Şeyxülislamdan nurçulara ağır zərbə
11:29 16-04-2014
SİYASƏT
Şeyxülislamdan nurçulara ağır zərbə
Təmizlənmə əməliyyatı davam edir
Ötən gün Yasamal rayonunda onlarla nurçu saxlanılmışdı və onlardan qadağa olunmuş kitablar götürüldü. İndi isə bu proses bölgələrdə də davam edir. Belə ki, DİN-dən daxil olan məlumata görə, aprelin 11-də "Nurçu" dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları "Fırıncı abi" ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı 545 ədəd "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş "Risaleyi Nur" kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb. Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş "Risaleyi Nur" kitabları aşkar edilərək götürülüb. Maraqlıdır, kütləvi şəkildə nurçulara qarşı bu aksiyaların təşkili nə ilə tamamlana bilər? Ekspertlər hesab edir ki, nurçulara qarşı keçirilən bu aksiyalarla vəhhabilərə qarşı keçirilən aksiyaları eyniləşdirmək olmaz. İlk növbədə ona görə ki, nurçular vəhhabilər kimi radikallığa meyilli deyillər və uzağı onlardan hansısa dini kitablar tapmaq olar. Amma məsələ ondadır ki, nurçular Azərbaycanda ciddi kapitala sahibdilər və demək olar ki, orta sahibkarlıqda nurçuların payı 50 faizə qədər olar. Bu isə kifayət qədər böyük rəqəmdir və bu səbəbdən onların nəzarətə götürülməsi təbiidir. Bunu da qeyd edək ki, nurçulara yanaşmada iki istiqamətdə işlərin gedəcəyini gözləmək olar. Birinci xətdə adi vətəndaşlar nəzərə alınacaq. Yəni satışı qadağa olunmuş dini ədəbiyyatların yayılmasının qarşısı alınacaq. Çünki nurçular adətən həftənin dördüncü günləri 30-40 nəfərlik tədbirlər təşkil edir və dini söhbətlər həyata keçirirlər. Bunlar əsasən Sumqayıtda, Ağdaşda və Gəncədə toplaşırlar. Amma son həbslərdən sonra nurçuların passiv mövqeyə çəkildikləri və qadağan olunmuş dini ədəbiyyatlardan imtina etdikləri söylənilir. İkinci xətdə isə əsasən ciddi kapital sahibi olan və hakimiyyət düşərgəsində təmsil olunan şəxslərin nəzarətə götürülməsi əsas məqsəddir. Elnur Aslanovun postunu itirməsindən sonra nurçularla sıx bağlılığı olan məmurlar və deputatlarla bağlı araşdırmalara start verilib. Bu baxımdan Ceyhun Osmanlı, Etibar Hüseynovun gündəmə gətirilməsi təsadüfü sayıla bilinməz. Ekspertlər hesab edir ki, bu dalğa hələ bir neçə ay davam edəcək və Türkiyədə baş verən proseslərin məntiqi davamı olaraq zaman-zaman nələrinsə şahidi olacağıq. Amma bunu da qeyd edək ki, nurçu adlandırdığımız bu qruplaşmaların hamısı heç də nurçu deyillər. Belə ki, nurçuluğun banisi Səid Nursinin ölümündən sonra bu təriqət tərəfdarları onlarla qruplaşmalara bölündülər və əslində bu gün Fətulla Gülən tərəfdarları daha çox Gülənçi kimi qəbul olunurlar. Buna görə də ekspertlər hesab edir ki, bu məsələdə bir az ehtiyatlı davranmaq lazımdır. Çünki nurçu hesab edilən və gülənçi olmayan qruplarda var ki, onlar maksimum dərəcədə siyasətdən kənarda qalmağa çalışırlar. Bu arada aydın olub ki, Türkiyədə Fətullah Gülənçilərə qarşı yeni dalğa başlayır və əsas məqsəd ya Fətullah Güləni Türkiyəyə gətirməkdir, ya da onunla Türkiyənin əlaqələrini kəsməkdir. ABŞ hələ ki, Fətullah Güləni verməkdən imtina edib və buna görə ikinci variantın üzərində duracaqlar. Azərbaycana gəldikdə isə hesab edirlər ki, yaxın aylarda Fətullah Gülənçilər Bakıdakı təhsil ocaqlarından imtina etməli olacaqlar.
Bu arada Qafqaz Müsəlmanları İdarəsi "nur"çuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azəbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb.
Bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə, məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ tərəfindən qınanılır. "Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir"-deyə R.Dadaşova bəyan edib.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsini ucaldır.
Qeyd edək ki, son günlər hüquq-mühafizə orqanları tərəfindən "nurçu" cərəyanı üzvlərinə qarşı əməliyyatlar aparır. Hətta bu dini təriqətin nümayəndələrindən saxlanılanlar da az deyil. Ölkəmizin qanunları əcnəbi vətəndaşlara dini təbliğat aparmağı qadağan edir.
1997-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dini təbliğat aparmaq qadağan edilib. Əsas səbəb də qeyri-ənənəvi dini cərəyanların fəaliyyətinin bir sıra hallarda ciddi fəsadlar törətməsi idi. Azərbaycanda din dövlətdən ayrı olduğu üçün dövlət-din münasibətləri 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təmzimlənir. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı ayrılmır. Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə isə din xadimləri dini fəaliyyəti həmin müddətdə dayandırmalıdırlar.
Son bir neçə ildə ölkədə qeyri-ənənəvi dinlərin nüfuzu güclənməyə başlayıb. Təhlükə eyni zamanda bəzi xarici ölkələr tərəfindən maliyyələşən radikal islamçı cərəyanlardan vəhabilər və nurçulardan gəlir. Qeyd edək ki, vəhabilik və nurçuluaq Azərbaycanda ən çox yayılmış və təşkilatlanmış qeyri-ənənəvi dini cərəyan hesab olunur. Demək olar, Azərbaycanın bütün bölgələrində icmaları mövcuddur. Dünyanın bəzi ölkələrində terrorçuluq, dini ekstermizim yaydığına görə bəzi dini cərəyanlar qadağan olunub. Amma qeyri-ənənəvi dinlər sırasına aid olan nurçuluq və vəhabilik qanunla qadağan olunmayıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35