Azərbaycanda  tolerantlığı şərtləndirən coğrafi-tarixi-mədəni amillər
Azərbaycanda tolerantlığı şərtləndirən
coğrafi-tarixi-mədəni amillər

Dini-milli tolerantlığımızın başlıca qaynaqları

Azərbaycanda dünya standartları səviyyəsində bərqərar olmuş dini-milli tolerantlıq haqqında çox danışılsa da, indiyə qədər bu nadir fenomenin coğrafi-tarixi və mədəni qaynaqları sistemli şəkildə elmi tədqiqata cəlb edilməyib. Yəni azərbaycanlıların (bu başdan qeyd edək ki, biz bu yazımızda “azərbaycanlılar” sözünü coğrafi-inzibati çalarda işlədirik və bu məfhum altında həm Azərbayan türklərini, həm də ölkəmizdəki digər xalqları - talışlar, ləzgilər, kürdlər, avarlar, yəhudilər, ingiloylar, ruslar və adını çəkmədiyimiz başqa etnosları nəzərdə tuturuq) dini və milli baxımdan dərin dünyagörüşə malik olduqları danılmaz fakt olduğu hamı – həm daxili müşahidəçilər, həm də xarici qonaqlar və ekspertlər tərəfindən ən səmimi şəkildə etiraf edilsə də, fenomenin özü dünyanın digər anoloji faktları ilə müqayisəli şəkildə, həmçinin lokal milli hadisə kimi araşdırılmayıb.
Sözümüzün canı budur ki, hamı etiraf edir ki, türk, talış, ləzgi, kürd, rus, yəhudi, avar, ingiloy və yaxud udinliyindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları başqa dini inanclara və onun təmsilçilərinə qarşı hədsiz dərəcədə anlaqlı şəkildə və səbirlə yanaşmağı bacarırlar. Bəs bu səbirli və populyar ifadə ilə desək, sivil yanaşma haralardan və nədən qaynaqlanır?
Ən müxtəlif dil ailələrinə mənsub olan xalqları (ölkədə həm türk dilləri ailəsinə mənsub olan insanlar, həm də Hind-Avropa dil ailəsinin daşıyıcıları yaşayır) birləşdirən, doğmalaşdıran nələrdir? Bax, bu məsələ indiyədək ölkəşünasların və etnoqrafların, o cümlədən etnik psixologiyanın araşdırma predmetinə çevrilməyib.
(Yeri gəlmişkən, təəssüf ki, bu tərpənişlə yaxın onilliklərdə bu yöndə hansısa araşdırmaların başlanacağına ümid çox azdır...)
Sözün düzü, bu yöndə ciddi elmi qənaətlərə gəlmək asan olduğu qədər də çətindir. Ona görə asandır ki, necə deyərlər, “Görünən dağa bələdçi nə lazım?”
Çətinliyi isə orasındadır ki, atəşpərəstlik, iudaizm, katolisizim və pravoslavlıq, Yeqov şahidləri, molokanlar və s.-lə təmsil edilən xristianlıq, sünnilik, şiəlik, vəhhabilik kimi qanadlarla təmsil edilən İslam dini, qadiriyyə, xəlvətilik, nəqşbəndilik və s. şaxələri ilə təmsil edilən sufizm və hürufilik, ruhsal mədəniyyətin ən qədim beşiklərindən hesab edilən Hindistandan gəlmə krişnaizm, Sahaca yoqa, Raca yoqa, oşoizm və bu kimi mürəkkəb dini-ruhsal fenomenlərin bir arada fəaliyyət göstərməsi olduqca rəngarəng və çoxplanlı bir mənzərə yaradır və göründüyü kimi, bu qədər mürəkkəb dinamika sərgiləyən Azərbaycan ruhunu tədqiqata çəkmək və yaxud bu yöndə elmi nəticələrə gəlmək o qədər də asan iş deyil.
Bununla belə, çalışacağıq ki, Azərbaycanda formalaşmış bu ruhsal mənzərəni şərtləndirən diaxronik, yəni tarixi-coğrafi və sinxronik faktorları mümkün qədər aydın şəkildə şərh edə bilək.
Fikrimizcə, ölkədəki dini-milli tolerantlığı biçimləyən amillər içində coğrafi faktorlar təməl rolunu oynayır. Coğrafi faktorlar deyərkən, ölkənin yerləşdiyi coğrafi koordinatlar, daxili coğrafi relyef və iqlimi xüsusilə vurğulamaq lazım gəlir.

On birdən doqquzu

Məlum olduğu kimi, planetdə mövcud olan on bir iqlim qurşağından doqquzu Azərbaycanda müşahidə olunur. Ekspertlər və iqlimşünaslar elmi şəkildə əsaslandırıblar ki, bölgənin iqlimi həmin ərazidə yaşayan insanların psixologiyasının formalaşmasına ciddi şəkildə təsir edir. Bu fikirdən aydın olur ki, Azərbaycan insanı həm də dinamik və yaxud psixoloqların qeyd etdiyi kimi, ekstavert psixoloji duyuma malik insandır. Amma müşahidələr göstərir ki, Azərbaycan insanına təkcə bu tip reaksiya tərzi xas deyil. Bizim insan həm də daxili qapanmaya meyllidir, yəni intravertdir. Bu iki reaksiya tərzi Azərbaycan insanında maraqlı bir qütbləşmə yaradır. Fikrimizcə, ekstravertlik Azərbaycanın iqlim özəlliklərindən və tarixi taleyindən, intravertlik isə, ilk növbədə, Azərbaycan insanının dini naturasından və zaman-zaman ölkəni təhdid edib viran qoymuş dağıdıcı müharibələrdən irəli gəlir.
Doqquz iqlim mühiti bizim insanı hədsiz dərəcədə dinamik və aktiv psixologiyaya malik varlığa çevirib. Məhz buna görədir ki, Azərbaycan insanı bütün mədəni fenomenlərə həssas şəkildə yanaşa bilir. Qanunauyğundur ki, bu gün Azərbaycan mədəniyyətində qədim Şərq və Azərbaycan ənənələrindən qaynaqlanan klassik musiqi nümunələri – muğamlar, rəqslər, aşıq və el havalarına, həmçinin klassik Qərb musiqisindən qidalanan (lakin onu təkrar etməyən!) simfonik musiqiyə (dahi Üzeyir Hacıbəyovdan başlamış Firəngiz Əlizadəyə qədər) və dahi pianoçu və bəstəkar Vaqif Mustafazadənin və onun ardıcıllarının yaradıcılığının timsalında hətta afroamerikanların caz musiqisi ilə muğamlarımızı və xalq mahnılarını sintez edən ecazkar sənət nümunələrinə də rast gəlmək mümkündür. Və bu nadir sənət əsərlərinin hər birinin öz dinləyiciləri var. Təbii iqlimin doqquz ritmini duya bilən Azərbaycan insanı dünyanın bütün musiqi ritmlərinə də açıqdır, onu qəbul edəndir.
Yəni azərbaycanlılar yad ritmləri və titrəşimləri dərhal duyub anlaya, qiymətləndirə bilirlər. Dini-milli tolerantlığımızın başlıca qaynaqlarından biri budur!
(Tolerantlığımızın milli musiqimizlə bağlı cəhətlərindən yazarkən bu özəllikləri geniş şəkildə açıqlayacağıq.)
Çünki həm sərt kontinental iqlim, həm səhra və yaxud yarım səhra iqlimi, subtropik mühit (ölkədə qeydə alınmış iqlim qurşaqlarının hamısını sadalamırıq) bu insanı təbiətin hər cür üzünü görməyə və bu qəribəlikləri təbii şəkildə qəbul etməyə alışdırıb.
Bir anlığa təsəvvür edin: Naxçıvanın ifrat soyuqla ifrat istinin hüdudlarında qərarlaşan sərt və saf havası, Böyük və Kiçik Qafqaz dağlarının ölkənin qərb bölgələrinin sakinlərinə “diqtə etdiyi” dağ mərdliyi və ehtiyatlılığı, Aran rayonlarının iqliminin aşıladığı dözümlülük və zəhmətkeşlik, su-dəniz stixiyasının ölkənin şərq bölgələrinə “təlqin” etdiyi həlimlik, virtuoz duyum və bəsirət, subtropik iqlimin cənub bölgəsinə bəxş etdiyi arxayınçılıq və güvənlik hissləri ümumən Azərbaycan insanında təsvirəgəlməz dərəcədə maraqlı bir psixoloji natura formalaşdırıb.
Bu məqamda Azərbaycanın daxili coğrafi relyefinə də xüsusi diqqət ayrımaq lazımdır. Çünki insanımızın lokal psixologiyasının və təfəkkür tərzinin biçimlənməsində bu cəhət də həlledici rol oynayır.

Üç enerji tipi

Vaxtilə qeyd etdiyimiz kimi, hazırda Azərbaycandakı insanlar üç enerji tipini – dağ, su və aran düşüncə tərzini formalaşdıran üç stixiyanı təmsil edirlər. Bu enerji tipləri bir-birini üzvi şəkildə tamamlamaqla ölkədə baş vermiş və baş verməkdə olan bütün tarixi, mədəni, sosial, iqtisadi proseslərin aparıcı mexaniziminə çevrilib.
Dağ enerjisini təmsil edən insanlarımız ölkənin, əsasən, qərb (Naxçıvan, və Ermənistan türkləri, Dağlıq Qarabağ və Zəngəzur bölgələri), şimali-qərbdə (Tovuz-Qazax, Zaqatala-Balakən, şimaldan Qusar-Şəki bölgələrində), cənub-şərq (Lənkəran zonası) və şərq bölglərində (Şamaxı-İsmayıllı bölgəsində) məskunlaşıblar.
Bu enerjini təmsil edən insanlar istənilən enerjini, daha doğrusu faydalı və perspektivli hesab etdiyi xarici ideyanı, dini, ruhsal təlimi qəbul edərək özününküləşdirib maddiləşdirməyə çox meyllidir. Ən maraqlısı budur ki, ölkədə müşahidə edilən dini rəngarəngliyin əsas konturları da məhz bu bölgələrdə müşahidə edilir. Amma Su və Aran enerjisini təmsil edən bölgələrimizdə isə nadir istisnaları nəzərə almasaq, dini rəngarənglik, demək olar ki, müşahidə edilmir. Məsələn, Saatlı, Şirvan və yaxud Mingəçevir rayonlarında müxtəlif din mənsublarının qeydə alınması nadir hallarda baş verir.
Dağ enerjisinin insanları olduqca təşəbbüskar və fəal olurlar. Azərbaycanda təkcə son onilliklərdə deyil, ümumiyyətlə, bütün tarixboyu bütün aktiv ideyalar məhz bu bölgələrdən qaynaqlanıb.
Diqqət etsəniz, ölkədə son yüzillikdə baş vermiş bütün ciddi siyasi proseslərin hərəkətverici qüvvəsinin məhz dağ enerjisini təmsil edən insanlardan təşkil edildiyini görərik. Dağ insanı hər cür ideyaya, o cümlədən dini-ruhsal baxşlara açıqdır. Bu səbəbdəndir ki, ölkədə bu gün müşahidə etdiyimiz “gəlmə” (bu ifadəni düzgün qəbul etsəniz) ruhsal cərəyanların başında və yaxud onların təbliği prosesində aparıcı yerdə məhz dağ enerjili adamlar durur. Bunu da unutmayaq ki, dağ həm də ötürücü rolunu oynayır.
Fikrimizi konkret misallarla da əsaslandıra bilərdik, ancaq hesab edirik ki, buna ehtiyac yoxdur.
Bu başdan qeyd edək ki, bu tezisi irəli sürməklə qətiyyən bu fikirdə deyilik ki, digər enerji tiplərini – Su və Aran enerjisini təmsil edənlər ölkənin və ümumən mədəniyyətimizin gəlişməsində ikinci və yaxud üçüncü dərəcəli rol oynayırlar.

Qətiyyən!

Dağ-Su-Aran üçlüyü müqəddəs bir energetik üçbucaq təşkil etməklə Azərbaycanın keçmişini, bu gününü və gələcəyini müəyyən edir və yazımızın gələn bölümlərində bu şərəfli missiyanı geniş şəkildə inəcləyəcəyik.