Rəsulzadənin Stalinə məktubu
12:58 07-03-2014
SİYASƏT
Rəsulzadənin Stalinə məktubu
O, kommunizmin Qafqaz xalqlarına xoşbəxtlik gətirmədiyini onun diqqətinə çatdırıb
Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 1955-ci il martın 6-da 71 yaşında Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.Dünən isə dünyanın gəlib keçmiş ən qanlı diktatorlarından birinin - 29 il Sovet imperiyasına başçılıq etmiş İosif Vissarionoviç Stalinin anım günüydü. O, 1953-cü ildə vəfat edib.
Bildiyimiz kimi, Rəsulzadə ilə Stalin gənclik dostu olublar. Lakin sonradan bu dostluq ideoloji düşmənçiliklə əvəzlənib. 1920-ci ilin aprelində bolşevik işğalından sonra həbsə atılan Rəsulzadəni məhz Stalin azad etdirərək özü ilə Moskvaya aparır. Bu yaxşılığa və Stalinin israrlarına rəğmən, Rəsulzadə bolşeviklərlə əməkdaşlıqdan imtina edir. O, elmi ezamiyyət adı ilə getdiyi Leninqrad (indiki Sankt-Peterburq) şəhərini Fin körfəzi üzərindən tərk edərək, Finlandiyaya mühacirət edir. Daha sonra Rəsulzadə Stalinə məktub yazaraq, etdiyi yaxşılıqlara görə təşəkkür edir, eyni zamanda kommunizmin Qafqaz xalqlarına xoşbəxtlik gətirmədiyini onun diqqətinə çatdırır. Bu məktub Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” adlı məşhur kitabında da yer alıb. Həmin məktubu diqqətinizə çatdırırıq.
Möhtərəm Stalin!
Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri buraxmışdır. Onlar, təbii, haqlıdırlar. Fəhlələrdən bir çoxu müsavatçı olduqları üçün güllələnmədilərmi? Bu saatlar daxilində adı çəkilən partiyanın rəisi olmaq hesabı ilə mənim qurtuluşum bir növ möcüzə imiş. Vaqiənin tərifi, bu təbirə layiqdirsə, insaf tələb edir, qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti Sizsiniz; çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz.Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım. Bəzi məhrumiyyətlərə məruz qaldımsa da, bunlar hər kəsin, ümumiyyətlə, yükləndiyi məhrumiyyətlərdən ibarət olub, mənə aid bir xüsusiyyətə malik deyildir. Əksinə, bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün Sizə təşəkkür edirəm.Moskvadan ayrılarkən Sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizlincə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə Sizə qarşı hörmətsizlik görməyəcəyinizə ümid edirəm. Səfər üçün icazə istəmədim; işin mənfi tərəfini mülahizə etdim. Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da, Rusiyanı tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu, mənim üçün mümkün olan iş deyildi. Çünki bu, özümü rədd etmək və əbədi olaraq tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada cərəyan edən hadisələrin və hüsulə gəlməkdə olan halın dilsiz bir müşahidi qalmaq olardı.Hazırda Rusiyada hüsulə gələn hadisələr isə bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu kimi, indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır. Taleyin hökmü ilə hakimiyyəti ələ keçirmiş kommunist firqəsi ideologiyanın bütün cəbhələrində geri çəkilə-çəkilə keçmiş rus imperiyasının bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından ziyadə hakim olduğu mühitin cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və hədəfə malikdir. Bir hökumətin rəsmi ideologiyası zadəgan şovinizmindən fəhlə kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonunda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə olmasına), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə səbəb olur.Yerli fəhlə (proletariat) sinfinə istinad iddiası ilə əldə silah Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə əmələ gəlmiş olan demokratik siyasi təşəkkülləri işğal etdiyiniz zaman, ümumiyyətlə, sabiq imperiyanın çarizm siyasəti ilə ruslaşdırılmış müstəmləkə şəhərlərindəki rus fəhləsindən ibarət ən kiçik azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təşkil edən yerli əhalinin ən qanuni bir haqqını kobud bir surətdə çeynəmiş olursunuz. Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı günəş kimi aşkardır.Əski Petroqrad dövrünün siyasəti də bundan başqa bir şey deyildi. Ucqar vilayətlərin muxtariyyat şəklindəki zahiri görünüşü də ciddi bir şey ifadə etməz. Azərbaycan xanlıqlarının ilk Qafqaz “namesnikləri” (canişinləri) zamanındakı istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin “Zakkraykom” (Zaqafqaziya vilayət komitəsi) baş katibləri zamanındakı istiqlallarından heç də az deyildi. Ortadakı fərq olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi o zamankı xanlıqların dağılma prosesindən daha artıq olmasından ibarətdir.Bolşevik partiyasının mərkəziyyətçi olduğunu bildiyimdən, bu partiyanın növü özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir dəyişikliyə keçə biləcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi durumunda olduğumdan, bu dəyişmə gözlərimin önündə baş verirdi. Moskvolduğum iki il ərzində
mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündən yox edildiyini və milli anlamının milli inqilab anlamına təbdil edildiyinə soyuqqanlı baxa bilmirdim.Sizin istədiyiniz bu mübadilə baş tuta bilməz. Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mübarizə aparırlar və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda Sizin də xeyirxahınız qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacağıma inanmanızı xahiş ilə Sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənni etdiyimi ərz edirəm.
Ehtirami-tamla: Rəsulzadə Məhəmməd Əmin
Yanvar, 1923
Digər Xəbərlər
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50