Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunu nazirliyinə birləşdirə bilmir
12:00 08-11-2013
SİYASƏT
Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunu nazirliyinə birləşdirə bilmir
DSMF-yə sədr təyinatının yubanmasının ilginc pərdəarxası versiyaları
Azərbaycanda yeni hökumətin tərkibinin təsdiqlənməsindən sonra, bəzi dövlət qurumlarının birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Belə ki, oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsinə dair siyahıda bir neçə dövlət qurumunun adı yoxdur.
Belə qurumlardan biri Dövlət Sosial Müdafiə Fondudur. Fondun əvvəlki sədri Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunması isə bu dövlət orqanlarında struktur dəyişikliyinin aparılmasına hazırlıq kimi yozulur. Belə ki, yayılan məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdiriləcəyi gözlənilir. Prezidentin sərəncamı ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yeni hökumətdə yer almaması birləşmə ehtimalını daha da artırıb.
Əldə etdiyimiz məlumatlara görə, sözügedən qurumların birləşdirilməsi məsələsinin hökumət kulislərində müzakirəsi davam edir. Belə bir birləşmənin iqtisadçı ekspertlər tərəfindən də dəstəklənməsi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu özünün keçmiş qurumunu yeni təyinat aldığı nazirliyin tərkibinə qatmağa həvəsləndirir.
Ekspertlərə görə, ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri çərçivəsində struktur islahatları iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir. Onun sözlərinə görə, struktur islahatları çərçivəsində Sosial
Müdafiə Fondu departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilə bilər.
Bir çox ekspertlər isə Dövlət Sosial Müdafiə Fondunun sabiq sədri Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsini müsbət hal kimi dəyərləndirərək əlavə edirlər ki, adıçəkilən iki qurumun birləşdirilməsi səmərəli nəticələr verə bilər. “Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial siyasət həyata keçirir. Dövlət Sosial Müdafiə Fondu nazirliyə birləşdirilərsə, pensiyalar da hökumətin sosial siyasətinin bir elementi olacaq. İki qurumun birləşdirilməsi bu sahədə idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, sosial siyasətin eyni yerdən idarəsinə gətirib çıxara bilər. Bu qurumun həm də departament şəklində nazirliyin tərkibində təmsil olunması mümkündür” deyə ekspertlər bildirirlər.
Onların fikrincə, bu sahədə islahatlara ehtiyac var, çünki əslində özünü maliyyələşdirməli olan Dövlət Sosial Müdafiə Fondu hər il dövlət büdcəsindən transferləri artırır. Məsələn, 2006-cı illə müqayisədə 2013-cü ildə bu istiqamətə büdcədən transferlərin 5 dəfə artması onu göstərir ki, bu sahə ciddi reform olunmalıdır. Ona görə də fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi müsbət nəticələr verə bilər.
“Unikal”ın məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, əksəriyyətin Dövlət Sosial Müdafiə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsini uğurlu addım olaraq proqnozlaşdırmasına rəğmən bu prosesin
yubanması maraqlı bir məqamla bağlıdır. Belə ki, məlum olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun birinci funksiyası sosial sığorta haqqının yığımı, digəri isə pensiyaların təyinatı üzrə verilməsidir. Buna görə də hökumət daxilindəki müzakirələrdə sosial sığortanın yığım funksiyalarının Vergilər Nazirliyinə, pensiya ödənişləri hissəsinin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi variantı ön plana çıxıb. Amma bu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu qane etmir, elə bu səbəbdən də bütövlükdə Fondun rəhbərlik etdiyi nazirliyə birləşdirilməsində israr göstərir.
Nazirin həmçinin belə bir bütöv birləşmədən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adının dəyişdirilməsini təklif etdiyi, həmin təklifə görə bu adın Əmək və Əhalinin Sosial İnkişaf Nazirliyi olması variantını irəli sürdüyü də gələn məlumatlar arasındadır.
Amma Səlim Müslümovun bu təkliflərinin geniş dəstəklənməməsi onun istəyinə çatmasını yubadır. Məhz bu səbəbdən də hələlik Dövlət Sosial Müdafiə Fondunun aqibəti ilə bağlı məsələ açıq qalır: nə Fondu ləğv edib səlahiyyətləri Müslümovun nazirliyinə verilir, nə həmin səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Vergilər Nazirliyi arasında bölüşdürülür, nə də Fonda yeni sədr təyin edilərək onun müstəqil qurum kimi qalacağı qətiləşir.
Bu qeyri-müəyyən durumun nə qədər davam edəcəyini isə zaman göstərəcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05