ABŞ ikinci İraq müharibəsinə başladı
13:28 20-06-2014
İQTİSADİYYAT
ABŞ ikinci İraq müharibəsinə başladı
Tehran yeni səddamçı rejimə qarşı: İran niyə İŞİD-dən narahatdır?
ABŞ-ın "F-18" qırıcıları İraq üzərində uçuşlara başlayıb. Bu barədə "Röyters" xəbər agentliyi bildirib. Qırıcıların ABŞ-ın Fars körfəzindəki "Corc Buş" təyyarədaşıyan gəminin göyərtəsindən qalxdığı bildirilir. Bildirilir ki, ABŞ qırıcılarının kəşfiyyat missiyası prezident Barak Obamanın İraqa "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı mübarizədə yardım sözü verdikdən sonra başlayıb.
Barak Obama administrasiyasının həm idarə olunan, həm də pilotsuz təyyarələrin uçuşuna icazə verdiyi deyilir.
Qeyd edək ki, Obama Vaşinqtonun İraqa hərbçilərini göndərməyə razılaşmadığını bildirib. Ancaq o, vurğulayıb ki, ABŞ Bağdada hərbi yardımın digər formalarını nəzərdən keçirir.
İranın əleyhinə
dönən carx
Suriyadakı vətəndaş müharibəsinin ilk vaxtlarında dünyadakı yüzlərlə terror təşkilatının yalnız biri hesab edilən "İraq və Şam İslam Dövləti" (İŞİD) hazırda bir dövləti məhv edəcək gücə çevrilib.
Mosulu, Tiqriti və digər əraziləri ələ keçirən İŞİD açıq şəkildə növbəti hədəfinin Bağdad, daha sonra isə Kərbəla olduğunu bildirir. Kərbəlanın ələ keçirilməsi isə artıq Suriyada açıq xarakter alan sünni-şiə qarşıdurmasını daha şiddətli mərhələyə daşıyacaq. İŞİD-in açıq şəkildə şiələr üçün müqəddəs sayılan məkanlara hücum edəcəyi barədə bəyanatlar verməsi şiə cəbhəsində qıcıq yaratmaya bilməz.
Artıq ən böyük şiə dövləti olan İrandan bu bəyanatlara kəskin reaksiya verilib. İran prezidenti Həsən Ruhani ölkəsinin İraqdakı müqəddəs şiə məkanlarını "qatil və terrorçular"dan qorumaq üçün tərəddüd etməyəcəyini söyləyib. Dövlət başçısı müqəddəs məkanları terrorçulardan qorumaq üçün minlərlə adamın İraqa getməyə hazır olduğunu dilə gətirib.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da ölkəsinin CNN kanalında qatıldığı proqramda maraqlı bir iddia ortaya atdı. O, İraq baş naziri Nuri əl-Malikinin Bağdadda İran xüsusi təyinatlıların komandiri ilə danışıqlar apardığını söylədi. Klinton Tehranın Suriya prezidenti Bəşər Əsədə verdiyi dəstəyin eynisini Maliki hökumətinə də verə biləcəyini dilə gətirib.
İranın İraq hökumətinə ilk yardımları barədə də informasiyalar var. "The Times"ın yazdığına görə İran İslam Respublikası İŞİD-ə qarşı vuruşmaq üçün "Əl-Qüds" qrupunun 150 xüsusi təyinatlısını İraqa göndərib. "The Times" bu qrupun İran İnqilab Keşikçiləri Korpusunun tərkibindən seçildiyini bildirir.
Heç kimə sirr deyil kii, Tehran eyni yardımları Suriyada Bəşər Əsəd rejiminin ayaqda qalması üçün də edib. İran Suriyada şiə rejiminin yıxılmaması üçün milyardlarla dollarlıq silah və hərbi ləvazimatlar, eləcə də yanacaqla yardım edib. Üstəlik, İran İnqilab Keşikçiləri Korpusunun sıravi üzvlərindən başqa yüksək rütbəli hərbçilərin Suriya ordusu sıralarında vuruşduğu məlumdur. Ancaq bu cür yardımlar İŞİD-ə qarşı mübarizədə kifayət etməyə bilər. Daha bir məsələ isə odur ki, İraq Suriyadan fərqli olaraq, İranın sərhəd qonşusudur. Bütün şiə dünyasının, o cümlədən İran üçün müqəddəs məkan sayılan Kərbəlanın İraqda olması bu ölkənin Tehran üçün əhəmiyyətini dartırır. Əlavə edək ki, Həsən Ruhani hakimiyyətdə olduğu təxminən bir illik müddətdə Suriyadakı hadisələrə bu şəkildə reaksiya verməmiş, İranın hadisələrə müdaxilə edə biləcəyini dilə gətirməmişdi.
Hazırda əsas düşündürücü sual İranın İraqda artıq müharibə xarakteri alan hadisələrə birbaşa müdaxilə etmə ehtimalıdır? Doğrudanmı, müəyyən qüvvələr İranı odun içinə cəlb etmək istəyirlər? Bunda kimlər maraqlı ola bilər və hədəflər nədir?
publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli İraqda baş verən proseslərin İranın təmsil və müdafiə etdiyi dəyərlər sisteminə qarşı olduğunu bildirib. Hadisələrin həm də İranın nüfuzuna qarşı yönəldiyini deyən politoloq İŞİD-in Bağdad ətrafında ağır məğlubiyyətə uğradılacağını proqnozlaşdırır. Q.Hüseynlinin sözlərinə görə, İŞİD-in bünövrəsinin "Əl-Qaidə" tərəfindən qoyulduğu deyilsə də, sonradan prosesə Səddam Hüseynin adamları da qoşulub: "İŞİD-in qisasçılıq mövqeyi də orada Səddam Hüseynin adamlarının olması ilə izah edilir. İŞİD-in rəhbərləri arasında olan peşəkar hərbçilər Səddamın dövründə yüksək vəzifələr tutmuş insanlardır. Səudiyyə Ərəbistanın maliyyə dəstəyi ilə təşkilata vəhhabilər sürətlə daxil olmağa başladı. Vəhhabilər də İŞİD-də aparıcı qüvvəyə çevriliblər. Bütün bunlar isə heç bir halda İrana sərf etmir. Səudiyyə Ərəbistanın isə həm İrana, həm də şiəliyə olan münasibəti bəllidir. Səudiyyə ümumiyyətlə təriqət savaşını qızışdıranlardan biridir".
Q.Hüseynli hesab edir ki, İranın İraqdakı hadisələrə açıq hərbi müdaxiləsi Bağdadın İŞİD tərəfindən alınacağı halda tamamilə mümkündür: "Bu halda İranın bütün qoşun birləşmələri də daxil olmaqla İraqa qoşun yeritməsi istisna olunmur. Tehran heç bir halda İraqda rejim dəyişikliyinə icazə verməyəcək".
Müsahibimiz İranın İraqa açıq hərbi müdaxiləsinin onun üçün əlavə problemlər yaratmayacağını bildirib: "İran üçün heç bir əlavə problem yaranmayacaq. Söhbət beynəlxalq terrorizmə qarşı mübarizədən, suveren dövlətə qarşı aparılan əməliyyatların qarşısının alınmasından gedir. İran proseslərə açıq müdaxilə edərsə, beynəlxalq təşkilatlar da daxil olmaqla əksər dövlətlər İranın hərəkətini təqdir edəcək".
Q.Hüseynli hesab edir ki, İranın hərbi münaqişəyə bilərəkdən cəlb edilməsini söyləmək çətindir.
İngiltərədən İraqa 5 milyon sterlinq yardım
İngiltərə baş naziri Devid Kameron İraq Şam İslam Dövləti (İŞİD) terrorçularının İngiltərəyə hücum etmək istədiklərini açıqlayıb.
İngiltərə Baş naziri Devid Kameron mətbuat konfransında sualları cavablandırıb. Baş nazir İraqda baş verənlərlə və İŞİD terror təşkilatı ilə bağlı sualları da cavablandırıb.
İŞİD-in tərkibində Əfqanıstan və Pakistandan olan yaraqlıların böyük təhlükə olduğunu bildirən Kameron terror təşkilatının İngiltərəyə qarşı hücum planlaşdırdığını qeyd edib. Kameron həmçinin İraqa 5 milyon sterlinq (6 milyon 665 min manat - red) humanitar yardım etdiklərini diqqətə çatdırıb.
İraq ordusu İŞİD
qarşısında acizdir?
Əslində İraq ordusunun və ölkədə fəaliyyət göstərən terrorçu qrupların döyüş potensialı nəzərə alınsa, nizami ordunun terrorçulara qarşı aciz qalması inandırıcı deyil. Digər tərəfdən, İraq ordusunun sünnilərin kompakt yaşadığı Tikrit şəhərindən çıxması baş verən hadisələr haqqında daha ətraflı düşünməyə vadar edir.
Hadisələri diqqətlə izlədikdə ələ keçirilən şəhərlərdə sadəcə İŞİD deyil, digər sünni qrupların - "Nəqşibəndi", "İnqilabçı Qəbilə Əsgərləri Birliyi" və "Mücahidlər ordusu" qruplaşmalarının da aktiv rol oynadığını görmək olar.
İŞİD-ə gəlincə isə onların sayı ümumilikdə (İraq və Suriyada) 5 mindən çox deyil.
İraq şəhərlərinin asanlıqla ələ keçirilməsi bir daha onu göstərir ki, baş verən hadisələrin fonunda ordudan ayrılan birləşmələr də var.
Məhz bu səbəbdən də bir çox ərəb dövlətləri İraqın Baş naziri Nuri əl-Malikinin siyasəti fonunda ölkədə baş verənlərdə İŞİD-in varlığına göz yumaraq, hadisələri "İraqda sünni qiyamı" kimi qiymətləndirirlər. Təbii ki, hadisələrin digər "qəhrəmanları"nın sona qədər İŞİD ilə birgə müqavimət göstərəcəyi inandırıcı deyil.
Digər tərəfdən, İraq ordusunun da real vəziyyətdə, sünnilərin və İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərqə"nin (xüsusi təyinatlı ordu hissələri) dəstəyi olmadan vəziyyəti nəzarət altına alacağı inandırıcı deyil.
Ölkədəki sünnilərlə yanaşı, kürdlərin də əl-Malikinin üçüncü müddətə Baş nazir seçilməsindən narazı olduğu nəzərə alınsa, kürd administrasiyası əl-Maliki hökumətinə sadəcə müəyyən şərtlər müqabilində dəstək verəcək. Hətta bir çox iraqlı siyasətçilər böhranın həllində ilkin addım kimi Baş nazir Nuri əl-Malikinin istefasını doğru hesab edirlər.
Dolayısı ilə İraqda sünni qəbilələrin özlərinə ideoloji baxımdan yad olan İŞİD ilə birləşməsinin ən başlıca səbəbi ölkədə yürüdülən daxili siyasətdir.
İŞİD-dən 4 min
bombalı hücum
"İraq-Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları törətdikləri terror hesabatını yayımlayıblar. İraq və Suriyada iki ildir əməliyyatlar həyata keçirən qruplaşma, sadəcə İraqda 10 minə qədər hücum təkil edib. Bunlardan mini sui-qəsd, 4 mini isə bombalı hücum olub. Ötən il həbsdəki yüzlərlə üzvlərini xilas edən silahlılar, hazırda 15 minlik bir qruplaşmaya sahib olduqlarını bildiriblər. Son hesabata görə bunlardan 12 mini İraq və Suriya xaricindəki ölkələrdəndir.
Silahlı qruplaşmada 2 minə yaxın Avropa mənşəli döyüşçü var. Mütəxəssislərin fikrincə İŞİD açıqladığı hesabatla və nə qədər vara sahib olduğunu göstərməklə öz gücünü nümayiş etdirməyi qarşısına məqsəd qoyub.
İŞİD-dən xoruz banı
eşitməmiş qadağalar
Bu arada məlum olub ki, İraqın bir çox bölgəsini, o cümlədən böyük neft mədənlərini ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı işğal etdiyi bölgələrdə bəzi qadağalar qoyub.
Kərkük Türkmən Cəbhəsi könüllüləri cəlb etmək üçün nəzərdə tutulan telefon nömrəsi ilə (nömrə Türkiyə Cümhuriyyətinin kodu ilə başlayır - red.) bərabər İŞİD-in 11 bəndlik manifestini də açıqlayıb.
Bunların arasında kişinin saç və üzünü daramasından tutmuş qadının stulda oturmasıyla bağlı olan müxtəlif qadağalar mövcuddur.
İŞİD-in 11 bəndlik qadağalar manifestində aşağıdakılar qadağandır:
1. Qadınların cins şalvar geyinməsi
2. Kişilərin dar şalvar geyinməsi
3. Saçı qısaltmaq
4. Vitrində qadın paltarlarının nümayişi
5. Qadın paltarları satılan yerdə kişilərin işləməsi
6. Qadın paltarları tikilən mağazalara kişilərin daxil olması
7. Qadın gözəllik salonlarının təbliği (reklamı)
8. Qadınların kişi həkimə müraciət etməsi
9. Kişilərin saç və üzlərini daraması
10. Siqaret və qəlyan çəkilməsi
11. Qadınların stulda oturması
Manifest "bu qaydalardan hər hansı birinə əməl edilməməsi camaatın gözü önündə edamla (başın kəsilməsi) nəticələnəcək" təhdidi ilə bitir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53