Türkiyə hakimiyyəti hotel və restoranlarda tətbiq olunan bufet formatının əvəzlənməsi imkanını müzakirə edir. Səbəb isə ölkədə artan ərzaq israfının qarşısını almaqdır.

"Unikal" xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Prezident Administrasiyasının Kənd Təsərrüfatı və Qida Siyasəti Şurası məsələ ilə bağlı hesabat hazırlayaraq dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təqdim etməyə hazırlaşır. Daha sonra sənəd aidiyyəti qurumlara göndəriləcək.

İdeya parlamentə çıxarılsa, bir sıra qanuni dəyişikliklərin qəbul olunması mümkündür. Təkliflərə əsasən, hotellərdə “hər şey daxil” (“all inclusive”) sistemi “a-la kart” formatı ilə əvəz oluna bilər. Bu sistemdə müştəri yalnız yeyə biləcəyi qədər yemək sifariş edəcək.

Qida İsrafının Qarşısının Alınması Fondu bildirir ki, Türkiyədə hər il təxminən 23 milyon ton ərzaq tullantıya çevrilir və bunun 35%-i hətta yemək hazırlanarkən belə istifadə olunmur.