"Unikal" xəbər verir ki, bununla bağlı Rusiya XİN açıqlama yayıb.
Qurumun yaydığı açıqlamada qeyd olunur ki, Quterreş tez-tez Qərbin yalanlarını təkrarlayır.
"Quterreş və onun tabeliyində olan şəxslər Kiyev və Qərb paytaxtları tərəfindən fabrikləşdirilən, Rusiyanı nüfuzdan salmağa yönəlmiş yalanları mütəmadi olaraq dəstəkləyir və tirajlayırlar", - deyə bəyanatda vurğulanır.
Rusiya XİN həmçinin BMT-nin Kiyevin beynəlxalq humanitar hüququ pozması hallarını ya susqunluqla qarşılamasını, ya da yalnız hər iki tərəfi təmkinə çağırmaqla kifayətlənməsini tənqid edib. Nazirlik bu yanaşmanın BMT Nizamnaməsinin 100-cü maddəsində nəzərdə tutulan qərəzsizlik prinsipini pozduğunu bildirib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl verdiyi açıqlamalarda BMT Baş katibini səlahiyyətlərindən mütəmadi sui-istifadə etməkdə günahlandırmışdı.
Gülayə Mecid