Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
"Unikal" xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyulun 22-də Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Beyləqan, Füzuli, Xocəvənd və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə sədr Zaur Mikayılov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra ADSEA sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, subartezian quyularının bərpası, yeni quyuların qazılması, balansa götürülməsi, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və işə qəbulla bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.