Xəbər verdiyimiz kimi, bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Unikal"a açıqlamasında bildirib ki, vaxtaşırı belə görüşlərin keçirilməsi mövqeləri yaxınlaşdırmağa, eyni zamanda təklifləri bir daha nəzərdən keçirməyə imkan verir. Onun sözlərinə görə, tərəflər bir sıra məsələlərdə mövqelərini yaxınlaşdırıblar və artıq danışıqların işçi qrupları səviyyəsinə keçməsi barəsində razılığa gəliblər:

"Bu o deməkdir ki, hər iki tərəfin arzuladığı sülh müqaviləsinə tərəf bir addımda atıldı. Hələ Ermənistan tərəfinin həll edəcəyi müəyyən məsələlər var. Bu, onun konstitusiyasında Azərbaycan ərazilərinə olan iddiaların aradan qaldırılması, ATƏT-in Minsk qrupunun buraxılmasıdır. İstərdik Ermənistan bunu mümkün qədər tez etsin ki, onun da vaxtaşırı qaldırdığı sülh müqaviləsi məsələsi həll edilsin. Bundan sonrakı proseslər Ermənistanın məsələyə nə dərəcədə səmimi yanaşacağından asılıdır. Liderlər həm nümayəndə heyətləri ilə həm də təkbətək görüşdülər. Görüşün iki raundda, ümumilikdə 5 saatda keçməsi onu göstərir ki, müəyyən məsələlərdə razılaşma var. Bu, təqdirəlayiq hadisədir. Azərbaycan və Ermənistan qonşu dövlətlərdir, münasibətləri qonşu dövlətlərə xas olan, normal münasibətlər səviyyəsində olmalıdır. İşçi qrupların liderlərin tapşırığı əsasında məsələləri hazırlaması gələcəkdə yeni görüşün olmasına, zamanı yetişəndə, Ermənistan tərəfindən hüquqi maneçiliklər aradan qaldırıldıqdan sonra sülh müqaviləsini imzalamaq olar.

Görüşün BƏƏ-də keçirilməsinə gəlincə, A.Mirzəzadə bildirib ki, bu görüş üçün təkliflər çox olur: "Amma əhəmiyyətli olan görüş keçirən ölkənin Azərbaycana olan xoş münasibəti, suverenliyinə hörmətlə yanaşmasıdır. Görüşün orada keçirilməsi eyni zamanda Azərbaycanla həmin ölkə arasında münasibətlərin daha da dərinləşməsidir. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla çox yaxşı münasibətləri var. Bu ölkənin liderinin bir müddət əvvəl Azərbaycana səfəri olmuşdu. Azərbaycan Prezidenti orada olarkən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdü. Şübhəsiz ki, bu təkcə protokol görüşü deyildi. Eyni zamanda iki ölkə arasındakı münasibətlərin bir daha nəzərdən keçirilməsi məsələsi idi. Görüşün orada keçirilməsi təklifi gəldikdən sonra Azərbaycan buna böyük maraqla yanaşdı və dostlarımızın vasitəçiliyini yüksək qiymətləndiririk".

Sərhədin delimitasiyası prosesi ilə bağlı danışan deputat qeyd edib ki, komissiyalar bu istiqamətdə 5-ci ildir işləyir və müəyyən nəticələr var:

"Amma daha geniş və inamlı işləməsi üçün mütləq sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsi üçün Ermənistan konstitusiyasını dəyişməlidir. Bu mövqe bir daha Ermənistanın diqqətinə çatdırıldı. Sülh müqaviləsi üçün maneələr aradan qaldırıldıqdan və müqavilə imzalandıqdan sonra delimitasiya məsələsində də razılığa gəlmək mümkün olacaq. Qazax istiqamətində 4 kəndin Ermənistan tərəfindən geri qaytarılması və 13 kilometr sərhədin qurulması göstərir ki, tərəflər ümumi razılığa gələ bilərlər. İşçi qrupları liderlər tərəfindən tapşırıqlarını alıblar. Şübhəsiz ki, görüləcək işlər barəsində ölkə rəhbərlərinə məlumat verəcəklər və onların tapşırıqları əsasında işlərini davam etdirəcəklər. Əlbəttə gözləntilər böyükdür. Reallıq Ermənistanın nə dərəcdə səmimi və məsuliyyətlə əldə edilən razılaşmalara uyğun hərəkət edəcəyindən asılıdır".

Anar Kəlbiyev