Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də Ermənistan-Azərbaycan arasında postmünaqişə prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Görüş zamanı qlobal miqyasda baş verən proseslərin, bölgəyə təsir edə bilən təhlükəsizlik təhdidlərinin, digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğunu diqqətə çatdıran nazir əlavə edib: “Eyni zamanda, həmkarımı Ermənistan-Azərbaycan postmünaqişə dövründə və onun hazırkı mərhələsində gedən proseslər barədə ətraflı məlumatlandırdım. Bu kontekstdə iyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş danışıqlar, mövcud müsbət dinamika barədə məlumat verdim. Hesab edirik ki, sülh yolunda yaxşı perspektivlər mövcuddur. Biz bu yolun davam etdirilməsini real hesab edirik. Bu yolun başa çatdırılması üçün bəlli addımlar vardır, lakin Ermənistan tərəfi hələ ki, bu addımları atmayıb”.