Elşad Miri: "Azərbaycanda tolerantlıq mühitinin mövcudluğu nə bu günkü, nə də dünənki nailiyyətdir, bu əsrlər boyu formalaşan mirasdır"
14:15 08-04-2014
SİYASƏT
Elşad Miri: "Azərbaycanda tolerantlıq mühitinin mövcudluğu nə bu günkü, nə də dünənki nailiyyətdir, bu əsrlər boyu formalaşan mirasdır"
Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında lider sayılır. Bu gün dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar müşahidə olunsa da, fəxr edəcək haldır ki, Azərbaycan müxtəlif dinlərə sitayiş edən insanların birgə yaşadığı, barmaqla sayılacaq qədər çox az sayda olan ölkələrdəndir. Ölkəmizdə bütün səmavi və qeyri-səmavi dinlər üçün ibadət evlərinin olması bunun bariz nümunəsidir. Müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması isə artıq Azərbaycanı bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb. Doğurdan da, bu gün istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri dini dözümlülük, müxtəlif dinə sitayiş edən insanların tolerantlıq şəraitində yaşaya bilməsi ilə birbaşa bağlıdır. Sözügedən amil həm də davamlı inkişafın möhkəm əsasını yaradan ən vacib faktorlardan biri kimi çıxış edir. Elə İlahiyyatçı Elşad Miri "Unikal"a müsahibəsində tolerantlığın Azərbaycan modeli, ölkədə tolerantlıq mühitindən danışıb.
- Elşad müəllim Azərbaycanda tolerantlığın tarixinə nəzər salanda Azərbaycanda bu ənənənin böyük tarixi olduğu açıq görünür. Bu gün necə, Azərbaycanda tolerantlıqla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
-Azərbaycanda tolerantlıq mühitinin mövcudluğu nə bu günkü, nə də dünənki nailiyyətdir. Bu əsrlər boyu formalaşan mirasdır, Azərbaycan xalqının keçdiyi tarixi yoldur. Bu gün Azərbaycan Yer kürəsindəki ən demokratik dövlətlərə belə nümunə ola biləcək bəşəri bir tolerantlıq məkanıdır. Azərbaycan həm də ənənəvi dini icmaların konstruktiv fəaliyyətindən və qarşılıqlı ünsiyyətindən yaranmış dünyəvi hakimiyyət və dövlət-din münasibətlərinin nadir modelinin yarandığı ölkədir. Müqəddəs islami dəyərlərdən bəhrələnib, qarşılıqlı hörmət, faydalı ünsiyyət və sarsılmaz əməkdaşlığa söykənən tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Çünki dövlətçilik tarixi ərzində Azərbaycanda heç vaxt antisemitizm əhvali-ruhiyyəsi olmayıb. Yaşadıqları ölkələrdə ağır təzyiqlərə və təqiblərə məruz qalan müxtəlif məzhəb və din mənsubları xalqımızın tolerantlığına, yüksək insanpərvərliyinə əmin olduqları üçün məmləkətimizə böyük inamla pənah gətirib, ölkəmizi özləri üçün ümid qalası, sığınacaq məskəni hesab ediblər. Bu gün bəzi dövlətlərin öz ölkələri daxilində tolerantlıq mühiti yaratmaq üçün yollar aradıqları bir dövrdə Azərbaycanda tolerantlığın sarsılmaz təməl sütunlarına söykənib, dərin dayaqlara istinad etdiyi, gündəlik həyati reallığa çevrilib. Səmavi din olan islam nəinki özündən əvvəlki dinlərə qadağa qoymayıb, əksinə, bütün dinlərə hörmətlə, səbir, qayğı, şərəf və izzətlə yanaşmağı, ayrı-ayrı dinlərə etiqad edən bəşər övladlarının vicdan azadlığını, öz dini ayin və mərasimlərini sərbəst icra etmək haqqının toxunulmazlığını bəyan edib. Məhz elə bu səbəbdən uzun əsrlər boyu Azərbaycanda məskunlaşmış müxtəlif xalqlar öz dini etiqadlarını bu günədək qoruyub saxlaya biliblər.
-Azərbaycanın mədəniyyətlərarası dialoqların təşkilində fəallığı cəmiyyətə və dövlətçiliyimizə hansı töhfələr verə bilər?
- Düşünürəm ki, ölkəmizdə mədəniyyətlərarası dialoqlara üstünlük verilməsi daha səmərəli nəticələr verə bilər. Bu gün müxtəlif təriqətlərə mənsub olan müsəlmanlar arasında, Qurani-Kərimdə deyildiyi kimi, "Allahın ipi" ətrafında dialoqa toplayıb ümumi anlaşmaya rəvac vermək laızmdır ki, xırda, prinsipial olmayan məslələrdə bir-birimizə güzəştə getməyi öyrənək. Mən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda forumun bəzi iştirakçıları ilə tanış olmuşdum. Və forumun gedişatında da söhbətlərimiz oldu. Belə bir forumun ölkəmizdə keçirilməsi bizim üçün çox vacib məsələ idi. Həmin forumda iştirakçılar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çıxışını çox yüksək qiymətləndirdilər. Xüsusilə də Azərbaycanın birinci xanımının "Qurani-Kərim"in yandırılmasıyla bağlı məsələyə münasibəti cəmiyyətimizdə yüksək dəyərləndirildi. Bu isə dünyada demokratiya adı altında bu cür əməllərə haqq qazandıranlara həm tolerantlıqla, həm də demokratiya ilə bağlı verilmiş cavab idi. Biz Azərbaycandan kənara çıxanda həmin yerlər haqqında necə maraqla danışırıqsa, buna da bu cür yanaşmalıyıq. Bu cəmiyyətimizdəki tolerantlıqla bağlı bir məsələ deyildi, cəmiyyətimizdən olmayanlara cəmiyyətimizin tolerantlığını göstərmək üçün vacib idi.
- Suriya vətəndaş müharibəsi artıq birbaşa olmasa da, dolayısı ilə digər ölkələrə də, elə Azərbaycana da təsirini göstərməkdədir. Valideynlər də daha çox məscidləri günahlandırırlar. Sizin bu məsələyə münasibətiniz maraqlı olardı.
- Tutaq ki, Suriyada baş verən hadisələrdən müəyyən məhdudiyyətlərlə, xüsusi nəzarətlərlə insanlarımızı uzaqlaşdırmağa nail ola bildik. Sabah başqa bir ölkədə eyni bir hadisə olsa, kim bizə əminlik verə biləcək ki, Azərbaycandan ora insanlar getməyəcək? Ona görə də bu məsələdə güclü maarifləndirmə işləri həyata keçirilməlidir. Bu gün azərbaycanlı ölkədə mövcud olan axundlardan özünə uyğun rəhbər görmürsə, onun sözü ilə oturub durmursa, Qafqaz Müsəlmanları İdarəsini bir qurum olaraq qəbul etmirsə, ya gərək həmin quruma alternativ qurum yaradılmalı, ya da qurumun özündə dəyişiklik edilməlidir, ki, bu insanları özünə çəkə, onun tələblərinə uyğun hərəkət edə bilsin. Amma bu gün həmin insanlar müxtəlif sosial şəbəkələrdən, internet resurslarından istifadə edərək istədikləri məlumatları alıb, hisslərlə yaşayıb, ona qapılaraq gedə bilirlər. Əgər məscidlərdə olanlar mollalardısa, axundlardısa, bunlar da Quran oxuyub pul qazanmaq düşünən insanlardırsa, onların heç də hamısından müsbət nəsə gözləmək mümkün deyil. Bu işlərlə bağlı düzgün analiz aparılmalıdır ki, məsələlərin kökü hara gedir. Əgər onlar informasiyanı ancaq Dini Qurumlarla üzrə Dövlət Komitəsindən və ya Qafqaz Müsəlmanları İdarəsindən alırlarsa, onların verəcəyi məlumatlar təbii ki, yetərsiz olacaq. Bu sahədə heç bir quruma tabe olmayan müstəqil şəxslərin nəticələri əsas alınmalıdır. Dövlət bu məsələdə xüsusi institutlar formalaşdırmalıdır. Bu məsələləri analiz edib bir nəticəyə gəlməlidir. İlk növbədə bu məsələlərin kökündə nə dayanması aydınlaşdırılmalıdır.
- Azərbaycanda bu gərginliyi azlatmaq üçün hansı tədbirlərin görülməsini zəruru hesab edirsiz?
- Bunun qarşısını almağın əsas yollarından biri dini maarifləndirmədir. İlahiyyatçılar dini maarifləndirmədən danışır. Ancaq dini maarifləndirmə deyərkən nəyin nəzərdə tutulduğu konkret şəkildə açıqlanmır. Mənim qeyd etmək istədiyim odur ki, bu gün orta məktəblərdən tutmuş universitetlərə qədər İslam dini ilə bağlı müəyyən qədər fakültetiv formada olsa da, tədris təşkil edilməlidir. Həm də tədris zamanı informasiya xarakterli məlumatın verilməsi deyil, bu sahə üzrə yetkin mütəxəssislər yetişdirməklə övladlarımızın yad ünsürlərdən, ziyanlı yad təsirlərdən qoruya biləcək bir şəkildə fənnin tədrisi nəzərdə tutulmalıdır. İkinci üsul isə, Türkiyənin misalında olduğu kimi, bu problemlərlə ilgili olan insanların teleməkanda, kütləvi informasiya vasitələrində İslamı bütöv şəkildə təhlil etməsi, İslam dinini digər dünyəvi dinlərlə müqayisəli şəkildə analiz edəcək verilişlərin hazırlanmasıdır. Müəyyən nəticələr əldə etmək üçün bu istiqamətdə konkret işlər görülməlidir. Yoxsa ümumi söhbətlərlə hansısa nəticələri əldə etməyimiz mümkün deyil. Vurğuladığınız problemin qarşısını almağın yeganə yolu sadəcə olaraq dini məsələləri asan və gözəl bir şəkildə insanlara çatdırmaq və təhsil qurumlarında dinlə bağlı fakültetiv fənlərin tədris edilməsidir.
-KİV-in rolundan söz düşmüşkən, ölkə telekanallarında və mətbuatda milli-mənəvi dəyərlərin işıqlandırılmasını sizcə qənaətbəxş saymaq olarmı?
- Telekanallarımızda milli-mənəvi dəyərlər adı altında "işıqlandırılan" verilişlər çoxdur. Amma bunların hansının kimin mənəviyyatını işıqlandırması, kiminkini isə qaraltması aydın məsələdir. Bu məsələdə çox boşluq var. Düzgün dini maarifləndirmə aparmaq üçün reytinqli verilişlər hazırlanmalıdır. Bunun üçün hər cür imkan var. Amma edilmir. Bunlar edilmədiyi üçün müxtəlif radikal qrupların fikirləri yayılır və insanlar da teleməkanda bu cür məsələlərə cavab tapmadıqları, alternativ görmədikləri üçün onların fikirlərinə aludə olurlar.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35