Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanıldığı üçün türbəyə giriş müvəqqəti olaraq dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.

"Məlum olduğu kimi, Mömünə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb. Bu məqsədlə türbədə və türbə ətrafında bir sıra infrastruktur işləri aparılır. Təhlükəsizliyin təmin olunması məqsədilə türbəyə giriş müvəqqəti olaraq dayandırılır", - deyə məlumatda qeyd olunur. 

*** 16:51

Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə start verilib.

"Unikal" xəbər verir ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, şirkətin işçi qrupu avqustun 5-də Naxçıvana gəlib.

Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb. Abidə tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.