Oqtay Əsədov deputatları qınadı
11:08 05-03-2014
CƏMİYYƏT
Oqtay Əsədov deputatları qınadı
Ombusman Milli Məclisdə hesabat verdi
“İnsan hüquqları ilə bağlı olaraq mütamadi olaraq bizə qarşı ədalətsiz mövqe nümayiş olunur. Bu vasitədən istifadə edərək Azərbaycana hər hansı təhdidlər olunur”. Bu sözləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov ABŞ Departamentinin ölkəmizlə bağlı hesabatında əks olunmuş tənqidlərinə etiraz çıxışında deyib. “2013-cu il prezident seçkilərini əsaslandırmaq istəyirlər. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosuna əsaslanır. Hansı ki, ABŞ seçkilərində öz ərazisinə bu orqanı buraxmadı. Rusiyaya 70 nəfər müşahidəçi göndərməyə çalışırdılar. Amm Rusiya 8 nəfərin gəlməsinə icazə verdi. Sonra isə ümumiyyətlə seçkilərə buraxılmadılar. Bu faktlar olduğu halda nəyə əsaslanaraq Azərbaycanda keçirilən seçkilərə münasibət bildirirlər? Azərbaycan müəllimi, həkimi və zəhmətkeşi haqqında hesabatda bir kəlmə də olsun yazılımır. Xüsus ilə Xocalı soyqırımı ilə əlaqədar nə qədər insanın hüquqları pozulub”-deyə S.Novruzov vurğulayıb. Deputat vurğulayıb ki, vətəndaşların şikayətinin qəbul olunmasında, cinayət hallarının araşdırılmasında və digar hallarla bağlı Ombudsman aparatı uğurlu fəaliyyət göstərir. “Mövcud problemlərin Azərbaycan konstisusiyası çərçivəsində həllinə nail olub”.
“Mən Səid Nursidən
sitat gətirməmişəm”
Qənirə Paşayeva bölgələrdən xeyli şikayət daxil olduğunu nəzərə çatdırıb. “İnanırıq ki, yaxşılığa doğru dönüş yaranacaq. Çünki dövlət aztəminatlı ailələrə yardım verir. Bu yardımın onlara incidilmədən çatması vacibdir”.
Bundan sonra deputat hepatit C-yə yoluxma hallarının artmasından narahatlığını dilə gətirib. “Hepatit C ilə bağlı dövlət proqramına ehtiyac var. Bundan başqa, psixiatriya xəstəxanalarında çox ciddi dəyişikliklərə ehtiyac duyulur. Bu istiqamətdə ciddi problemlər var. Məktəbəqədər müəssisələrin Təhsil Nazirliyinin balansına keçməsi çox vacib məsələdir”.
Q. Paşayeva Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərdiyini nəzərə çatdırıb. “Müraciətdə vurğulamışam ki, mən heç nədən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Mən kiminsə xoşuna gəlmirəmsə, mətbuat və media orqanlarını arxasına alıb hansısa kampaniya aparmasını araşdırmalarını istəyirəm. Çünki elə kompaniyalar var ki, bu gün mənə sabah başqalarına qarşı olacaq. Hər tədbirində Heydər Əliyevdən sitatlar gətirən, Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də olsun Səid Nursidən sitat gətirməyən insana, millət vəkilinə qara yaxanlar hesabat verməlidirlər”.
“Polis təcridxanalarında qadın əməkdaşlar
da olmalıdır”
Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu günkü iclasında çıxışı zamanı polis İdarələrinin təcridxanalarında qadın əməkdaşlarına ehtiyac olduğunu bildirib. Bununla bağlı qanunun qəbul edilməsini təklif edib. “Bəzi saxlanma yerlərində qadınlara ehtiyac olur. Bura qadın əməkdaşlar cəlb edilsə həm bu sistemdə gender bərabərliyi gözləniləcək, eyni zamanda bir sıra problemlər aradan qaldırılacaq”-deyə B.Muradova bildirib. Deputat bildirib ki, plenar iclasda müzakirə olunan bir çox qanunların qəbuluna ciddi ehtiyac var.
“Xəstə gənclərin, uşaqların müvafiq təbəqədən və kateqoriyadan olan insanların müalicəsi üçün cəmiyyətin imkanlarını səfərbər etmək üçün təkliflər verənlər xüsusi fondların yaradılmasını istəyirlər. Hesab edirəm ki, həmin fondların yaradılması üçün bu qanunu qəbul edə bilərik. Mən də bu təklifə qoşiluram. Hesab edirəm ki, yaxın zamanlarda bu məsələni müzakirə edə və gəldiyimiz nəticələri Milli Məclisdə qanun şəkildə qəbul edə bilərik”.
“Ordan Azərbaycanın yox, Ermənistan
bayrağını assaydın,
yaxşı olardı”
Milli Məclisin plenar iclasında “İnzibati Xətalar Məcəlləyə dəyişikliklərin dilinə etirazlar səslənib. Millət vəkili Sahib Aliyev qanundakı dil məsələsinə toxunub. “Təklif edirəm ki, qanun layihəsində “kor piyadalar” sözü görmə qabiliyyətini itirmiş sözü ilə əvəz olunsun”.
Deputat başqa məsələlərə də toxunub: “Sürücülər əllərinə nə gəldi avtomobilin şüşəsindən aşağı atırlar. “Eurovision” Mahnı Müsabiqəsi zamanı taksi sürücüsü avtomobilin arxa şüşəsinə Azərbaycanın bayrağını asır, amma bir neçə metr gedəndən sonra şüşəni açıb zibili çölə tullayır. Yaxınlaşıb bildirdim ki, sən oradan Azərbaycan bayrağını yox, Ermənistan bayrağını assaydın yaxşı olardı”.
Millət vəkili Aqil Abbas da qanun layihəsindəki “tormoz” sözünün Azərbaycan sözü ilə əvəz olunmasını təklif edib.
Oqtay Əsədov
Azərbaycanın Ukrayna
və Rusiya ilə bağlı
mövqeyini açıqladı
Milli Məclisin iclasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Ukraynaya və Rusiyaya Parlament quruplarının ezam olunmasını təklif edib. Ukraynanın Azərbaycana qarşı müttəfiqlik mövqeyini diqqətə gətirən millət vəkili Krımda baş verənləri işğal adlandırıb. O, Azərbaycanın da Rusiyanın süni şəkildə yaratdığı münaqişələrə cəlb olunan bir dövlət olaraq bu prosesdən kənarda qalmamsı və öz barışdırıcı mövqeyini ortaya qoymasını təklif edib. Fərəc Quliyevin təklifi ondan ibarət olub ki, Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun üzvləri ilə Azərbaycan-Rusiya Parlamentlərarası dostluq qrupunun üzvlərinin birgə iclası keçirilsin və eyni qurupun üzvləri anoloji olaraq bu ölkələrə Milli Məclis tərəfindən ezam olunsun. Partiya sədrinin fikrincə, bu gün Azərbaycanın seyrici mövqedə qalması, gələcəkdə Qarabağ məsələsinin müzakirəsi zamanı beynəlxalq instansiyalar və Ukrayna tərəfindən soyuq münasibətlə qarşılaşmasına səbəb ola bilər.
İkinci çıxışında isə Fərəc Quliyev sosial təkliflərlə çıxış edib. O, insan haqları ilə bağlı Ombusmanın Parlamentə təklifinin müzakirəsi zamanı bildirib ki, insan haqlarının önündə yaşam haqqı nəzərdə tutulmalıdır və bununla bağlı da 3 təklif səsləndirib. Millət vəkili bildirib ki, bu gün ölkəmizdə istehlak səbətinin qiyməti ilə maaşların, təqaüdlərin, minimum əmək haqlarının, ehtiyac meyarının səviyyələri eyni deyil, bunun bərabərləşdirilməsi təklif edilməlidir.
MDHP sədrinin növbəti təklifi ondan ibarət olub ki, zabitlərin evlərində müvəqqəti məskunlaşmış qaçqınların köçürülməsi işi sürətləndirilsin. Çünki, bu problemlə bağlı müraciət edən zabitlərin sayı çoxdur və onların mənzil problemləri həll edilməlidir.
Millət vəkili küçələrdən dilənçilərin yığışdırılması ilə də bağlı təklif verib və bununla bağlı mümkün variantlar da təqdim edib.
Oqtay Əsədov parlamentdə Ukraynaya yardım edilməsi ilə bağlı məsələ qaldıran deputatlara irad bildirib:“Hər iki ölkə qardaş ölkədir. Öz aralarında olan problemdir. Azərbaycanın mövqeyi budur ki, hər bir ölkənin müstəqilliyi qorunsun. Ukraynada 300 minə yaxın, Rusiyada 2 milyona yaxın azərbaycanlı, yaşayır”. Oqtay Əsədov deputat Etibar Hüseynova xüsusi irad tutub: “Tormozunuz olsun. Bele məslələri təkrar-təkrar danışmayın. Səviyyəli söhbətlər edin”.
Oqtay Əsədov millət vəkillərinə xəbərdarlıq edib. Spiker deputatları gündəliyə münasibət bildirməyə səsləyib. Daha sonra o, əlavə müzakirələrə ehtiyac olub-olmadığını soruşub və deyib ki, qəzet səhifələrində gedən məsələləri Milli Məclisdə müzakirə obyektinə çevirməsinlər.
O, deyib ki, son vaxtlar Milli Məclisin iclası polemikaların, dedi-qoduların meydanına çevrilib: “Buna son qoyun və qaydalara əməl edin. Bura mübahisə, intriqa və polemika meydanı deyil”.
Qeysər əməliyyatına etiraz, polis və bələdiyyə şikayətlərinin sayı
Milli Məclisdə Ombudsman Elmira Süleymanova hesabat verib. Məruzədə o bildirib ki, İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapıb. Pozulmuş hüquqlar bərpa olunub.
“Ötən il 13 670
müraciət daxil olub”
“Ombudsmanın fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 101, 540, 2013-cü ildə isə 13,670 müraciət daxil olub. Ötən il aparatda o cümlədən regional mərkəzlərdə ümumilikdə 2969 şəxs, o cümlədən, 525 şəxs təkrar olaraq qəbul edilib. Qeyd edilən müraciətlərin 75,8 %-i, şikayətlərdən 24,2%-i isə ərizələrdən ibarət olub. Konstitusiya qanunun tələblərinə müvafiq olaraq şikayətlərin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatların faktlar və sübutlar olmaması səbəbindən onların 52,4%-nin baxılmasından imtina edilib.
“Siyahını
müəyyən etmişik”
Respublikada fəaliyyət göstərən 244 azadlıqdan məhrum edilmə və məhdudlaşdırma yerinin, o cümlədən pentinsiar müəssisələrin, müvəqqəti saxlanılma təcridxanalarının, habelə sosial obyektlərin, ahıllar və əlillər üçün internat evlərinin və pansionatların, psixatiriya xəstəxanalarının siyahısı müəyyən olunub. Bura Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin rayon icra hakimiyyətlərinin müvafiq müəssisələri daxildir.
“Qeysəriyyə
əməliyyatına qarşı ciddi tədbir görülməlidir”
İnsan sağlamlığının təmin olunması, onların yaşadığı ərazilərin müayinə və müalicə olunması üçün rayon və kəndlərə tibbi kadrların cəlb edilməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən həvəsləndirici tədbirlərin tibb işçiləri, xüsusi ilə gənc kadrlar arasında geniş təbliğinə ehtiyac var. Əksər hallarda həyati göstəriş olmadan hamilə qadınlarda qeysəriyyə əməliyyatı aparılması nəticəsdində baş verən uşaq və ana ölümlərini, onların əlil olmasını, körpələrin qüsurla doğulmasını nəzərə alaraq bu əməliyyatın qarşısı alınması üzrə ciddi tədbirlər görülməsi təklif olunur.
“Ötən il polis orqanları ilə əlaqədar 1840
müraciət daxil olub”
Rəsmi məlumata əsasən 52 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırlır və 25 fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Ötən il məhkəmə qərarlarının icra edilməsi ilə bağlı müvəkkilin ünvanına 697 müraciət daxil olub. Müraciətlərdə məhkəmə qərarlarının icra edilməməsi, süründürməçiliyə yol verilməsi, icra məmuru tərəfindən vətəndaşlarla münasibətdə etik davranış, kobud davranış qaydalarının pozulması kimi hallar öz əksini tapıb. Eyni zamanda ötən il polis orqanları ilə əlaqədar 1840 müraciət daxil olub. Həmin müraciətlər əsasən polis idarələri və şöbələrinin təhqiqat və istintaq bölmələrində ibtidai araşdırmaların qeyri -obyektiv aparılması, müraciət hüququnun pozulması, polis əməkdaşlarının vətəndaşlarla münasibətdə kobud rəftara yol verməsi ilə bağlı olub.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19