Mikayıl Cabbarovla bağlı təhlükəli plan
Mikayıl Cabbarovla bağlı təhlükəli plan

Əleyhdarları təhsil nazirini zərərsizləşdirmək üçün yeni oyun qurub


Son günlər Təhsil naziri Mikayıl Cabbarov tutduğu postda möhkəmlənmək və əhatəsinə öz adamlarını yerləşdirmək istiqamətində addımlar atmaqdadır. Belə ki, nazir təyin olunandan qısa müddət sonra kəskin addımlar atan M.Cabbarov "islahatlarını" davam etdirir.Xatırladaq ki, M.Cabbarovun təmizləmə əməliyyatı ilk vaxtlar nazirlikdə, yəni, yaxın ətrafında olsa da, artıq yeni nazir yerlərdəki təhsil "şef"lərini zərərsizləşdirməkdə davam edir.
Bir müddət öncə onun bir neçə rayon təhsil şöbəsinin müdirini vəzifədən uzaqlaşdırması, sələfinin yaxın adamları sayılan məktəb direktorlarını sıradan çıxarması hamının xatirindədir. Ancaq M.Cabbarov bununla kifayətlənmək istəmir. Nazir ölkə üzrə bütün təhsil sistemində öz adamlarını yerləşdirməkdə qərarlıdır. Ona görə də özünə yaxın olmayan təhsil şöbə müdirləri və məktəb direktorlarını "vurmağa" başlayıb.Elə nazirin dünənki addımı da bu siyasətin tərkib hissəsidir. Belə ki, Mikayıl Cabbarovun Goranboy rayonunda keçirilmiş qəbulu zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciətlər operativ araşdırılıb və müvafiq tədbirlər görülüb. Təhsil Nazirliyindən verilən məlumata görə, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib. Həmçinin Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Bundan başqa, Göygöl rayonu Əlimədədli kənd ümumi orta məktəbin direktoru Abduşükür Mustafayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin müəllimi Zabitə Zeynalovanın əmək hüquqlarını pozduğuna görə, təhsil müəssisəsinin direktoru Ulduz Mayılovaya töhmət verilib. Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlar aşkar olunduğuna görə, direktor Aişə İsgəndərovaya, direktor müavinləri Sabir Qafarova və Durna Quliyevaya RTŞ tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.
Bu barədə "Unikal"ı bilgiləndirən şəxsin sözlərinə görə, Mikayıl Cabbarovun adıçəkilən təhsil məmurlarını bu şəkildə cəzalandırması da siyasi gedişdir. "Onsuz da hazırda tədris ili başa çatıb. Hansısa məktəb direktorunu, təhsil şöbəsinin müdirini işdən çıxarmağın elə bir əhəmiyyəti də yoxdur. Mikayıl Cabbarov bundan istifadə edərək, vəzifə başında olmasını istəmədiyi şəxslər ilkin mərhələdə töhmət və xəbərdarlıqla cəzalandırır. Amma həmin şəxslər yeni tədris ili başlar-başlamaz "vurulacaq". Məndə olan məlumata görə, Mikayıl Cabbarov ilk vaxtlar nazirlik sistemində təyinatlarla bağlı hər hansı rüşvət və korrupsiya məqamlarına şərait yaratmasa da, artıq həmin metoda yaşıl işıq yandırıb. Yəni, təhsil sistemində vəzifəyə getmək üçün ya Mikayıl Cabbarovun yaxını olmalısan, ya da müvafiq vəsaiti verməlisən. İndi də vakant yerlərin yaranması üçün nazir mümkün qədər "təmizləmə əməliyyat"ları aparır ki, yeni gəlir imkanları yaransın".
Başqa bir məqama da toxunmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Bu qərardan sonra Təhsil Nazirliyinin əhatə dairəsi daha da genişlənir. Dünən Təhsil Nazirliyi "Araz Kursları"nın bağlanması ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Təhsil Nazirliyi daxil olan müraciətlərə cavab olaraq bildirir ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı təsisçilərin qərarı bu gün Nazirliyə daxil olub. Təhsil Nazirliyi təsisçilərin qanunvercilik çərçivəsində qəbul olunmuş qərarına hörmətlə yanaşır və onu şərh etmir. Qərarın qəbul olunması özəl təhsil müəssisələrinin tabe olduğu ictimai birliyin müstəsna səlahiyyətlərinə daxildir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin və çalışan pedaqoji heyətin ölkəmizin təhsil şəbəkəsində yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün hazırlıq işlərinə başlanılıb. Təhsil Nazirliyi ABTK-da təhsil alanların və onların valideynlərinin diqqətinə çatdırır ki, onların sərbəst seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Dövlət məktəblərinin kifayət qədər şagird qəbul etməyə imkan və şəraiti vardır. Bununla bağlı heç bir narahatlığa əsas yoxdur. "Azərbaycan təhsili zəngin ənənələrə, güclü maddi-texniki və pedaqoji potensiala malikdir. Ölkəmizin bir çox ümumtəhsil müəssisələri dünya miqyasında keçirilən müxtəlif yarışma və müsabiqələrdə yüksək nailiyyətlər qazanırlar. İnanırıq ki, bu uğurlarımız bundan sonra da artacaq", - deyə Təhsil Nazirliyi bəyan edib.
Beləliklə, böyük maliyyə potensialına malik olan bu sistemin də Təhsil Nazirliyinin balansına verilməsi Mikayıl Cabbarovu daha da gücləndirib. Əgər Misir Mərdanov nazir olan dövrdə səlahiyyətlərini ititirdisə, M.Cabbarov getdikcə güclənməkdir. Amma Azərbaycan reallığında hər hansı bir məmur qısa müddətdə parlayırsa, onun yaxın gələcəkdə vurulması ənənəsi də var. Hər halda, bu yüksəliş M.Cabbarovun karyerası üçün təhdid xarakteri də daşıyır. Yəni, son günlər onun daha geniş imkanlar əldə etməsi ilk baxışdan sadə görünsə də, əleyhdarlarının onu zərərəsizləşdirmək planının tərkib hissəsi hesab etmək olar.
Qərib Gərayzadə