Ölkədə korrupsiya artır, yoxsa azalır?
12:48 07-12-2013
SİYASƏT
Ölkədə korrupsiya artır, yoxsa azalır?
Korrupsiyaya qarşı aparılan mübarizə istənilən effekti vermir
Korrupsiyaya qarşı Mübarizə Fondunun bu il keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulanların 79%-i rüşvət verməyin məsuliyyətini dərk etməyə başlayıb, korrupsiyaya qarşı mübarizənin vəziyyəti isə respondentlərin 30% -ni qane edir.
Rəyi soruşulanların49%-i korrupsiya əməllərinə görə cəzaların sərtləşdirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Fondun bu ilki sorğusu nəticəsində daha çox korrupsiyaya uğramış yerli dövlət orqanlarından əhalinin tez-tez ünsiyyətdə olduqları sahələr qeyd olunub: səhiyyə, yerli icra hakimiyyəti orqanları, təhsil, polis, Əmək və Əhalinin Sosial Müdafiə mərkəzləri, Tibbi-sosial ekspert komissiyaları, məhkəmə və digər qurumlar.
Faktlardan da göründüyü kimi, ölkə miqyasında korrupsiyaya qarşı aparılan mübarizə istənilən effekti vermir. Bunun səbəblərini araşdırmaq üçün hüquqşünaslara və siyasətçilərə müraciət etdik.
Müstəqil hüquqşünas Aslan İsmayılov “Unikal”a açıqlamasında bildirdi ki, “Ölkə miqyasında korrupsiyaya qarşı heç bir mübarizə aparılmır və ictimaiyyətə zaman-zaman açıqlanan faktlar isə imitasiya görüntüsü yaratmaqdan başqa bir şey deyil. Guya ki, korrupsiya hallarına qarşı mübarizə aparmaq üçün ayrıca bir idarə də yaradıblar. Bu idarənin işi isə ondan ibarətdir ki, hansısa xırda bir məmuru və yaxud bələdiyyə üzvünü rüşvət üstündə yaxalayıb antikorrupsiya fəaliyyəti imici formalaşdırmağa çalışır. Bu qayda ilə ölkədəki korrupsiyanın kökünü kəsmək “cəhdləri” mümkünsüz işdir. Əcaib deyilmi ki, korrupsiyanı yaradanların özləri korrupsiyaya qarşı mübarizə aparmağa başlayıblar?”
Hüquqşünasın sözlərinə görə, “Ölkədəki korrupsiyanın kökünü kəsmək ona görə mümkün deyil ki, hökumətdəki məmurların və nazirlərin əksəriyyəti korrupsiyaya bulaşıb. Birinci və ən mühüm səbəb budur. İkinci səbəb isə ondan ibarətdir ki, korrupsiyalaşma cəmiyyəti idarəetmə üsuluna çevrilib. Yəni hər bir iri məmur digər iri məmur barədə kifayət qədər korrupsiya faktı toplaya bilib. Nəticədə də hökumətin daxilində “Dəymə mənə, dəyməyim sənə” mühiti formalaşıb. Belə olan halda korrupsiyaya qarşı mübarizə hansı effekti verə bilər?”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Unikal”a söylədiyinə görə, “Hökumətdəki bir çox məmurlar tam şəkildə abırlarını itirdiklərinə görə öz əməllərindən əl çəkmirlər. Cənab prezidentin antikorrupsiya yönündə ortalığa qoyduğu qəti və prinsipial siyasi iradəyə baxmayaraq bu məmurlar hələ də fürsət düşən kimi öz şakərlərini nümayiş etdirirlər. Belələri ilə danışmağın yalnız bircə yolu var: qanun, məhkəmə və həbsxana!”
Partiya sədri hesab edir ki, “Bu məmurlar həm dövlətə, həm Prezidentə, həm də cəmiyyətə xəyanət edirlər. Amma hesab edirəm ki, belələrinin dövranı başa çatmaq üzrədir. Prezident seçkilərindən əvvəl və sonra möhtərəm Prezidentimiz dəfələrlə qəti şəkildə bildirib ki, korrupsiyaya qarşı mübarizə daha da sərtləşdiriləcək. Mən ona inanıram. Və buna da inanıram ki, hər kəs ən sonda öz əməlinə görə haqq etdiyi cəzanı lazımi şəkildə alacaq”.
Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimlinin “Unikal”a bildirdiyinə görə, “Bir-iki xırda məmuru həbs edib həbsxanaya qatmaqla ölkədəki korrupsiya problemini həll etmək olmaz. Bu addımlar korrupsiyaya qarşı mübarizə aparmaq deyil, mübarizə görüntüsü yaratmaqdır. Hökumətin korrupsiyaya qarşı ciddi şəkildə mübarizə aparmaq niyyəti varsa, əvvəlcə bu sahədəki qanunvericilik boşluğunun doldurulmasına cəhd etməlidir. Həm də irirütbəli məmurlar müvafiq qanuna əməl edib gəlirləri və xərcləri barədə bəyannamələri ictimaiyyətə təqdim etməlidirlər. Bu barədə qanun qəbul edilsə də, ona əməl edilmir. Qanuna əməl edilmirsə, hansı antikorrupsiya fəaliyyətindən danışırlar?”
Sədr müavini hesab edir ki, “Korrupsiya faktları nəticələrdir və hökumət bu nəticələrin olduqca cüzi hissəsini üzə çıxartmağa maraqlı olur və korrupsiyanı doğuran səbəblər barədə isə danışmamağa üstünlük verir”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55