Qərb və Şərq iş mədəniyyətləri arasındakı fərqlər
11:34 19-06-2014
İQTİSADİYYAT
Qərb və Şərq iş mədəniyyətləri arasındakı fərqlər
Yadda saxlamaq lazımdır ki, beynəlxalq PR fəaliyyəti milli mədəniyyətlərin bir çox aspektlərinin beynəlmiləlləşdirilməsi fonunda həyata keçirilir. Bütün dünya Amerikanın CNN şirkətinin və Britaniyanın BBC radio yayım şirkətinin verilişlərinə baxır. Bütün dünya gəncləri Amerika musiqisinə qulaq asır və bu ölkədə icad olunan cinsləri geyinir.
Yaponiyanın audio-video texnikası istehsal edən şirkətlərinin nişanları dünyanın bütün regionlarında məşhurdurlar. İşgüzar mədəniyyətin beynəlmiləlləşdirilməsi/qloballaşması zahirən onda özünü göstərir ki, Avropa üslubunda olan rəsmi tünd işgüzar geyim dünyanın hər yerində top-menecerlərin "uniforması"na çevrilmişdir. Qlobal şirkətin Avropa və Asiyadakı qərargahının interyeri demək olar ki, eynidir.
Bu gün geniş işgüzar mədəniyyətlər spektrində iki qütb ayrılır: Qərb və Şərq iş mədəniyyəti. Tipik Qərb mədəniyyətlərinə Avro-Amerika və Qərbi-Avropa iş mədəniyyətləri aiddir. Ən tipik Şərq iş mədəniyyətə Asiya ölkələrinin və Şərqin (Yaponiya, Çin, İslam ölkələri) işgüzar mədəniyyətləri aiddir. Bu iş mədəniyyət tiplərinin xüsusiyyətləri tarixi, dini və ümummədəni zəminlərə malikdirlər.
Rusiya coğrafi olaraq Qərblə Şərqin arasındadır. Rusiyanın işgüzar mədəniyyəti bir sıra parametrlərə görə (fərdilik/topluluq, iyerarxiyaçılıq/eqalitarizm və s.) Qərb və Şərq mədəniyyətləri arasında aralıq mövqedə yerləşir. Rusiya vətəndaşlarının xarici və müştərək müəssisələrdə məşğulluğunun artması iş yerlərindən top-menecmentə qədər bütün biznes səviyyələrində müxtəlif mədəniyyətlərin qarşılıqlı təsir məsələlərini aktuallaşdırır. Mədəniyyətlərin polyar xüsusiyyətlərini bilmək mədəniyyətlərin kəsişdiyi kommunikasiya vəziyyətlərində düzgün istiqamət tapmağa, xarici mədəniyyətə malik olan cəmiyyətdə münasibətləri optimallaşdırmağa imkan verir. Stereotiplər və hiperbolalardan istifadə etməklə Qərb və Şərq iş mədəniyyətlərinin tipik (mütləq olmasa da) xüsusiyyətlərini müəyyən edək.
Rusiyalıların nəzərincə, Qərb iş mühiti müstəqillik, fərdilik, eqalitarizm, qətiyyət, özünə əminlik, dürüstlük, etibarlıq/öhdəlik, dəqiqlik, punktuallıq, təşəbbüsçülük, məqsədyönlülük, mobillik, enerjiliklə fərqlənir.
Şərq mədəniyyəti isə dolayılıq, iyerarxiya, rituallıq, dekorativlik, asılılıq, klanlılıq xarakterizə olunur. "Şərqdə bir şey düşünür, başqa şey deyir, üçüncü cür hərəkət edirlər". Bu şərq mədəniyyətini Rusiyalılar hiyləgərlik, kələkbazlıq və hətta qeyri-dürüstlük kimi qəbul edirlər. Eyni zamanda Qərb biznesinin söz və hərəkətləri ayırmamaq ənənəsi Rusiyalılar tərəfindən gözlənilməz dürüstlük, səmimilik və ehtiyatsızlıq kimi başa düşülür. Amerikalıların müstəqilliyi və daxili azadlığı o dərəcədədir ki, o, görüşə cins şalvarda gələ bilər. Yaponlar isə düşünürlər ki, ortaqlar qara ciddi kostyum geyinməyiblərsə, işgüzar danışıqlarda ciddi olmaq (qəbul edilmək) mümkün deyil. Amerika aliminin marağı elmi konfrans bitənə qədər tükənirsə, o, tədbiri tərk etməyə utanmır. Yapon isə nəzakət xətrinə qalacaqdır.
Yapon şirkətində – özünəməxsus klanda – işləyən adam klanın dəyərlərinə və şaquli münasibətlər sisteminə sədaqətli olmalıdır. Bu sistemdə aşağı təbəqə tabe olur, yuxarı təbəqə isə xoş niyyət göstərir. Klanda hakimiyyət ehtiyatların idarə olunası, cazibə, xarizma, qarşılıqlı mübadilə kimi digər Avropa anlayışlarından deyil, Yaponiya qaydası ilə müəyyən edilir. Yapon menecerlərinin öz tabeçiliyində olan işçilərinə töhmət etməsi və onlara qarşı kobudluğu Amerikalıları heyrətləndirir [Sullivan, səh.68]. Yaponiyada yüksək vəzifədə duranın ona tabe olan şəxs üzərində hakimiyyətini nümayiş etdirməsi adi haldır. Təsəvvür edin, ali Yapon idarəçi iclas keçirilən otaqdan çıxır. Otaqda qalan Yaponlar qalxırlar, ona baş əyərək yola salırlar. Rusiyalılar və Amerikanlar üçün onların davranışları yaltaqlıq kimi görünür.
Yaponun öz qrupuna və şirkətinə sadiq qalması Yaponiyada yüksək qiymətləndirilir və "cəmiyyət", "ictimailik" kimi mücərrəd anlayışlara sadiq qalmaqdan daha yüksəkdə durur. Bu səbəbdən, rüşvətxorluq və ya qiymətlərin qeyri-qanuni təyinatı burada sərt cəzalandırılmır.
Eqalitarizm bərabərlərin münasibət tərzidir. Bu cəhət Qərb, xüsusən Amerika mədəniyyətinə xasdır. Məsələn Amerikalılar işgüzar mühitdə bir-birilərini adları ilə çağırırlar. Belə hesab edilir ki, bu tərz ünsiyyəti asanlaşdırır. Yaş və status fərqi böyük də ola bilər. İngilis dilində "sən" və "siz" əvəzliyi bir əvəzliklə ifadə olunur. Şərq işgüzar mühitində başqasına müraciət etmək üçün həmsöhbətin bütün ad və titullarını sadalamaq lazımdır. Bu, münasibətlərin iyerarxik strukturunu möhkəmləndirir, tabeçilik münasibətlərini vurğulayır. Amerika tədqiqatçılarının fikrincə, bir sıra Yapon şirkətində məşğulların davranış qaydaları da analoji olaraq iyerarxiyanı vurğulayırlar. Məsələn, saqqız çeynəmək qadağandır, qadınlara gözlərinə düşən tel gəzdirmək qadağandır, kişilərə ikibortlu pencəklər geyinmək qadağandır. Ümumiyyətlə Yapon cəmiyyəti min illik imperiya tarixi ilə qəti olaraq şaquli strukturda təşkil edilmişdir. Yaş və iş təcrübəsi peşəkarlıqdan daha çox qiymətləndirilirdi. Gənc əməkdaş daha az peşəkarlığı olan daha yaşlı əməkdaşdan əvvəl irəli çəkilmirdi. Bu gün ömürlük iş sistemi Yaponiyada keçmişdə qalır. Hələ 90-cı illərin əvvəlində Sony-nin prezidenti A. Marito qeyd etmişdi ki, korporativ Yaponiya keçmişin "Yaponiyanın dünya bazarında çiçəklənməsi üçün böyük əmək və yüksək keyfiyyət" şüarından əl çəkməli, "fərdi zənginlik yüksək nəticələrin stimulu kimi" şüarını irəli çəkməlidir. Morita qeyd edirdi ki, korporativ Yaponiya qərbə münasibətdə korporativ mədəniyyətini dəyişməsə, dünyanın iş mühitindən izolə edilmiş şəkildə qala bilər. Gənc Yapon biznesmenləri beynəlxalq iş mədəniyyəti standartlarına yaşlı nəsildən daha çox meyl edirlər. Yapon ortaqlarının da iştirak etdiyi PR fəaliyyətində bunların hamısını nəzərə almaq lazımdır.
Özündə əminlik də Amerika mədəniyyətinə xas olan əlamətlərdəndir. Demək olar ki, ABŞ özünə əmin olan insanların ölkəsidir. Özünə güvənmək onların qanındadır, bələkdən tərbiyə olunur. ABŞ-ın iqtisadiyyat, siyasət, mədəniyyətdə dünya liderliyi fərdi nailiyyətlərə meyl edən özünə əmin insanların hesabına təmin edilir. Lakin burada özünə əminlik başqaları üzərində üstünlük deyil, şəraitin, çətinliyin, öz zəifliklərinin üzərində üstünlükdür. "No problem!" – "Problem yoxdur!" məşhur Amerika ifadəsidir.
Amerikalılıların davranışları bir çox hallarda ədəbsiz görünür. Onlar komleksləri olmayan insanlardır. Amerikalı başqalarına bənzəmədiyinə görə. Amerika mədəniyyətində insanın fərqli ola bilməsi hüququ qəbul edilir. Burada hesab edirlər ki, müxtəliflik və orijinallıq yeni fikir, yeniliklər və deməli cəmiyyətin irəli getməsi və çiçəklənməsi mənbəyidir.
Qərb, xüsusən Amerika mədəniyyətindəki düzlük Yaponlara həddindən artıq qaba və demək olar ki, həyasızlıq kimi görünür. Amerikanlar utanmadan maraqsız təklifdən imtina edirlərsə, Yaponiyada "yox" sözü yoxdur. Yaponlar birbaşa etirazdan istifadə etmirlər, çünki bunu ədəbsizlik hesab edirlər. Qərb biznesində etibarlılıq, öhdəliklik, dəqiqlik və punktuallıq işgüzar ad-san məsələsidir. Burada bu, işgüzar davranışın mütləq norması, ədəb və nəzakətdir. "Deadline" – kənar, yekun vaxt anlamına gələn Amerika terminin olması təsadüfi deyildir. Həmin vaxtdan sonra heç kimə heç bir güzəşt edilmir və hamı bunu bilir. Amerikalılar əmindirlər ki, dedlayn olmadan heç bir iş bitməz və bu səbəbdən, bu qaydaya sözsüz əməl edirlər. Ümumiyyətlə vaxt Amerikalılar üçün həyatın əsas ölçüsüdür. Şərq mədəniyyətində olay və ya şəxs vaxtdan vacibdir. Bu səbəbdən Şərq nümayəndə heyətini saatlarla (!) gözləmək onları narahat etmir və ya vicdan əzabı vermir.
Bir sıra anlayışların ortaqlar tərəfindən müxtəlif şəkildə qavranılması çarpaz mədəni kommunikasiyalara mane olur. Məsələn, "iş", "şirkət", "idarəetmə", "iş qrupu" anlayışları Yaponlar və Amerikalılar üçün fərqli mənaya malikdirlər və fərqli dəyərləndirilirlər [1]. İşgüzar mühitdə Asiya-Sakit Okean regionunun təsirinin artmasını nəzərə alaraq, bu fərqlərə daha yaxından baxaq.
Ardı var
Şükürov Anar,
Azərbaycan Respublikası Prezidenti Yanında
Dövlət İdarəçilik
Akademiyasının magistri
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53