Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün geniş imkanlar yaradır.
"Unikal" xəbər verir ki, BMU bu müasir və strateji əhəmiyyət daşıyan ixtisası ölkəmizdə tədris edən ilk universitetlərdən biridir.
Süni intellekt texnologiyalarının sürətli inkişafı və iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiqi bu istiqamətdə yüksəkixtisaslı mühəndis kadrlarına olan tələbatı davamlı şəkildə artırır. “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası ən perspektivli sahələrdən biri olmaqla, tələbələrə süni intellekt sistemlərinin layihələndirilməsi, hazırlanması və tətbiqi üzrə fundamental nəzəri biliklər, müasir praktik bacarıqlar qazandırmağı hədəfləyir. Tədris proqramı alqoritmlər, maşın öyrənməsi, dərin öyrənmə, neyron şəbəkələr, kompüter görməsi, təbii dilin emalı, verilənlərin analitikası və intellektual proqram təminatının hazırlanması kimi müasir istiqamətləri əhatə edir. Tələbələr qabaqcıl proqramlaşdırma dilləri, proqram platformaları və süni intellekt texnologiyalarından istifadə etməklə layihəəsaslı təlim, elmi-tədqiqat fəaliyyəti və praktiki tapşırıqlar vasitəsilə peşə səriştələrini formalaşdırırlar.
İxtisasın məzunları dövlət və özəl sektorda, yüksək texnologiyalar sənayesində, elmi-tədqiqat müəssisələrində və innovasiya mərkəzlərində süni intellekt həllərinin hazırlanması, ağıllı qərarvermə sistemlərinin yaradılması, verilənlərin təhlili və avtomatlaşdırılmış sistemlərin inkişafı istiqamətlərində peşəkar fəaliyyət göstərmək imkanına malik olurlar.
Tədrisin ingilis dilində təşkili tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını təmin edir, xarici universitetlər və sənaye tərəfdaşları ilə əməkdaşlıq imkanlarını genişləndirir, həmçinin məzunların qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına əlverişli şərait yaradır.
Proqram 3+1 modelinə əsaslanır: Tədris 3 il BMU-da, 1 il isə İNHA Universitetində aparılır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Süni intellekt mühəndisliyi”, BMU tərəfindən isə “Kompüter elmləri” ixtisası üzrə bakalavr diplomları təqdim edilir. Bu ixtisas üzrə məzunlar süni intellekt mühəndisi, maşın öyrənməsi üzrə mütəxəssis, proqramçı, proqram təminatı üzrə mühəndis, data analitik və digər vəzifələrdə çalışmaq imkanına malik olacaqlar.
Proqrama qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. İDP-də Azərbaycan vətəndaşı olan, DİM imtahanlarından uğurla keçərək 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 26 nəfər “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi) ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.
Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən riyaziyyat, fizika, ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket”ə daxil etməlidir. Sənədlərin son qəbul tarixi 01.08.2026-cı il saat 23:55-dir.
İDP-yə qəbul üçün daxili imtahan 4 avqust 2026-cı il tarixində keçiriləcək. İmtahan nəticələri isə 6 avqust 2026-cı il tarixində elan ediləcək (https://beu.edu.az/az/admission/dual-degree/beu-inha-dual-degree-program).
BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Qəbul edilmiş namizədlər rəsmi İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azad olur. İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştiraklarını təmin etmək üçün kifayət qədər vaxtın ayrılması nəzərə alınıb.
BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.







.jpg)


.jpg)













































