NATO tankları Ukraynaya köməyə gəldi
12:21 04-03-2014
CƏMİYYƏT
NATO tankları Ukraynaya köməyə gəldi
Dünya ölkələri Rusiyaya qarşı birləşdi, ABŞ-dan Moskvaya ilk sanksiyalar qüvvəyə mindi
Dünyanın 7 böyük dövləti (G7) birgə bəyanatla çıxış edərək Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər və bu ilin iyununda Soçi şəhərində Rusiyanın iştirakı ilə keçirilməsi planlaşdırılan G8 toplantısına hazırlıq işlərini dayandırdıqlarını bəyan ediblər.
"RBK Ukraina" saytının verdiyi məlumata görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada liderləri, eləcə də Avropa Birliyi Şurasının və Avropa Komissiyasının rəhbərləri birgə bəyanat imzalayıblar. Bəyanatda deyilir: "Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, eləcə də Avropa Birliyi Şurasının prezidenti və Avropa Komissiyasının prezidenti, Rusiya Federasiyasının Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, BMT qarşısındakı öhdəliklərini və Ukrayna ilə 1997-ci ildə imzalanmış baza razılaşmasını pozmasını birlikdə qınayırıq.
Biz Rusiyanı təhlükəsizlik və insan haqları kimi məsələlərlə bağlı Ukrayna ilə arasındakı istənilən cari problemi birbaşa danışıqlar və ya beynəlxalq müşahidə, yaxud BMT, ATƏT egidası altında vasitəçiliklə həll etməyə çağırırıq. Biz bu cəhdlərə dəstək verməyə hazırıq. Rusiyanın Ukraynadakı hərəkətləri G7 və G8-in əsaslandığı prinsip və dəyərlərin də pozulmasıdır. Bu səbəblə biz Soçidə keçirilməsi planlaşdırılan G8 sammitinə hazırlığı, məzmunlu diskussiyalar üçün müvafiq atmosfer formalaşana qədər müvəqqəti dayandırırıq. Biz Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və öz gələcəyini seçmək hüququnun dəstəklənməsi məsələsində həmrəyik.
Biz Ukraynanın vahidliyinin, sabitliyinin, siyasi və iqtisadi inkişafının bərpası səylərini dəstəkləməyi öhdəmizə götürürük. Bu məqsədlə biz Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə işini və lazımi islahatların həyata keçirilməsi üzrə proqramı dəstəkləyəcəyik. Beynəlxalq Valyuta Fondunun dəstəyi Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarından, Avropa Birliyi və başqa mənbələrdən əlavə kömək ayrılması üçün həlledici əhəmiyyətə malik olacaq".
ABŞ dövlət katibi
Ukraynaya gedir
ABŞ dövlət katibi Con Kerri Ukraynaya təcili səfər etmək qərarına gəlib.
"RBK Ukraina" saytının erdiyi xəbərə görə, C.Kerri özünün "Twitter" səhifəsində bu gün - martın 4-də Kiyevdə Ukrayna rəhbərliyi ilə görüşəcəyini açıqlayıb.
Dövlət Departamentindən bildirilib ki, C.Kerri Ukraynanın yeni hökumətinin yüksək vəzifəli şəxsləri, Ali Radanın rəhbərliyi, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək: "Dövlət katibi Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və Ukrayna xalqının kənardan müdaxilə və təxribatlar olmadan öz gələcəyini sərbəst müəyyən etmək hüququna ABŞ-ın qəti dəstəyini ifadə edəcək".
NATO hərbi texnikası Ukraynaya yeridilir
Rusiya ordusunun Ukraynaya girməsindən sonra Polşa hərbi hissələri aktiv şəkildə şərqə istiqamət alıb.
Xarici KİV-in məlumatına görə, zirehli maşınlar Polşa Silahlı Qüvvələrinin Rosomak bölməsinin arsenalıdı.
Xatırladaq ki, Polşa rəhbərliyi hərbi texnikanın şərqə doğru yeridilməsi səbəblərinə aydınlıq gətirməyib. Ukrayna isə martın 1-də rəsmən NATO-ya yardım üçün müraciət edib.
Ukrayna sərhəd xidmətçiləri Rusiyanın Kerç boğazı vasitəsilə Krıma yeni hərbi zirehi texnikalar daşıdığını bildiriblər.
Ukrayna mətbuatının verdiyi xəbərə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərin Qara Dəniz akvatoriyasındakı hərəkəti və yerdəyişmələri artıb, Sevastopol limanına girən və çıxan rus kreyserlərinin sayı çoxalıb.
Ukrayna Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, Rusiyanın Baltik, Qara və Şimal dəniz donanmaları öz manevrləri ilə Krımdakı hərbi baza haqqında Kiyev-Moskva arasındakı ikitərəfli müqavilənin müddəalarını kobudcasına pozurlar.
Bundan başqa rus hərbçiləri Ukrayna sərhədçilərinə qarşı mənəvi və fiziki təsir göstərirlər.
Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib ki, artıq rus hərbçiləri Balaklavadakı Sevastopol dəniz mühafizə bölüyünü ələ keçiriblər.
Çin Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyir?
Çin Rusiyanın Ukrayna ilə bağlı mövqeyini dəstəkləyir. Rusiya XİN-in saytının verdiyi məlumata görə, xarici işlər naziri Sergey Lavrov və Çinin xarici siyasət idarəsinin rəhbəri Van İ arasında telefon danışığında Ukraynadakı vəziyyətlə bağlı mövqelərin yaxınğını vurğulanıb.
İki nazir bu məsələ ilə bağlı sıx təmasları davam etdirmək barədə razılığa gəlib.
Yanukoviçə qarşı yeni
cinayət işi başlandı
Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçə qarşı yeni cinayət işi açıb. Bu barədə İTAR-TASS məlumat verib.
"Yanukoviçin Rastovda keçirdiyi mətbuat konfransındakı çıxışından sonra qərara alınıb ki, Ukraynada Konstitusiyanı dəyişməyə cəhdə və çağırışa görə, onun barəsində cinayət işi açılsın" - deyə baş prokurorun səlahiyyətlərini icra edən Oleq Maxnitskiy Ukrayna birinci kanalı vasitəsilə bəyan edib.
Medvedev:
"Yanukoviç günah
kardırsa, məhkəməyə
çıxarıb mühakimə edin"
"Ukraynada iqtidarın ələ keçirilməsi qanunsuzdur. Bütün bunlar yeni dövlət çevrilişinə və qan axmasına səbəb olacaq". Bunu isə Rusiyanın baş naziri Dmitri Medvedev özünün "Facebook" səhifəsində yazıb.
Viktor Yanukoviçin qanuni prezident olduğunu söyləyən D.Medvedev Ukraynada baş verənləri belə şərh edib: Əgər Yanukoviç Ukrayna qarşısında günahkardırsa, konstitusiya ilə impiçment prosedurunu tətbiq edin, məhkəməyə çıxararaq mühakimə edin. Bundan başqa yol hüquqsuzluqdur. İqtidarın ələ keçirilməsi qeyri-qanunidir. Bütün bunlar yeni bir dövlət çevrilişi ilə nəticələnəcək. Yenidən qan axacaq".
Rusiya baş naziri qonşu Ukrayna ilə münasibətləri qarşılıqlı fayda çərçivəsində inkişaf etdirmək istədiklərini, lakin Maydanda qardaş qanı axıdanlarla, kontitusiya və qanunları pozaraq iqtidarı ələ keçirənlərlə əməkdaşlıq etməyəcəklərini bildirib: "Ukraynada ukraynalılardan başqa ruslar, tatarlar, yəhudilər və digər xalqların nümayəndələri yaşayır. Rusiyanın güclü, sabit və iqtisadi olaraq zəngin bir Ukraynaya ehtiyacı var".
Ukraynaya hərbi
müdaxilə qərarı
Rusiya maliyyə
bazarlarında
böhran yaratdı
Rusiya Federasiya Şurasının prezident Vladimir Putinin müraciəti əsasında Ukraynaya hərbi müdaxilə haqda qərarından sonar isə bu ölkənin valyuta bazarında rublun dollar və avro qarşısında kursu dramatik şəkildə aşağı düşüb.
"newsru.com" xəbər portalının verdiyi məlumata görə, dünən səhər Moskva birjasında 1 dollar 37 rubl, 1 avro isə 50,7 rubla yüksəlib. Martın 2-də bəzi banklar dolları 40 rubla satıblar. Martın 1-də dolları 36,9 rubla, avronu 50,7 rubla satan "Sberbank" bir gün sonra dolları 38,5 rubldan, avronu isə 53,5 rubldan satmağa başlayıb.
Valyuta bazarında sabitlik yaratmaq üçün Rusiya Federasiyası Mərkəzi Bankı xarici valyutaya olan tələbatı azaltmaq məqsədilə bazara külli miqdarda valyuta çıxarıb. İqtisadi təhlilçilər ilk saatlarda satışa çıxarılan xarici valyutanın həcminin bütün tarix boyu ən yüksək həddə olduğunu açıqlayıblar. Bunun nəticəsində lokal sabitlik yaratmaq mümkün olub. Mərkəzi Bankın həyata keçirdiyi valyuta intervensiyasının konkret həcmi açıqlanmayıb.
Martın 3-də yarım saat ərzində Rusiya fond birjasında MMVB indeksi 7%, RTS indeksi 8%, bir sıra iri şirkətlərin səhmlərinin qiyməti təxminən 10%, konkret olaraq "Qazprom"un səhmlərinin dəyəri 11% aşağı düşüb.
Rusiya iqtisadçıları vəziyyətin bu cür davam edəcəyi və Krımda müharibə başlayacağı təqdirdə Rusiya maliyyə bazarında çöküş ("obval") riskini proqnozlaşdırırlar. Müstəqil investor Mixail Zak bildirib ki, baş verənlərə bazarların reaksiyası kifayət qədər güclü olacaq. Belə ki, Ukrayna böhranı artıq xarici siyasət müstəvisinə də keçib: "Beynəlxalq sərmayəçilərin istər Qərb, istərsə də Rusiya maliyyə bazarlarında Rusiya aktivlərinin məcburi satışlarına başlaması üçün əsas yaranacaq".
"Thrid Rome" (Tretiy Rim) beynəlxalq şirkətlər qrupunun idarəedici tərəfdaşı Andrey Movçan qeyd edib ki, bu gün sülh şəraitində yaşayan bir ölkə sabah mühasirəyə başlayırsa, kəskin neqativ reaksiya qaçılmazdır: "İnvestorlar praqmatikdir və anlayırlar ki, istənilən müharibə əlavə xərc və inflyasiya deməkdir".
İqtisadçı Sergey Aleksaşenko deyib ki, müharibə təhlükəsinin qısamüddətli effekti valyuta bazarında rublun çöküşü, MMVB və RTC indekslərinin aşağı düşməsi olacaq. Uzunmüddətli perspektivdə isə Rusiya ilə əlaqəli siyasi risklər kəskin şəkildə artacaq və ölkənin xarici sərmayəçilər üçün cəlbediciliyi ciddi şəkildə azalacaq: "Aydındır ki, Rusiya kapitalı ölkədən qaçmağa, Rusiyadakı xarici kapital isə böyük həcmdə geri dönməyə başlayacaq, rubl yaxın aylarda kifayət qədər sürətlə ucuzlaşmağa davam edəcək".
Rusiya şirkətlərinə
çöküş siqnalı
Rusiya Sənayeçilər və İş Adamları İttifaqının vitse-prezidenti İqor Yurgens bəyan edib ki, Rusiyanın dollar və avro ilə borclanan neft, qaz və metallurgiya şirkətləri artıq böhranı hiss edirlər: "Hazırda bütün iri Rusiya şirkətləri risk altındadır. Bu münaqişənin sülh yolu ilə həllini tapmasaq, bizim Krıma real hərbi müdaxiləmizə görə tətbiq olunacaq iqtisadi sanksiyalar ağır olacaq".
Artıq Rusiyadakı ticarət şəbəkələri təchizatçılardan qida məhsullarının topdansatış qiymətlərinin yüksəldiyi haqda xəbərdarlıq almağa başlayıblar. Yay aylarında şəkər və kartofun qiymətinin 10%-dən çox yüksəlməsi proqnozlaşdırılır.
Ağ Ev Rusiyanı
sanksiyalarla
"boğmağa" hazırlaşır
ABŞ prezidenti Barak Obamanın administrasiyasında isə Rusiyaya "iqtisadi hücum" planlaşdırılır. "The Daily Beast" analitik-informasiya saytı Amerika administrasiyasındakı adının çəkilməsini istəməyən mənbəyə istinadən xəbər verir ki, Rusiyanın yüksək vəzifəli siyasi və hərbi liderləri, iş adamları və Ukraynadakı rusdilli separatçılar sanksiyaya məruz qala bilər.
Hazırda Ağ Evin, ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin ekspertləri Rusiyaya qarşı sanksiyaların hazırlanması ilə məşğuldur. "Biz Rusiya Federasiyası ilə bütün iqtisadi və ticarət əməkdaşlığımızı yenidən nəzərdən keçirməyə başlayırıq", - deyə mənbə bildirib.
Onun fikrincə, Vladimir Putin XIX-XX əsrlərin ruhuna uyğun qərarlar qəbul edir və ona izah etmək lazımdır ki, o, XXI əsrdə - iqtisadi planda bir-birindən asılı olan dünyada yaşayır. Bu həftə ABŞ Konqresi də prezident Obamaya Rusiyaya qarşı sanksiyaların tətbiqini təklif edəcək. Artıq senator Con Makkeyn "Maqnitsk Aktı"nın genişləndirilməsini təklif edib. Administrasiya sanksiyaların effektini yüksəltmək üçün atılacaq addımları Avropa Birliyi ilə razılaşdırmaq istəyir. 2008-ci ildə Gürcüstandakı böhrana ABŞ-ın reaksiyasını xatırladan amerikalı mənbə "Ukraynada biz yəqin ki, Gürcüstan məsələsində olduğundan daha irəli gedəcəyik", - deyə mənbə söyləyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49