Güclü quraqlıq və qonşu ölkələrdən su axınının azalması fonunda İraq kəskin su çatışmazlığı ilə üzləşib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2019-cu ildə güclü yağıntılar səbəbindən su ehtiyatı 65 milyard kubmetrə çatıb, lakin hazırda qonşu ölkələrdən, yəni İran və Türkiyədən su axını son dərəcə cüzidir və yağıntıların miqdarı çox az olaraq qalır.
İraq hakimiyyəti mövcud böhranı təkcə iqlim dəyişikliyi ilə deyil, həm də Türkiyə və İranın Dəclə və Fərat çayları üzərində ölkə əhalisinin təmin olunmasında mühüm rol oynayan bəndlər tikməsi ilə əlaqələndirir. İraqın su naziri Aun Diab kəskin su çatışmazlığı səbəbindən məhsul istehsalının mümkün dayandırılması barədə xəbərdarlıq edib.