Mətbuat dini tolerantlığın müdafiəsinə qalxdı
11:46 08-03-2014
CƏMİYYƏT
Mətbuat dini tolerantlığın müdafiəsinə qalxdı
Əli Həsənov:"Dövlətin gücü tək onun ordusu, büdcəsi ilə ölçülmür,
həm də vətəndaşların vahid ideya və amal ətrafında səfərbər olması, daxildən və xaricdən yönələn təhdidlərə müqavimət gücü ilə ölçülür"
Son zamanlar Azərbaycanda müəyyən dini təriqətlərin fəaliyyəti kifayət qədər güclənib və bunun da nəticəsində müəyyən fəsadlar ortaya çıxır. İstər xəvariclərin aktivləşməsi və azərbaycanlı gəncləri Suriyaya döyüşə aparmaları, istər nurçularla bağlı yaranan qalmaqallar ciddi rezonans yaratmaqdadır. Məhz bu detalları nəzərə alan prezident bu sahəyə nəzarəti gücləndirmək üçün müşavirlik postu da təsis etdi. Hazırda isə bu mövzu medianı da ciddi narahat edir və bu səbəbdən Mətbuat Şurasının təşkilatçılığı ilə "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfrans keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Konstitusiyamızda dini etiqad azadlığı əksini tapıb.
Azərbaycanda həmişə dini tolerantlığın olduğunu söyləyən Ə.Amaşov beynəlxalq səviyyədə də bunun qəbul edildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan mediası həyata keçirilən dini azadlıq və tolerantlıq siyasətini həmişə dəstəkləyib: "Azərbaycan müstəqillik qazandığı dövrlərdə müxtəlif təriqətlər ölkəyə yol tapıb. Məsələn, bir müddət əvvəl mətbuatda vəhhabiliklə bağlı materiallar yer alırdı. Bəzi məlumatlara görə, Səudiyyə Ərəbistanında yaranan vəhhabiliklə bağlı 80 milyard manat xərclənib. Son dövrlər nurçuluqla bağlı yazılar gedir. Azərbaycanda təriqətlərə qarşı mübarizə aparılmır. Dövlət qurumları, QHT-lər və media bu məsələlərə münasibət bildirmir. Çalışmalıyıq ki, milli və dövlət təhlükəsizliyimiz üçün heç bir təhlükə olmasın. Bu gün tədbirdə də əsas məqsəd son durumu müzakirə etməkdir".Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycanda vətəndaş və dini haqlar tam şəkildə təmin olunur: "Vətəndaş cəmiyyəti institutları, media və QHT-lər bu durumu pozmaq istəyən daxili və xarici qüvvələrə qarşı mövqe ortaya qoymalıdır. Son dövrlər yaşanan proseslərdə, Misir, Suriya və Ukraynada milli, dini, sosioetnik məsələlər ayrı-ayrı beynəlxalq təşkilatların gündəmindədir. Bundan istifadə edərək dövlətlərin siyasi rejimlərini devirirlər. Azərbaycan mediasının bu mövzu ilə bağlı tədbir keçirməsi alqışlanmalıdır. Dövlətin gücü tək onun ordusu, büdcəsi ilə ölçülmür, həm də vətəndaşların vahid ideya və amal ətrafında səfərbər olması, daxildən və xaricdən yönələn təhdidlərə müqavimət gücü ilə ölçülür".
Ə.Həsənov Azərbaycanın dünya siyasətini formalaşdıran dövlətlərdən fərqli olaraq, region dövləti olduğunu, daxili birlik, insanların vahid amal və ideyalar ətrafında birləşməsi yönündə siyasət yürütdüyünü vurğulayıb: "Prezident də vurğulayıb ki, uğurumuzun əsasında hər məsələ ilə bağlı dövlətin aydın təsəvvürünün, təfəkkürünün olması, bu siyasətin xalq tərəfindən dəstəklənməsi ilə bağlıdır. Azərbaycanda bu gün dini etiqad azadlığı, missionerlik fəaliyyəti və medianın bu məsələyə diqqət ayırması çox vacibdir. Hər bir Azərbaycan vətəndaşı birləşərək bu və ya digər dinə etiqad etməkdə və ya etməməklə bağlı azaddır. İnsanlar birləşirsə, iddialarla çıxış edirlər. Əsas söhbət ondan gedir ki, bir insanın hüquqları başladığı yerdə digərinin hüququ bitir. Missionerlikdən, xüsusən radikal missionerlikdən çox danışırlar. O dini icmalar, qurumlar, cəmiyyətlər Azərbaycan dövlətinin əksinə fəaliyyət göstərir ki, cəmiyyətdə başqa cür düşünənlərə qarşı nifrət aşılayır. Biz media olaraq buna qarşı mövqe ortaya qoymalıyıq. Dövlət olaraq isə onları qanuna dəvət etməliyik, əməl etmirlərsə, qanuni addımlar atmalı, tədbirlər görməliyik. Missionerliyin, radikal dini fəaliyyətin digər qanuni əməllərdən seçilməsində media ayıq-sayıq olmalıdır".
Şöbə müdiri bildirib ki, bu gün dövlət heç bir fərq qoymadan məscidlərə, sinaqoq və kilsələrə yardım edir, onların tikintisinə kömək edir: "Halbuki dövlət heç kimə dini ibadət yeri tikməməli, dini icmalara vəsait ayırmamalıdır. Bəs belə olan halda Azərbaycanın içinə girən missionerlər, bu tolerantlığı pozmaq istəyən kimlərdir? Onlar şəbəkələşməyə çalışaraq dövlətin siyasətini öz maraqlarına uyğunlaşdırmaq istəyirlər. Qanuni və qeyri-qanuni əməllər var. Ona görə də dini missionerlərin, ayrı-ayrı qrupların maraqlarını zorla başqa qruplara qəbul etdirməyin qarşısı dövlət tərəfindən alınıb və alınacaq. Azərbaycanda bu sahədə vəziyyət dözülməz, çətin deyil, dövlət dini icmaların fəaliyyətinə müdaxilə etmədən nəzarət edir. O vaxta qədər müdaxilə etmir ki, dövlətə qarşı təhlükəyə çevrilmir. Bu icmalar digər icmaların, vətəndaşların hüquqlarını pozmaq istəyirlərsə, qarşılarında dövləti görəcəklər. Dövlət bu təhlükələrdən sığortalanmayıb, ancaq bu təhlükələrin qarşısını almağa qadirdir. Medianın bu məsələdə rolu bir dövlətə bərabərdir. Media və vətəndaş cəmiyyəti institutları bu insanlarla, icmalarla ünsiyyətdədir, təhlükəli olanları da görür. Media institutu, jurnalist təşkilatlarının bu məsələdə daim bizə dəstək verəcəyinə əmindir. Həm qanunverici, həm icra, həm məhkəmə hakimiyyəti indiki tolerantlıq mühitini davam etdirməyə qərarlıdır. Ancaq o cərəyanların nümayəndələrini bilməlidir ki, dövlət siyasətini öz maraqlarına uyğunlaşdırmaq cəhdləri nəticə verməyəcək".
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, müxtəlif insanlar aldadılmaq yolu ilə Suriyaya aparılıb: "Hətta bəziləri onları şəhid kimi təqdim edirdilər. Ancaq hörmətli şeyximiz də bu məsələyə aydınlıq gətirdi ki, şəhid öz torpaqları ilə döyüşdə həyatını itirənlərdir. Xaricə getmək, ayrı-ayrı terror qruplaşmaları ilə bağlı qanunlara da dəyişiklik edilib. Çünki o insanlar geri qayıdıb dövlət üçün təhlükələr yaradırlar". Bunu da qeyd edək ki, həqiqətəndə bir il ərzində dünyanın müxtəlif bölgələrində baş verən prosesləri təhlil edərkən görürük ki, indi hansısa dövləti çökdürmək üçün milli və dini məqamlardan istifadə olunur. Məsələn, götürək Ukraynanı. Avropa Ukraynadakı millətçi kəsimi, Rusiya isə rusmeyilli qüvvələri nəzarətlərinə almaqla faktiki Ukraynanı ikiyə parçalayıblar. Və yaxud hazırda Türkiyədə baş verən olaylara baxaq. Demək olar ki, bir anın içində Türkiyə hakimiyyəti az qala dizi üstə çökdürüldü. Aydın oldu ki, dövlət içində kölgə hakimiyyəti var və bu dini prinsiplərə söykənərək Türkiyə kənarındakı güclərlə sıx bağlıdır. Bu gün faktiki olaraq Ərdoğan hakimiyyəti ayaq üstə çətinliklə durur. Hətta elə məqamlar yaranır ki, hakimiyyət hansısa addımı atmaqda çətinlik çəkir. Ekspertlər Türkiyədə baş verən prosesləri Azərbaycanda 1995-ci ildə baş verən bir olayla əlaqələndirirlər. Belə ki, həmin zaman gözlənilmədən İslam Partiyası kimi dini bir təşkilat gündəmə gəldi və faktiki hakimiyyətə şərtlərini diqtə etdirməyə çalışdı. Aparılan araşdırmalar isə göstərdi ki, dini prinsiplərə söykənən bu partiya Azərbaycandan yox, İranın müəyyən xüsusi xidmət orqanları tərəfindən idarə olunurmuş. Məhz Heydər Əliyevin qətiyyətli addımları nəticəsində Azərbaycanda dini dövlət yaratmağa qalxan İslam Partiyasının əsl üzü ortaya çıxarıldı və hakimiyyət bu yaranı bir dəfəlik kəsərək ata bildi. Bu gün isə müəyyən qüvvələr şəraitdən istifadə edərək Azərbaycanda milli-dini tolerantlığa zərbə vuraraq yenidən gərginlik ocaqları yaratmağa çalışırlar. Bu baxımdan hazırda ən həssas nöqtə dini müstəvidədir. Çünki onları nəzarətdə saxlamaq faktiki mümkünsüzdür və onlar sosial şəbəkələrdən istifadə etməklə ətraflarını daha da böyüdürlər. Dünən qanunsuz ədəbiyyatları sərhəddən keçirərək çətinliklə ölkəyə gətirirdilərsə, indi internet vasitəsilə hətta fətvalar da verə bilirlər. Nəticədə dini savadı olmayan gəncləri ələ keçirir və məqsədləri üçün istifadə edə bilirlər. Bu baxımdan medianın və QHT-lərin aktivləşməsinə ciddi ehtiyac var. Bununla yanaşı aparılan araşdırmalar sübut edir ki, müəyyən dini təşkilatların mediada da ciddi dayaqları var və bu imkanlar hesabına da insanları ələ ala bilirlər. Hazırda onlarla internet saytları var ki, bu missiyanı həyata keçirirlər və bunların bəziləri ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərmirlər.
Bunu da qeyd edək ki, yalnız "facebook" sosial şəbəkəsində dini qruplaşmaların, bəlkə də, minlərlə səhifələri var və əksəriyyətində radikallıq, başqa təriqətlərə qarşı nifrət açıq şəkildə görünür. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Mətbuat Şurasının təşkil etdiyi bu toplantı dini tolerantlığın qorunması üçün mühüm addımdır və bu proses sistemli şəkildə davam etdirilməli, kənar güclərə xidmət edən mətbu orqanlar ifşa edilməlidir. Çünki müəyyən zamandan sonra onların qarşısını almaq həddindən artıq çətin olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55