Azərbaycanın Qarabağ şərti
09:32 01-06-2014
CƏMİYYƏT
Azərbaycanın Qarabağ şərti
Qabil Hüseynli deyir ki, Qarabağı tam qaytarmaqla bağlı təminat verilərsə, Azərbaycan Avrasiya İttifaqına qoşula bilər
Məlum olduğu kimi, Astanada Avrasiya İttifaqının yaradıldığı bəyan edilib. Tədbirdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Ermənistanın yalnız bu təşkilata öz sərhədləri çərçivəsində qəbul olunacağını bildirib və bununla bağlı İlham Əliyevin ona və Avrasiya İttifaqının təsisçisi olan ölkə rəhbərlərinə müraciət göndərdiyini qeyd edib.
Azərbaycan prezidentinin sözügedən müraciətini "Unikal"a şərh edən politoloq Qabil Hüseynli hazırda Avrasiya İttifaqından kənarda olsaq da, ondan yararlana biləcəyimizi deyib. Onun sözlərinə görə, Azərbaycana Qarabağı tam qaytarmaqla bağlı təminat verilərsə, hakimiyyət Avrasiya İttifaqı məsələsini müzakirə edə bilər. Politoloq hesab edir ki, İlham Əliyevin Qarabağla bağlı Avrasiya İttifaqının təsisçisi olan ölkə rəhbərlərinə - Putin, Nazarbayev və Lukaşenkoya - müraciətini ciddi hadisə kimi qəbul etmək lazımdır: "İlham Əliyevin müraciətinin Astana toplantısında səsləndirilməsi və qəbul edilməsi, əlbəttə, çox yaxşı bir jest idi. Yəni ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar idi. Amma əsas məsələ odur ki, bu qərarlar az olmayıb və onların həyata keçirilməsində problemlər yaranıb. Məsələn, ermənilər deyirlər ki, bizim Qarabağla aramızda heç vaxt sərhəd-keçid məntəqələri olmayıb və Gömrük İttifaqının qərarları ora da aiddir. Üstəlik də Moskvadakı politoloqların bəziləri müxtəlif psixoloji təzyiq vasitəsilə Azərbaycana təsir etmək istəyirlər. Ermənistanın Gömrük İttifaqına qəbulu Qarabağın da daxil olması demək deyil. Ortada sənəd və qərar var. Sadəcə olaraq, onların icrasına nəzarət etmək lazımdır. Hər halda, mən orada Azərbaycan prezidentinin Qarabağla bağlı müraciətini ciddi fakt hesab edirəm".
Azərbaycanın Gömrük İttifaqına daxil olmasına gəlincə, Q.Hüseynli bunun mümkün olduğunu dilə gətirib və bildirib ki, əgər belə bir şey olarsa və Azərbaycana Qarabağı tam qaytarmaqla bağlı təminat verilərsə, bu məsələ Azərbaycan siyasi hakimiyyətində müzakirə edilə bilər. "Hesab edirəm ki, bu, təqdirlə də qarşılanar. Amma bir şərtlə ki, bu məsələdə səmimiyyət olsun və proses Azərbaycan Gömrük İttifaqına daxil olmamışdan əvvəl həyata keçirilsin. Dağlıq Qarabağdan Ermənistan qoşunlarının çıxarılması, ətraf yeddi rayonun azad edilməsi Azərbaycanın ilkin şərtləri ola bilər. Bu məsələnin yaranmasında Rusiyanın rolu var və Rusiya bunu həll edə bilər. Əgər bu məsələni həll edərsə, Azərbaycanın cavab addımı atmağı yaxşı olar", - deyə politoloq fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49