2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə aparılacaq.
"Unikal" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
O bildirib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 mini ötür:
“Ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 5,4% faiz artım var. Plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır. Dövlət sifarişi yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 min 280-ə çatıb. Qəbul yerlərinin 60%-i regionlar, 40 %-i isə Bakı üçün nəzərdə tutulub. Ən çox yerli yer ayrılan aşpaz, dərzi, elektrik montyoru, manikür, bərbər-vizajist ixtisaslarıdır”.
Direktor vurğulayıb ki, qadınların peşə təhsilində iştirakı 2021-ci ildə 29,6 faiz idisə, bu il həmin göstərici 40 faizə yüksəlib:
“Bir sıra mərkəzlərdə ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb. Məsələn, Lənkəran buna nümunədir. Son 5 ildə peşə təhsilinə maraq 71,5 faiz artıb".
O həmçinin qeyd edib ki, peşə təhsili müəssisələrinin qəbul planına 10 yeni ixtisas əlavə edilib:
"Yeni ixtisasların 5-i yüksək texniki, 5-i isə texniki peşələrdir. Yüksək texniki ixtisaslar rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalatda rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketing, texniki ixtisaslar isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri və s. olacaq".