Elmlər Akademiyası hərəkətə keçdi
11:25 21-02-2014
SİYASƏT
Elmlər Akademiyası hərəkətə keçdi
Ölkədə dini tolerantlığın qorunması üçün bütün addımlar atılacaq
Bu gün ölkədə dini tolerantlığın qorunması üçün ciddi addımlar atılmaqdadır. Son zamanlar ölkədə dini radikal qruplaşmaların ortaya çıxması, azərbaycanlıların müxtəlif yollarla Suriyadakı döyüşlərə cəlb edilməsi və müəyyən dini şəxslərin arzuolunmaz fətvalar verməsi cəmiyyətdə bir narahatçılıq yaratmaqdadır.
Bu, zorakılığa meylli olmayan Azərbaycan cəmiyyəti üçün, sözsüz ki, arzuolunan hal deyil və bu səbəbdən də narahatlıqlar artmaqdadır. Buna görədə hüquq-mühafizə orqanları fəaliyyətlərini daha da ciddiləşdirdi və hazırda bir sıra tədbirlər həyata keçirilir. Elə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da verdiyi son açıqlamada maraqlı detala toxundu. O bildirdi ki, azərbaycanlıların Türkiyə üzərindən Suriyaya getməsinin qarşısını almaq üçün birgə fəaliyyət lazımdır.
Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları Türkiyəyə gedən şübhəli şəxslər haqqında Türkiyə tərəfini məlumatlandırmalıdır və bu qayda ilə onların qarşısı alına bilər.
Bununla yanaşı, Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi də açıqlamalarla çıxış etdi, Dini Komitə maarifləndirici kurslar təşkil etdi. İndi isə prosesə elm adamları da qatılmağa başlayıb. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası dini radikalizmin qarşısını almaq üçün elmi tədqiqatlar aparacaq. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, RH-nin növbəti iclasında AMEA prezidenti Akif Əlizadə son zamanlar ictimaiyyətdə aktuallaşan dini radikalizm mövzusuna toxunub. Akademik Humanitar və İctimai Elmlər Bölməsinin alimlərinə cəmiyyətdə dini radikalizmin qarşısının alınması məqsədilə elmi tədqiqatlar aparmağı tövsiyə edib, bu istiqamətdə maarifçilik işinin elmi əsaslarla genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bunu da qeyd edək ki, hələ bir müddət öncə də elm nümayəndələri bununla bağlı həyəcan təbili çalırdılar. Millət vəkili, İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirmişdi ki, bizim təhlükəsizliyimiz güclü olmalıdır: "Konfransları keçirərkən çalışıram ki, məmurları, alimləri ayıldım. Bu barədə təkbaşına heç nə edə bilmərəm. Cəmiyyət bütövlükdə ayağa qalxmalıdır. Azərbaycan həmişə sivil ölkə olub. Bizdə dinə qarşı ziddiyyət də olub. Bizdə genetik yaddaş var, o artıq içimizə hopub. Onu deyə bilərəm ki, bizim dini təhsilimizdə, mənəviyyatımızda, maarifləndirmədə boşluq var. Bu səbəbdən də KİV-nin üzərinə çox böyük məsuliyyət düşür. Televiziyalarımızda elə-belə verilişləri aparmaq, serialları tərcümə etmək asandır. Nəyə görə bizim serial bazarımızda bir nümunə kimi qəhrəmanımızın, şəhid olmuş əsgərimizin obrazı yoxdur? Sovet dövründə bir filmin içində kiçik bir qəhrəmanın obrazının hamımız pərəstişkarı idik. Serial çəkilişlərinin əleyhinə deyiləm. Sadəcə, o serialların içində qəhrəmanlarımızın da obrazı olmalıdır. Azərbaycanlı olaraq bizim uşaqlarımız oynayanda niyə öz qəhrəmanı olmasın? Bu gün cizgi filmlərimiz sahəsində də boşluq var. Bütün azərbaycanlı uşaqları Maşa və Medvedə baxır".
Ekspertlər hesab edirlər ki, həqiqətən də, bu gün ciddi şəkildə elmi araşdırmalara start verilməli və bu yolla proseslərin öz məcrasında qalmasını təmin etmək lazımdır. Bununla bağlı ilahiyyatçı alim Elşad Miri "Unikal"a verdiyi açıqlamada bəzi məqamlara aydınlıq gətirdi: "Elmlər Akademiyasının belə araşdırma aparmasını alqışlayıram. Amma məsələyə həm də başqa kontekstdən yanaşmaq lazımdır. Söhbət ondan gedir ki, bu işlər kompleks şəkildə həyata keçirilməlidir. Akademiyada araşdırmalar aparılmalı, bu istiqamətdə televiziya verlişləri yaradılmalıdır, dini komitədə, QMİ-də islahatlar həyata keçirilməlidir, maarifləndirmə işləri gücləndirilməlidir, ali məktəblərdə maarifləndirmə işlərilə bağlı islahatlar sürətləndirilməlidir. Yəni bu işlərin hamısı görülməlidir ki, cəmiyyət aktivləşsin, reallığı görə bilsin. Din adamlarının elmləşdirilməsi, müasir dünyaya baxışlarının formalaşması çox vacibdir".
Qeyd edək ki, "Unikal"a açıqlama verən Dini Araşdırmalar Mərkəzinin rəhbərliyi də bəyan etmişdi ki, maarifləndirmə işlərinə ehtiyac böyükdür və bu iş, əsasən, ruhanilər arasında həyata keçirilməlidir.
Aparılan araşdırmalar zamanı aydın olmuşdu ki, bölgələrdə fəaliyyət göstərən ruhanilərin əksəriyyətinin dini təhsili yoxdur və müasir dünyadan təcrid olunmuş haldadırlar. Hətta ruhanilərin əksəriyyəti elementar kompüterdən, internet resurslarından istifadə edə bilmir. Bunlarla müqayisədə radikal dini qruplaşmalar bu imkanlara sahiblənib və sosial şəbəkələrdə onların yüzlərlə təbliğat qrupları, yüzlərlə xəbər portalları mövcuddur. Buna görə də artıq bu şəxslər ölkəyə qadağa olunmuş dini ədəbiyyat gətirərək özlərinə problem yaratmırlar. Sadəcə, internet vasitəsi ilə bu kitabları, videoçarxları yüz minlərlə insana nümayiş etdirə bilirlər. Beləliklə, gördüyümüz kimi, balans pozulub. Psixoloq Fərqanə Nəcəfli "Unikal"a açıqlamasında bildirdi ki, bu tərəflər arasında bir psixoloji balans da pozulub: "Təsəvvür edin, ən müasir texniki imkanlardan yararlanan, dini bilgisini günbəgün formalaşdıran bir radikal dindarla hələ də kril əlifbasında kitab oxumaqdan başqa heç bir imkanı olmayan dindarı üz-üzə otuzdurursan. Sözsüz ki, bu iki insana baxan kənar müşahidəçilər xürafatçı, savadsız, müasir dünya ilə ayaqlaşa bilməyən rühaniyə inanmayacaqlar. Nəticədə psixoloji üstünlük əldə edən digər tərəf inamı özünə yönəldəcək və sonradan bu inamdan öz məqsədləri üçün yararlanacaqdır. Bu gün cəmiyyətdə belə bir psixoloji balans pozulub. Həmçinin radikal dini qruplaşmalar həm də cəmiyyətə bir psixoloji basqı sərgiləyirlər. Azərbaycan cəmiyyəti hər zaman dini tolerantlıq mühitində formalaşıb və hazırda radikal qüvvələrin ortaya çıxması səbəbindən cəmiyyətdə onlardan bir çəkingənlik yaranıb. Onlar isə bundan məharətlə istifadə edirlər. Buna görə də dini maarifləndirmə ilə yanaşı hüquq-mühafizə orqanları da bu qüvvələrə gücünü nümayiş etdirməlidir".
Həqiqətən də, bu gün cəmiyyətdə bir psixoloji sürüşmə müşahidə olunur və görünür, bu istiqamətdə də real addımlar atılmalıdır.
Elmlər Akademiyasının son addımı ilə bağlı professor Kamil Səlimov "Unikal"a açıqlamasında bildirdi ki, bu qərar lazımlı qərardır, gec-tez olmasından aslı olmayaraq, vacib idi: "Akademiyanın bu addımı alqışlanandır. Amma bəzi məqamlar nəzərə alınmalıdır. Bu nədir? İlk növbədə bu araşdırmaları aparan qurumlar arasında koordinasiya yaradılmalıdır. Çünki öncələr də bu istiqamətdə araşdırmalar olub. Baxın, bu sahədə BDU, Elmlər Akademiyası, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları İnstitutu araşdırma aparır və bütün bunlar dövlət vəsaiti hesabına həyata keçirilir. Amma bunların heç biri apardığı təhlilləri başqa təşkilata vermir. Buna görədə ümumi koordinasiya yaradılmalıdır ki, hamı bu araşdırmalarla tanış olsun və ortaya real bir mənzərə qoymaq mümkün olsun. Bunu da deyim ki, hələ 1998-ci ildən bu istiqamətdə ciddi işlər görülüb".
Həqiqətən də, 1993-cü ildən sonra ölkəyə gələn dini missioner təşkilatlarla bağlı samballı araşdırmalar aparılıb, amma nəticələr o qədər də effektli olmayıb. Bu səbəbdən Elmlər Akademiyasının bu təşəbbüsü alqışlanandır.
Ekspertlər bunu da bildirir ki, Elmlər Akademiyasının ilk işi bu olmaldır ki, müxtəlif institutların bu günə qədər apardığı araşdırmaları bir yerə toplasın və bundan sonra xüsusi komissiya yaradılsın, ortada olan araşdırmalar vahid bir proqram şəkilinə salınsın. Məhz bundan sonra daha effektli nəticələr əldə etmək olar.
Müşahidəçilər bildirirlər ki, alimlərin gözlənilmədən belə addım atmaları həm də sübut edir ki, məsələ kifayət qədər mürəkkəbdir və artıq problemə elmi yanaşma sərgiləmək vacibdir.
Bunu da qeyd edək ki, bu, əslində, tək Azərbaycanda mövcud olan problem deyil və ən inkişaf etmiş ölkələrdə də məsələnin ciddiliyi nəzərə alınıb və müxtəlif beyin mərkəzləri, institutlar yaradılıb. Bu qurumlar isə sırf tədqiqat işləri həyata keçirir və əldə olunan nəticələr müxtəlif strukturlara təqdim olunur. Tək elə Türkiyənin özündə bu istiqamətdə fəaliyyət göstərən 20-dən çox beyin mərkəzi var. Həmçinin əksər hüquq-mühafizə orqanlarının nəzdində də beyin mərkəzləri fəaliyyət göstərir və onların da araşdırmaları ümumi prosesdə mühüm rol oynayır.
Ekspertlər bunu da bildirirlər ki, hazırda Azərbaycanda bu sahə üzrə kifayət qədər peşəkar mütəxəssislər var və onların bir mərkəzdə cəmləşməsi işin keyfiyyətini daha da artırar.
Bunu da vurğulayaq ki, hazırda Prezident yanında Strateji Araşdırmalar Mərkəzi də bu istiqamətdə aktiv fəaliyyət göstərir və müxtəlif zamanlarda beynəlxalq əhəmiyyətli seminarlar da təşkil olunub.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35