Apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya və rayon (şəhər) məhkəmələrində, ümumilikdə 72 məhkəmədə 286 vakant inzibati vəzifənin (məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi) tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edilib.

Ali Məhkəmədən "Unikal"a bildirilib ki, müsabiqənin müsahibə mərhələsində aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdirlər:

- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər avqustun 12-si saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Hüquqşünasları məhkəmələrdə vakant olan inzibati vəzifələrin tutulması üçün müsabiqələrdə iştiraka dəvət edirik.

Daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək olar.