Bakıda daha bir məşhur ticarət mərkəzi yandı
16:48 15-03-2014
CƏMİYYƏT
Bakıda daha bir məşhur ticarət mərkəzi yandı
“Sahil” Ticarət Mərkəzindən sonra “Moskva” Univermağı da odlandı
Dünən səhər saat 8 radələrində Bakıda “Moskva” ticarət mərkəzində yanğın başlayıb. Yanğın nəticəsində bir çox satıcının qızıl əşyası əriyib. Təkcə bir satıcının seyfə qoyduğu 400 üzük və digər qızıl əşyası əriyib, yararsız hala düşüb.
Qeyd edək ki, bu, bir neçə gün əvvəl “Sahil” Ticarət Mərkəzindəki yanğının ardınca Bakının məşhur ticarət mərkəzlərinin yanmasına dair ikinci faktdır.
Hadisə yerindəki şahidlər jurnalistlərə bildiriblər ki, ticarət mərkəzinin zirzəmisində qısaqapanma baş verib. Hətta növbəti yanğın təhlükəsi olub. Lakin Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti ticarət mərkəzinə gələn elektrikləri birdəfəlik ayırıb.
FHN-in rəsmi saytının yaydığı məlumata görə, "Moskva" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin 50 kv.m sahəsi yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğında xəsarət
alan olubmu?
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib ki, hadisə yerinə səhər saat 08:12-də çağırış olub və 2 təcili yardım maşını əraziyə göndərilib.
Onun sözlərinə görə, həkim briqadaları 2 saata yaxın müddət ərzində yanğın baş verən ərazidə olublar. Lakin bu müddət ərzində zərərçəkən və təcili yardım həkimlərinə müraciət edən olmayıb.
Moskva Univermağı
Tağı Əhmədovundur?
Onu da deyək ki, Moskva Univermağında baş verən yanğından sonra ticarət mərkəzinin kimə aid olması ilə bağlı suallar yaranıb. Kimi həmin ticarət mərkəzinin millət vəkillərindən birinə məxsus olduğunu, kimi isə yenicə işdən kənarlaşdırılan Tağı Əhmədova aid olduğunu deyir.
Qeyd edək ki, yanğın baş verən ticarət mərkəzi rəsmən Elmira Mədətovaya məxsusdur. O, uzun illərdir ki, ticarət mərkəzinin rəhbəridir. Moskva Univermağını xırda sahibkarlara icarəyə verib.
Amma univermağın himayəçiliyini hansısa yüksək mənsəbli məmurun həyata keçirdiyi də istisna edilmir, ola bilər ki, hətta bu, həqiqətən də Tağı Əhmədovundur.
Bakıdakı ticarət
mərkəzlərini kim yandırır?
Bir neçə gündür Bakının ticarət mərkəzlərində bir-birinin ardınca yanğın hadisəsi baş verir. Həftənin əvvəlində metro stansiyalarının girişində ticarətin qadağan edilməsi gündəmi zəbt etmişdisə, həftə sonu ticarət mərkəzlərinin yanması xəbəri manşetlərə çıxıb.
İki gün bundan əvvəl “Sahil” Ticarət Mərkəzinin yanmasının ardınca bu gün Memar Əcəmi metro stansiyası yaxınlığındakı “Moskva” Univermağında yanğın baş verib. Yanğın ticarət mərkəzinin 1-ci mərtəbəsindəki eskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakı mağazaları da əhatə edib. “Moskva” Univermağının yarısı demək olar ki, yanıb. Ticarət mərkəzlərinin bir-birinin ardınca yanması hər kəsdə sanki paytaxtın ticarət mərkəzlərinə kiminsə qənim kəsildiyi təəssüratı yaradır. Maraqlıdır, kimdir ticarət mərkəzlərini yandıran?
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yanğınların bilərəkdən və ya təsadüfən baş verməsini iddia etmək çətindir: “Bu, məhkəmə orqanlarının müəyyənləşdirə biləcəyi bir işdir. Müşahidələrimiz göstərir ki, ticarət obyektlərində baş verən yanğınların səbəbi elektrik enerjisinin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir. Burada sahibkarların da, həmin obyektlərə nəzarət edən dövlət qurumlarının da günahı var. Əksər ticarət obyektlərində elektrik sobalarından istifadə edilir. Sahibkarlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Təəssüf ki, buna əməl etmirlər. Qaydalara əməl etməyəndə isə ciddi fəsadlara gətirib çıxarır”.
İqtisadçı ekspert “Moskva” Univermağında yanan qızıllara görə ölkədə qiymət artımının olacağını mümkünsüz sayır: “Yanğınlar zamanı qızılların yararsız hala düşməsi qızıl bazarına təsir göstərməyəcək. Çünki qızılın idxal imkanları genişdir. Qızılın qiymətinin müəyyənləşdirilməsi ölkədə bu gün mövcud olan qızılın həcmi ilə deyil, dünya bazarında qızılın qiyməti, eyni zamanda Azərbaycanın qızıl gətirdiyi ölkələrdəki qiymətlə müəyyənləşir. Bu baxımdan qızılın qiymətinin artmasını iddia etmək doğru olmaz. İdxal var və idxalda hər hansı baryerlər və maneələr tətbiq edilməyib. Düzdür, dünya bazarında qızılın qiymətində müəyyən artımlar var. Bu qiymət artımı Azərbaycana da təsir edə bilər. Artıq, qızılın hər qramı 44 dollara satılır. Son 6 ayda qızılın qiyməti 5 faiz, son bir ayda isə 7 faizə yaxın artıb. Ölkədə də qızılın qiyməti artacaqsa, bu univermağın yanması ilə bağlı olmayacaq. İqtisadi baxımdan artım ola bilməz. Yanğınlarla bağlı qiymət artımı baş verəcəksə, bu süni şəkildə olacaq. Sahibkarlar onlara dəyən ziyanı qızılın qiymətini artırmaqla konpensasiya etməyə çalışacaqlarsa, dövlət qurumları bununla bağlı addımlar atmalıdırlar. İqtisadiyyat və sənaye nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Heç bir halda sahibkarlara dəyən ziyanın vətəndaşların cibindən çıxarılmasına imkan verilməməlidir. Çünki sahibkarlara dəyən ziyana görə vətəndaşlar məsuliyyət daşımırlar”.
“Unikal”a adının çəkilməsini istəməyən mənbə isə bildirib ki, bu yanğınların ard-arasının kəsilməməsi həqiqətən maraq doğurur və müəyyən müəmmalara yol açır. Belə yanğınların ayrı-ayrı qruplar arasındakı “biznes savaşı”nın, məmur çəkişmələrinin təzahürlərindən biri olmasını istisna etməyən qaynağımız misal kimi, “8-ci km” bazarı ətrafında yaşananları xatırladıb. Həmin bazar uğrunda mübarizənin orada dəfələrlə, müəmmalı yanğın hadisələri ilə müşahidə edildiyini deyən həmsöhbətimiz Bakının məşhur, aparıcı ticarət mərkəzlərində bir-birinin ardınca yaşanan oxşar hadisələrin ciddi araşdırılmasını gərəkli sayır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55