Moskvanın taleyi Poroşenkonun fərmanından asılıdır
13:31 20-06-2014
İQTİSADİYYAT
Moskvanın taleyi Poroşenkonun fərmanından asılıdır
İyunun 18-də Ukrayna prezidenti Pyotr Poroşenko və Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle arasında görüş olub.
Görüşdə iyunun 27-də Brüsseldə Ukraynanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması müzakirə olunub.
"Pyotr Poroşenko Ukraynaya beynəlxalq yardımın göstərilməsində aparıcı rol oynayan Avropa Birliyinə təşəkkürünü, ölkə üçün donor konfransının keçirilməsinin təşəbbüsçüsü olan Avropa Komissiyasının təklifini bəyəndiyini bildirib", - Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında belə deyilir.
Bu arada məlum olub ki, ABŞ Dövlət Departamentinin strukturuna daxil olan Beynəlxalq İnkişaf Agentliyi Ukraynaya əlavə olaraq 10 milyon dollar məbləğində vəsait ayıracağını bəyan edib. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Kiyevdə səfərdə olan Agentliyin rəhbəri Raciv Şah bəyan edib. Vəsaitin korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması məqsədi ilə ayrıldığı bildirilir.
Səfər çərçivəsində Raciv Şah Ukrayna rəsmiləri ilə ölkə iqtisadiyyatına yatırımların cəlb edilməsi və rəsmi Kiyevin korrupsiyaya qarşı tədbirlərinə ABŞ-ın dəstəyini müzakirə edib.
Avstraliya hökuməti Ukraynadakı vəziyyətə görə 50 nəfər Rusiya vətəndaşı və 11 şirkətə qarşı sanksiya tətbiq edib. Bu barədə Avstraliya XİN bəyanatında deyilir.
"Qara siyahı"da Rusiya baş nazirinin müavini Dmitri Roqozin, Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Sergey Narışkin yer alıb.
ABŞ-ın vitse-prezidenti Co Bayden isə Rusiyanı yeni sanksiyalarla hədələyib. Belə ki, C. Bayden və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı olub.
ABŞ-ın ikinci adamı bəyan edib ki, Moskva Ukraynanın şərqində separatçıların zorakılığını dayandırmaq üçün öz təsirindən istifadə etməsə, ABŞ bu ölkənin əlavə zərərlərə məruz qalması üçün öz müttəfiqləri ilə iş aparacaq. "ABŞ-ın vitse-prezidenti Ukrayna dövlət başçısının ölkənin şərqində sülh və sabitliyin bərpası üçün göstərdiyi ciddi səylərini qətiyyətlə dəstəkləyib", - deyə Ukrayna prezidentinin saytına bildirilib.
Dünən o da məlum olub ki, Donetsk vilayətinin Krasnıy Port şəhəri yaxınlığında terrorçular antiterror güclərinin təslim olmaq barədə ultimatumuna rədd cavabı verib. publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "facebook" səhifəsində yazıb.
Hərbi ekspert terrorçuların zərərsizləşdiriməsi üçün əməliyyatın başlandığını bildirib. O, qeyd edib ki, təslim olmaq barədə çağırışlar gecə saatlarında havadan səpələnib.
"Ukrayna prezidentinin sülh planına uyğun olaraq terrorçulara təslim olmaq barədə ultimatum verilib. Silahlılardan hər birinə törətdikləri cinayətlərə görə obyektiv araşdırma üçün zəmanət verilirdi", - D.Tımçuk qeyd edib.
Dünən həmçinin Luqansk yaxınlığında anti-terror əməliyyatlarını aparan ukraynalıların köməyinə gələn 100 nəfərdən ibarət "Aydar" xüsusi dəstəsinin mühasirəyə düşərək, ağır itkilər verməsi ilə bağlı döyüş kadrları yayılıb. Məşhur "Life News" telekanalı həmin o döyüş anını təqdim edib.
Xatırladaq ki, hadisə srağagün baş verib və Rusiya mətbuatı da məsələyə geniş yer verərək, "Aydar"ın üzvlərinin hamısının, yəni 100 nəfərin separatçılar tərəfindən məhv edildiyini vurğulayıb.
Məsələyə münasibət bildirən Ukrayna Müdafiə Nazirliyi isə qrup üzvlərini normal koordinasiya olmamaqda və əlaqələrini mükəmməl qurmamaqda qınamışdı.
Qeyd edək ki, Ukrayna hakimiyyəti son günlər Rusiya ilə hərbi əməkdaşlığın dayandırıldığı barədə ardıcıl bəyanatlar verir. Əsas diqqət isə "RS-20V" (NATO-nun təsnifatında "İblis") qitələrarası ballistik raketləridir. Bu raketlər Ukraynanın Rusiyaya satdığı və təmir etdiyi hərbi məhsullar arasında xüsusi yer tutur.
Rus mətbuatının verdiyi məlumata görə, Ukraynanın "Cənub" konstruktor bürosundan Rusiyanı rahatladacaq açıqlama gəlib.
"Cənub" konstruktor bürosunun (Dnepropetrovsk) nümayəndəsi "İblis" qitələrarası raketlərin servis xidmətinin dayandırılmayacağını deyib. "İblis" dünyada ən yaxşı strateji silahlardan hesab edilir. Bu raketlər 1973-cü ildə Dneprepetrovskdakı "Cənub" konstruktor bürosunda hazırlanıb və 1975-ci ildə sovet ordusunun silahlandırılmasına qəbul edilmişdi. "RS-20CV" 10 min kilometr məsafəyə 10 döyüş başlığı çatdıra bilir. "İblis"ın 2022-ci ilə qədər Rusiya ordusunun silahlanmasına qəbulu nəzərdə turulur. Raketləri daha sonra "Topol-M" və "Yars" yerüstü strateji kompleksləri əvəz etməlidir.
Dörd gün bundan əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rusiya hərbi sənaye kompleksi ilə əməkdaşlığın dayandırılması barədə göstəriş verib. Bununla belə "Cənub" konstruktor bürosu "İblis" strateji raketlərə xidmətin dayandırılması haqqında informasiyanı təkzib edib. Müəssisədən bildirilib ki, Rusiya tərəfi ilə müqavilədən Ukraynanın çıxması yalnız prezident müvafiq fərmanı ilə mümkündür.
Ukrayna hərbi eksperti Vyaçeslav Seluyko da təsdiqləyib ki, sözügedən əməkdaşlığın dayandırılması yalnız prezident müvafiq fərmanın qüvvəyə minməsindən sonra həyata keçirilə bilər.
Analiz və Strategiyalar Mərkəzinin eksperti Andrey Frolov xatırladıb ki, Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov Rusiya ilə hərbi əməkdaşlığın dayandırması haqqında fərman vermişdi. Amma həmin vaxt "Cənub" konstruktor bürosu belə bir perspektivlə razılaşmadı. Rusiya tərəfi isə Poroşenkonun belə bir fərman verəcəyi halda da öz gücləri ilə "İblis"lərin istismar müddətini uzada biləcəyini bildirir.
Ekspertlər bildirir ki, Rusiya raketlərə xidmətin qarşılığında Ukrayna müəssisəsinə ildə təxminən 10 milyon dollar ödəyir. Məlumata görə, 2008-ci ildə Rusiya ordusunda 75 ədəd "RS-20V" var idi.
Dünənki bir başqa xəbərə görə, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç çirkli pulların yuyulmasında ittiham olunur. Ölkənin maliyyə kəşfiyyatı, Amerika Birləşmiş Ştatları və Avropa Birliyindən olan əməkdaşlarla birgə apardığı təhlillər sonrasında faktın üstünü açıblar.
Pulların yuyulmasında "Ailə" adlanan 42 şirkət iştirak edib. Ölkənin baş naziri Arseniy Yatsenyuk cinayəti kağız parça üzərində təsvir edib. Yatsenyuk qeyd edib ki, qonşu ölkələrdən birində yerləşən bankın da iştirak ilə sözügedən şirkətlərdən 16 milyard qrivna (1 milyard 51 milyon AZN) oğurlanıb.
Əməliyyatçılar bu pulların 1 milyard 340 milyonunu (88 milyon AZN) müsadirə edə biliblər. Yatsenyuk faktla bağlı məhkəmə işinin açıldığını və sürgün həyatı yaşayan Yanukoviçin vətəninə qayıtmalı olacağını da əlavə edib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53