Füzuli Ələkbərovun başı üzərindəki təhlükə yenidən qayıtdı
11:07 05-03-2014
CƏMİYYƏT
Füzuli Ələkbərovun başı üzərindəki təhlükə yenidən qayıtdı
Səlim Müslümov keçmiş nazirin kadrlarının fəaliyyətini yoxlatdırır
Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar qanunsuzluqlara yol verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam rayon ƏSMM-nin vəzifəli şəxslərinin 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149.0 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
“Bəzi saytlar Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işinin başlanılması barədə xəbəri Səlim Müslümovun kadrlarının həbs olunması kimi təqdim edib”. Bunu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev facebook səhifəsində bildirib.
Nazirlik rəsmisi Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən rüşvət olayı ilə bağlı mətbuatda yer alan xəbərlərə görə jurnalistlərdən şikayətlənib. O həmçinin bildirib ki, hazırda bəzi rayonlarda yoxlamalar aparılır. “Yanılırsız, baş verən qanunsuzluqlar barədə məlumatları elə nazirlik özü hüquq-mühafizə orqanlarına təqdim edib və bir neçə rayonda da araşdırma gedir və nəticələrindən asılı olaraq qərar veriləcək. Bundan sonra da bu sahədə şəffaflığın təmini üçün mübarizə davam edəcək. Sadəcə görünür bəzi jurnalistlər mətbuatı izləməyi unudub”.
Nazirlik rəsmisinin dediklərindən belə başa düşmək olar ki, Ağdam rayon ƏSMM-də baş verənlər nə ilk, nə də son deyil; bir çox digər rayonların da Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzlərində oxşar proseslər yaşana bilər. Bunu faktiki olaraq, sabiq nazir Füzuli Ələkbərovun kadrlarının vurulması və cəzalandırılması prosesinin işə düşməsi hesab etmək olar. Hansı ki, mətbuatda və ictimai rəydə belə bir gözlənti hələ Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna gətirildiyi ilk günlərdən vardı.
Maraqlıdır ki, keçmiş nazirin kadrlarının fəaliyyətinin yoxlamalara başladılması ilə eyni vaxtda Füzuli Ələkbərov Milli Məclisdə də ittiham hədəfinə çevrilib. Belə ki, parlamentin dünən keçirilən iclasında deputat Zahid Oruc eks naziri tənqid edib.
O, sabiq nazir Füzuli Ələkbərovu cəfəngiyyatçı adlandırıb: “Azərbaycanda hansısa məmur, icra qurumu, hansısa yerli şəxs kiminsə ünvanlı yardımını yeyirsə buna haqq verək? Nə var ki, Amerikada da bu problem var. Yox. Mən vaxtilə parlamentdə Füzuli Ələkbərovun istefasını tələb edəndə daha bu qədər konverkturaya dözmək olmaz demişdim. 6 ay sənin 6 ay mənim prinsipi ilə işləmək olmaz. İndi Səlim Müslümovun işi sübut edir ki, Füzuli Ələkbərov cəfəngiyyatla məşğul olub”.
Qeyd edək ki, hələ ötən ilin dekabrında yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun 14 tibbi-sosial ekspert komissiyasının (TSEK) sədrini işdən çıxarmasından sonra eks nazir Füzuli Ələkbərov barəsində hüquqi məsuliyyət yaranması müzakirə olunurdu. Bəzi ekspertlər və KİV-lər artıq onun həbsinə hazırlıq mərhələsinin getdiyini deyir və yazırdılar. Daha sonra sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinə məxsus “Turan Air” aviaşirkətinin rəsmən müflis olması, çökməsi belə ehtimalları daha da artırdı.
Son bir ayda Ələkbərovla bağlı bu məsələ gündəmdən çıxmışdı və bir çoxları artıq sabiq nazirin başı üzərindəki «qara buludların” tamamilə dağıldığı qənaətinə gəlmişdilər. Amma son yaşananlar göstərir ki, əslində bu qənaət heç də doğru deyilmiş. Yəni eks-nazirlə bağlı təhlükə gündəmdə qalır, onun barəsində hüquqi məsuliyyət yaranması ehtimalı xeyli realdır.
Hər şeyin necə başa çatacağını isə proseslərin bundan sonrakı gedişatı göstərəcək. Odur ki, yaşayıb görərik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49