Milli-dini tolerantlığa lokal münaqişələrin təsiri
11:12 05-03-2014
SİYASƏT
Milli-dini tolerantlığa lokal münaqişələrin təsiri
Azərbaycan artıq beyin mərkəzlərinin beşiyinə çevrilib
Qloballaşmanın dönməz bir proses olduğu son zamanlar Ukrayna olaylarında bir daha isbatlandı. Avropaya inteqrasiyaya meylli Ukrayna həm də ciddi çətinliklərlə üz-üzə qaldı. Bunun isə bir sıra ciddi səbəbləri olsa da, biz mövzumuza uyğun olaraq bəzi məqamlara toxunacağıq.
İlk növbədə aydın oldu ki, hansı səmtə üz tutmağından, hansı cərəyanı qəbul etməyindən aslı olmayaraq ölkə daxilində milli və dini tolerantlıq təmin edilməlidir. Bunun müsbət tərəfi isə Krım tatarlarının slavyan ukraynalıları müdafiə etməsi formasında gördük. Fərqli millətə və dinə məxsus olan bu iki toplum bir araya gələ bildi. Düzdür, hazırda Ukraynada baş verənlərin arxasında kənar güclər də durur və bu səbəbdən lokal münaqişənin yaranmasının bir addımlığındadır və bu olay daha çox Dağlıq Qarabağ problemini xatırladacaq problemə çevrilir.
Uzun illər müxtəlif xalqların, o cümlədən ermənilərin də hüquqları və maraqları qorunan Azərbaycanda gözlənilmədən erməni bumu ortaya çıxdı və aydın oldu ki, bu, əslində, millətlərarası münasibətlərdən yaranan bir fəsad yox, Rusiyanın possovet məkanında lokal münaqişə yaradaraq milli və dini tolerantlığı sarsıtma siyasəti ilə bağlıdır.
Gəlin, müəyyən detallara baxaq. İlk növbədə ABŞ variantı kifayət qədər maraqlı olar. Belə ki, ABŞ dövlət kimi formalaşmağa başlayanda kifayət qədər ciddi problemlər ortaya çıxdı. Bir tərəfdən qaradərililərlə ağdərililərin toqquşması, digər yöndən irlandlarla almanların, bu biri tərəfdən italyanlarla inglislərin üz-üzə gəldiyi, başqa bir tərəfdən katoliklərlə protestantların toqquşması, xristianlarla müsəlmanların bir-birini həzm etməməsi Amerikada sözün həqiqi mənasında xaos yaratmışdı. Həmin vaxt müxtəlif çıxış yolları arandı. Hətta ABŞ-da daha çox hansı millətin yaşaması nəzərə alınaraq dövlət dilinin həmin millətin dilində olması və onlara müyyən üstünlüklərin verilməsi təklif edildi. Bunu da xatırladaq ki, həmin vaxt ABŞ-da dövlət dili olma şansı almanlarda idi. Amma sonra daha maraqlı məntiq ortaya qoyuldu və bütün millətləri bir araya gətirəcək “amerikalı” məfhumu ortaya çıxdı. Milli və dini tolerantlığın, millətlərarası münasibətlərin inkişafına yönəlik bu sistem özünü doğrultdu. Qısa zaman ərzində ABŞ-da mövcud olan lokal münaqişələr sıradan çıxdı və tolerantlıq ən yüksək səviyyədə tətbiq edildi.
Məhz buna görə əksər ekspertlər hesab edirlər ki, milli-dini tolerantlığın qorunması üçün lokal münaqişələrdən qaçmaq lazımdır. Bu təcrübəni zamanında Azərbaycan da yaşadı. Belə ki, 1992-ci ildə AXC hakimiyyəti zamanı millətçilik prinsipləri daha çox qabardılmağa başlandı və dövlət dili türk dili adlandırıldı. Demək olar ki, bu prinsip idarəetməyə də şamil edildi. Nəticədə nə baş verdi? Azərbaycanda yaşayan etnoslar incik duruma salındılar, cənubda Talış-Muğan Respublikası avantürası yarandı, şimalda Ləzgistan eyforiyası gücləndi və Azərbaycan artıq federasiyalaşmanın bir addımlığında dayanmışdı. Çünki nəzarətdən çıxacaq lokal münaqişələrə artıq start verilmişdi və bu da özlüyündə milli-dini tolerantlığın sıradan çıxması demək idi. Çünki lokal konfliktlər daha sonra həm də sosial konfliktlərlə əvəzlənir.
Bunu da qeyd edək ki, sosial konfliktlər milli-dini tolerantlığa birbaşa təsir edən faktordur və 1992-ci ildə məhz bu problem tamlıqla ortaya çıxmaq üzrə idi. Sosial konfliktlər cəmiyyətdaxili ictimai münasibətlər sisteminə aid edilən fenomendir. Sosial konflikt mənafe naminə qarşı tərəflərin, insanların, sosial qrupların və ya ictimai qüvvələrin fikir müstəvisindəki ziddiyyəti, “soyuq” qarşıdurması və fiziki mənada toq-quşması deməkdir. Lakin sosial konfliktə verilən bu tərif, yəqin ki, onun mahiyyətinin bir tərəfini işıqlandıra bilər. Bunu nəzərə aldıqda tərif belə bir şəkil alır: Sosial konflikt mənafe naminə qarşı tərəflərin, insanların, sosial qrupların və ya ictimai qüvvələrin sosial bərabərsizlik zəminində əmələ gələn narazılıqlarının fikir müstəvisindəki ziddiyyətə, “soyuq” qarşıdurma və fiziki mənada toqquşmaya transformasiyası deməkdir.
Bəli, sosial konfliktlərin yaranması artıq lokal münaqişələrin, siyasi konfliktlərin ən pik həddə çatması ilə tamamlanar ki, bunun da qarşısını almaq, sadəcə, mümkünsüz olardı. Amma həmin illərdə Azərbaycanı bu bəladan ümumilli lider Heydər Əliyev ciddi praktik və elmi yanaşma ilə xilas etdi. İlk gündən Heydər Əliyevin səsləndirdiyi düşüncə sosial və siyasi konfliktlərin qarşısını almağa yönəldi. Bunun üçün isə ən doğru yol Azərbaycanda yaşayan insanları bir araya gətirəcək prinsiplərin olması idi. Heydər Əliyev isə bunu asanlıqla bəyan etdi və bu anındaca qəbul olundu. Məhz bu prinsip azərbaycançılıq idi. Heydər Əliyev bunun üçün ilk növbədə Azərbaycanda yaşayan milli azlıqların təmsilçilərini bir araya gətirə bildi, bunun məntiqi davamı olaraq ölkədə qarşılıqlı anlaşma, dözümlülük, tolerantlıq hissləri qabardılmağa başlandı. Və bunun üçün etnikçilik, millətçilik kimi zərərli fikirlər gündəmdən çıxarıldı və həmin zaman Azərbaycanın ərazi bütövlüyünə xidmət edəcək, qarşılıqlı inam yaradacaq azərbaycançılıq prinsipi cəmiyyətə təqdim edildi.
Sözüs ki, uzun müddət sarsıntı və gərginlik altında olan toplum bu prinsipə inamla yanaşdı və sonrakı gedişlər də sübut etdi ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini qorumaq üçün ən doğru addımı seçib. Çünki prezident ilk növbədə sosial konfliktlərin, daha sonra isə lokal münaqişələrin sıradan çıxarılmasına nail olmuşdu. Və bu məqamda Heydər Əliyevin dediyi bir sözü yada salmaq vacibdir:
“Bütün dünyaya məlumdur ki, Azərbaycan zəngin təbii sərvətlərə, yüksək elmə, mədəniyyətə, təhsilə, tərəqqiyə malik olan bir ölkədir. Ona görə də bizim öz vətənimizlə, doğma Azərbaycanla fəxr etməyə haqqımız vardır. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var".
Beləliklə, gördüyümüz kimi, Heydər Əliyev birinci mərhələdə doğru ideoloji bir xətt ortaya qoydu. Bunun məntiqi davamı olaraq azərbaycançılığın əsaslı olması, milli azlıqlarla sıx təmas və qıcıq yaratmayacaq addımların atılmasına start verildi.
Əslində, Heydər Əliyev bu addımları ilə ölkədəki xalqlarla, milli azlıqlarla separatçıları bir-birindən ayırdı və sübut etdi ki, vahid xalq olmasaq, hər hansı bir uğurdan danışmaq olmaz. Bu baxımdan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın dövlət dili Azərbaycan dili adlandırıldı. Bununla da vahid xalq prinsipini zədələyəcək bütün detallar aradan qaldırıldı. Bundan sonra isə milli-dini tolerantlığın qorunması, millətlərarası münasibətlərin inkişafı üçün növbəti addımların atılmasına start verildi. Bunun üçün qanunvericilik sahəsində mühüm addımlar atıldı. Öncəliklə Azərbaycanın yeni konstitusiyası işlənildi və burada da milli-dini tolerantlığın bütün keyfiyyətləri nəzərə alındı. “Hakimiyyətin mənbəyi xalqdır” tezisi ilə başlanan konstitusiyada bütün vətəndaşların hüquqlarının təsbit olunması açıq şəkildə göstərildi. Ölkədə hakimiyyət və din münasibətlərinin tənzimlənməsi üçün “Dini etiqad azadlığı haqqında” qanun yenidən işlənildi. Bununla da milli və dini tolerantlığın qorunması üçün zəruri hüquqi baza da yaradıldı.
Bütün bu proseslər o zaman ciddi xarici təzyiqlərin fonunda baş verirdi. Amma əsas məsələ bu idi ki, xalq ümumilli lider Heydər Əliyevin siyasətini qəbul edir və ona inanırdı. Sözsüz ki, inam olan yerdə bütün sahələrdə uğurlar qazanmaq mümkün idi.
Bundan başqa, Heydər Əliyev həyata keçirtdiyi bu siyasətlə sübut etdi ki, lokal münaqişələr və sosial konfliktlər olan yerdə əsas məqsədə çatmaq mümkün deyil.
Bu gün isə prezident İlham Əliyev milli-dini tolerantlığın qorunması, millətlərarası münasibətlərin inkişafı üçün yeni mərhələyə start verib. Bu mərhələ artıq intellektual bir inqilab kimi dəyərləndirilə bilər və dünyanın beyin mərkəzlərinin Azərbaycana axını kimi xarakterizə olunmalıdır. Bu gün milli-dini tolerantlığın, millətlərarası münasibətlərin inkişafı üçün Azərbaycanda həyata keçirilən layihələri nəzərə alsaq, real mənzərəni görə bilərik. Bu mərhələ isə xalqlaşma prosesini pik həddə çatdırır. Bunun nəticəsidir ki, kənardan Azərbaycanda separatçılığı inkişaf etdirmək istəyən qüvvələr zərrə qədər də olsa, proseslərə təsir edə bilmir. Əksinə, Azərbaycan təcrübəsi artıq dünya ölkələri tərəfindən araşdrılmağa başlayıb. Bu isə sübut edir ki, bütövləşmə, qarşılıqlı inam nə qədər artırsa, cəmiyyət o qədər hədəfli olur və bu da inam yaradır ki, Dağlıq Qarabağ problemini də yaxın zamanlarda həll etmək mümkün olacaq. Çünki hədəf bəlli, məqsəd aydındır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35