Yeni aparılan genişmiqyaslı araşdırma, əsasən sinir ağrısı, narahatlıq pozuntusu və epilepsiya müalicəsində istifadə olunan pregabalin dərmanının ürək çatışmazlığı riskini 48% artırdığını ortaya çıxarıb.

"Unikal" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, risk xüsusilə ürək xəstəliyi keçmişi olan şəxslərdə daha yüksəkdir. Kolumbiya Universitetinin rəhbərlik etdiyi tədqiqatda həkimlərə, xüsusən yaşlı xəstələrdə pregabalin təyin etməzdən əvvəl kardio­vaskulyar riskləri diqqətlə qiymətləndirmələri tövsiyə olunur.

Statistikaya görə, xroniki ağrı 65 yaşdan yuxarı insanların təxminən 30%-nə təsir edir. Pregabalin sinir sistemi boyunca ağrı siqnallarını bloklayaraq bu ağrını azaltmağa kömək edir. Lakin halüsinasiya, sidikdə qan, çəki artımı kimi mövcud yan təsirləri ilə yanaşı, dərmanın ürək sağlamlığına təsiri də ciddi suallar doğurur.

Mütəxəssislər, pregabalinin nadir hallarda olsa da, təcili tibbi müdaxilə tələb edən ağır allergik reaksiya - anafilaksiyaya səbəb ola biləcəyini bildirirlər.

Araşdırma çərçivəsində 65–89 yaş aralığında, ən az 12 həftə davam edən xroniki (xərçəng xaric) ağrılardan əziyyət çəkən və əvvəllər ürək çatışmazlığı diaqnozu almayan 246 min 237 nəfərin məlumatları 4 il ərzində təhlil edilib. Bu müddətdə 1 470 nəfər ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Məlumatlar göstərib ki, pregabalin istifadə edən hər 1 000 nəfərə ildə təxminən əlavə 6 ürək çatışmazlığı halı düşür. Təhlillər nəticəsində pregabalin qəbul edən xəstələrdə ürək çatışmazlığı riskinin 1,5 dəfə yüksək olduğu müəyyən edilib.