İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi ilə bağlı razılaşmaya münasibət bildirib.

"Unikal" xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında bununla bağlı jurnalistlərin suallarını cavablandırıb. 

Onun sözlərinə görə, "Zəngəzur dəhlizi kimi tanınan bu bölgə İran-Ermənistan sərhəd xəttinin yalnız kiçik bir hissəsidir". 

"İran üçün bölgədə sabitliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması və mövcud suverenliklərin pozulmaması əsas prioritetlər sırasındadır. Xarici aktorların bölgəyə müdaxiləsi bizi narahat edir və bu prosesləri çox yaxından izləyirik”, - deyə, sözçü vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı diplomatik şərh verdiyini açıqlayan Mühacirani qeyd edib ki, “Ölkə mediası məsələni şişirdərək elə təqdim edir ki, sanki İran bütün şimal sərhədini itirib. Əslində isə bu, bizim üçün ciddi sərhəd itkisi anlamına gəlmir”.