Rusiya-Ukrayna qarşıdurmasının ilk məğlubu - rus rublu
12:13 04-03-2014
CƏMİYYƏT
Rusiya-Ukrayna qarşıdurmasının ilk məğlubu - rus rublu
Rusiya maliyyə bazarlarında böhran yaranıb
Rusiya Federasiya Şurasının prezidenti Vladimir Putinin müraciəti əsasında Ukraynaya hərbi müdaxilə haqda qərarından sonra bu ölkənin valyuta bazarında rublun dollar və avro qarşısında kursu dramatik şəkildə aşağı düşüb. Belə ki, dünən səhər Moskva birjasında 1 dollar 37 rubl, 1 avro isə 50,7 rubla yüksəlib. Martın 2-də bəzi banklar dolları 40 rubla satıblar. Martın 1-də dolları 36,9 rubla, avronu 50,7 rubla satan "Sberbank" bir gün sonra dolları 38,5 rubldan, avronu isə 53,5 rubldan satmağa başlayıb.
Valyuta bazarında sabitlik yaratmaq üçün Rusiya Federasiyası Mərkəzi Bankı xarici valyutaya olan tələbatı azaltmaq məqsədilə bazara külli miqdarda valyuta çıxarıb. İqtisadi təhlilçilər ilk saatlarda satışa çıxarılan xarici valyutanın həcminin bütün tarix boyu ən yüksək həddə olduğunu açıqlayıblar. Bunun nəticəsində lokal sabitlik yaratmaq mümkün olub.
Ekspertlərin fikrincə, Rusiya iqtisadçıları vəziyyətin bu cür davam edəcəyi və Krımda müharibə başlayacağı təqdirdə Rusiya maliyyə bazarında çöküş ("obval") riski qaçılmazdır. Çünki baş verənlərə bazarların reaksiyası kifayət qədər güclü olacaq.
Bu da məlumdur ki, Azərbaycanın bir sıra kommersiya strukturları rusiyalı tərəfdaşları ilə sıx əməkdaşlıqdadır. Rus rublunun qiymətdən düşməsi və Krım böhranının uzanması daxili bazarımızdakı qiymətlərə də təsir edə bilərmi?
İqtisadçı ekspert Razi Abasbəylinin "Unikal"a bildirdiyinə görə, "Rus rublunun devalvasiyası Krım böhranı fonunda yaranmış psixoloji durumdan qaynaqlansa da, bu prosesin dönməz olacağını söyləmək üçün ciddi əsaslar ortalıqdadır. Rublun ucuzlaşması Amerika prezidenti Obama ilə Rusiya prezidenti Putinin məlum telefon söhbətindən sonra start götürüb. Digər tərəfdən isə Avropa Birliyi Ukrayna hadisələrindən sonra Rusiyadan yan keçməklə alternativ enerji xətləri çəkməyi planlaşdırır. Rublun avro və ABŞ dollarına nisbətdə rəqabətə davamlılığının zəif olmasını nəzərə alsaq, bu layihələr rublun, ən azı, 30-40% qiymətdən düşməsinə səbəb olacaq. Unutmayaq ki, rus rublunun dəyəri daha çox Rusiyanın neft-qaz satışı ilə şərtlənir. Rusiyaya qarşı ciddi iqtisadi sanksiyaların tətbiq ediləcəyi şəraitdə rublun aqibəti daha da acınacaqlı olacaq".
Ekspertin sözlərinə görə, "Rublun qiymətdən düşməsi Azərbaycan manatını gücləndirəcək. Hazırda iki milyona yaxın soydaşımız Rusiyada yaşayıb işləyir və onlar Azərbaycandakı ailələrinə hər ay pul göndərirlər. Qeyd edim ki, bu məbləğ yetərincə ciddi rəqəmlərlə ifadə olunur. Manatın rubla nisbətdə güclənməsi bizim kommersantlara da xeyir gətirəcək. Sadəcə, belə bir durumda Azərbaycanda ağıllı gömrük siyasəti həyata keçirilməlidir ki, Rusiya bazarında yaranmış kritik durumdan maksimum şəkildə faydalana bilək".
İqtisadçı ekspert Xəlil Bəhmənlinin "Unikal"a dediyinə görə, "Rus rublunun ucuzlaşması Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki Rusiya bizim əsas ticarət partnyorlarımızdandır. Rublun ucuzlaşması şimal qonşularımızdan gələn idxalın həcminin artmasına səbəb olacaq. Çünki manatın bahalaşması hesabına bu ölkədən gətirilən mallar xeyli ucuz olacaq ki, bu da yerli istehsalın rəqabət qabiliyyətini azaldacaq. Eyni zamanda bu, xaricdən göndərilən pul baratlarına da təsir göstərir. Çünki rublla qazanan soydaşlarımız Azərbaycana pul göndərəndə ya Rusiyada dollara çevirib göndərir, ya da Azərbaycanda manata çevirir. Bu isə soydaşlarımızın qazandığı pulun dəyərsizləşməsi deməkdir".
Ekspert hesab edir ki, "Rublla yanaşı, avro ilə bağlı baş verənlər yerli bankların xarici valyuta ilə aldıqları kreditlərə də ciddi təsir göstərir. Müxtəlif bankların kredit siyasətinin analizi onların milli valyuta ilə müqayisədə xarici valyuta ilə alınmış kreditlərdə böyük itkilərinin olduğunu göstərir. Bu da, öz növbəsində, bütün bank sistemi üçün əlavə kredit itkisi deməkdir. Digər tərəfdən, bu vəziyyət əhalinin və investorların yenidən manata üz tutmasına səbəb olub. Bu vəziyyətdə manatın sabitliyinin qorunub-saxlanması, əlbəttə ki, vacib şərt kimi çıxış edir. İqtisadçılar bildirir ki, Mərkəzi Bank bu istiqamətdə ciddi tədbirlər həyata keçirir. Hələlik isə rublun məzənnəsinin aşağı düşməsi Azərbaycan üçün faydalıdır. Sözügedən proses Rusiya mallarının ixrac qiymətlərinin azalmasına gətirib çıxaracaq. Həmçinin Azərbaycana idxal olunan mallar da ucuzlaşacaq".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35