Alyaskanın Ankoric şəhərində Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.

"Unikal" xəbər verir ki, bunu Alyaskadakı Rus Mədəniyyət Mərkəzinin direktoru Anna Vernaya bildirib.

Onun sözlərinə görə, Amerika tərəfi çoxlu sayda mühafizəçi yerləşdirib, onlar bütöv evləri "zəbt edirlər".

"Təhlükəsizlik gücləndirilib, hotellər dolub. Bu gün bütün dünyanın diqqəti Alyaskaya yönəlib", - deyə Vernaya qeyd edib.

O bildirib ki, şəhərə yüksək səviyyəli qonaqlarla reyslər gəlir və sammitin özü bütün ştat sakinləri üçün mühüm hadisəyə çevrilib.

"Bütün yerli televiziya şirkətləri, istisnasız olaraq, hər bir xəbər verilişinə qarşıdan gələn sammitin mövzusu ilə başlayır. Bütün mehmanxanalar doludur, hətta yerli sakinlər otaqlarını icarəyə verirlər", - o əlavə edib.

Vernaya həmçinin qeyd edib ki, yerli hakimiyyət orqanları və sakinlər danışıqlar üçün təhlükəsiz və əlverişli şəraitin təmin edilməsi üçün mümkün olan hər şeyi edirlər.