Əli Həsənov: "Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir"
11:13 19-12-2013
SİYASƏT
Əli Həsənov: "Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir"
"Azərbaycan mədəniyyətini, adət-ənənələrini, azərbaycançılığı xarakterizə edən dəyərlər, onların sistemləşdirilib idarəçiliyin əsasında dayanması, sonrakı innovatorluq, sözün həqiqi mənasında, ümummilli lider Heydər Əliyevin idarəçilik təlimini xarakterizə edən əsas əlamətlərdən biri idi.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev adına İnstitutunda "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər)" kitabının təqdimatında çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, bu gün hamı üçün bəllidir ki, ulu öndər Azərbaycana təkcə bugünkü müstəqil dövlətimizi deyil, eyni zamanda, onun idarəçilik təlimini də ərmağan edib: "Biz bu gün o idarəçilik təlimindən bəhrələnərək Azərbaycanın inkişafının ayrı-ayrı istiqamətlərini tədqiq edirik və Azərbaycan dövlət idarəçilik təlimindən istifadə edərək dövlətimizi idarə edirik. Bununla da biz Azərbaycan xalqının firavan, dinc, təhlükəsiz və dinamik həyatını təmin edirik. Odur ki, sözün həqiqi mənasında, bu təlimin salnaməsinin yaradılması, onun təhlil olunması, ayrı-ayrı xarakterik xüsusiyyətlərinin ümumiləşdirilməsi və geniş oxucu kütləsinə çatdırılması, o cümlədən Azərbaycanı tədqiq edən, ölkəmizlə maraqlanan xarici auditoriyalara çatdırılması bu gün üçün çox aktuallıq kəsb edir".
PA rəsmisi deyib ki, Heydər Əliyevin dövlət idarəçilik təlimində bir neçə prinsip var idi: "Birincisi, ulu öndərin varislik təliminin bugünkü dövlət idarəçiliyində Prezident İlham Əliyev tərəfindən nəzərə alınır. Heydər Əliyevin dövlət idarəçilik təlimi, ilk növbədə, Azərbaycan xalqının milli iradəsinə söykənir. Ümummilli liderimiz deyirdi ki, "Milli iradə və milli birlik olmayan yerdə nə dövlət, nə müstəqillik elan oluna bilər, nə təmin edilə, nə də davamlı ola bilər". Ulu öndərin Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ərəfəsində Azərbaycan ziyalılarına ünvanladığı məktubda birinci prinsip olaraq bu məsələ qoyulmuşdu ki, Azərbaycan o vaxt müstəqil dövlət şəklində formalaşa, qurula, möhkəmlənə və öz müstəqilliyini qoruya bilər ki, bu dövlət əhalinin iradəsinə söykənsin, əhalinin iradəsi isə milli birliyə söykənsin və milli birlik bizim dövlətimizin əsas prinsiplərindən biri olsun".
Ə.Həsənovun sözlərinə görə, ümummilli liderin irəli sürdüyü ikinci prinsip sosial ədalət prinsipi idi: "O dövlət dayanıqlı ola bilər ki, həmin dövlətin həyatında sosial ədalət prinsipi mövcuddur, yaşayır və qorunur. Əgər bir dövlətdə ədalət yoxdursa və haqlının gücü bəzən güclünün haqqına qurban verilirsə, bu dövlətdə ədalət ola bilməz. Yəni, haqlının güclü olduğu bir dövlət, haqlının həmişə dövlət tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərindən biri idi. Ümummilli liderin hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi. Bir dövlətin xalqı və vətəndaşı özünün haqlarını anlayarsa və o haqların ona, onun ailəsinə, xalqına gətirdiyi dəyərləri hiss edərsə, bu dövlətin xalqını heç kim məğlub edə və iradəsindən çəkindirə bilməz".
PA rəsmisi xatırladıb ki, Heydər Əliyev o zaman Azərbaycan ziyalılarına həmin müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan cəmiyyətində cinayətkarların cəzasız qalması, günahsızların isə cinayətə məruz qalması ciddi bir narazılıq yaradır və bu, sosial çaxnaşmaya, sosial fəlakətə aparır: "Yadınızdadırsa, 1991-1993-cü illərdə Azərbaycanda, sözün həqiqi mənasında, bir xaos, anarxiya hökm sürürdü, cinayətkar cəzasız qalırdı və günahsızlar cəzaya məruz qalırdılar. Belə olan halda qanunçuluq da pozulmuşdu, hüquqi dövlət normaları da pozulmuşdu. Bir sözlə, kim güclü idisə o da haqlı idi. Kimin çiynində silah var idisə, o istənilən şeyi həyata keçirirdi. Belə bir dövlətdə Heydər Əliyevin dövlətçilik təliminin əsas şərtlərindən biri hüquqi dövlət, demokratiya prinsipləri idi".
PA rəsmisi çıxışında qeyd edib ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir.
Ə.Həsənovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri sırasına demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü: "1995-ci il Azərbaycan Konstitusiyasının üçdə bir müddəası insan haqlarına, insanların fikir və düşüncəsinin sərbəstliyinə, ən optimal qərarların qəbul edilməsi üçün insanların fikir plüralizminin istifadəsinə və çoxluğun iradəsinin hökm sürməsinə həsr olunub. Və nəhayət, ümumilli lider Heydər Əliyevin dövlət təliminin əsas tərkib hissələrindən biri effektli dövlət idarəçiliyi sisteminin yaradılması idi".
PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək kitabla bağlı dəyərli fikirlərini bölüşüb.
F.Abdullazadə deyib ki, İlham Əliyev hər bir çıxışında və əməlində ümummilli lider Heydər Əliyevin varisi olduğunu nümayiş etdirir: "Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır və uğurla inkişaf edir. Dahi şəxsiyyətin ən müdrik addımlarından biri "Əsrin müqaviləsi" layihəsinin imzalanması idi. Bu, Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi və bunun iqtisadi baxımdan da nə qədər uğurlu olduğunu biz ötən gün Bakıda "Şahdəniz-2" layihəsi çərçivəsində imzalanan müqavilə əsasında şahidi olduq. Dünənki saziş onu göstərdi ki, Azərbaycan nəinki özünü enerji resursları ilə təmin etdi, eyni zamanda, bu enerji resurslarından başqalarına da verməyə qadir olduğunu göstərdi".
Daha sonra Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, hər kəsin imkanı var ki, bu kitabla yaxından tanış olub öz təhlillərini aparsın və Azərbaycan dövlətinin son 5 ildə keçdiyi dövrə nəzər salsın: "Əlbəttə ki, təhlilçilər, analitiklər, tədqiqatçılar öz mövqelərini ortaya qoyurlar. Mənim üçün xüsusi əhəmiyyət kəsb edən cəhət hər bir insanın, fərdin özünün, xalqının və dövlətinin keçdiyi yola fərqli münasibət bəsləməsidir. Çünki sonda bu münasibətlər toplanaraq bütövlükdə xalqın, bu ərazidə yaşayan insanların mövqeyi kimi bir araya gəlir. Əgər bu mövqelər bir çox hallarda üst-üstə düşürsə, deməli, yenidən siyasət doğulur və əldə olunan nəticələr hər kəsin həyatına müsbət təsir edir".
Milli Məclisin üzvü Ziyad Səmədzadə bildirib ki, cənab Prezident İlham Əliyev 2013-cü ildə tam məsuliyyətlə Azərbaycanın müstəqil siyasət yeritdiyini bir daha vurğulayıb: "Dövlət başçısı qeyd etdi ki, əgər Azərbaycanın iqtisadi müstəqilliyi olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 1994-cü ildə Azərbaycanda ümummilli lider Heydər Əliyev neft kontraktları imzalanan zaman bildirmişdi ki, Azərbaycan yaxın gələcəkdə dünyanın ən parlaq inkişaf edən ölkələrindən birinə çevriləcək".
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40