İranı tora salmağın yeni variantı
13:30 21-06-2014
İQTİSADİYYAT
İranı tora salmağın yeni variantı
ABŞ radikal şiəliyi dəstəkləyən Tehranı bölgədəki təriqət savaşının içərisinə salmaq istəyir
Suriyada Bəşər Əsədlə mübarizə mərhələsindən İraqdakı təriqət davasına adlayan və qanlı məzhəb qarşıdurmasına imza atan İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşmanın bədniyyət əməlləri səngimək bilmir.
İslam coğrafiyası üçün ənənəvi olan, adi məişət həyatından siyasətə qədər sıçrayan şiə-sünni qarşıdurması bir az da alovlanır.
Əslində orta əsrlərin radikal dini cərəyanlarının tələbi olan müasir məzhəb davalarının körüklənməsi xarici kəşfiyyat dairələrinin layihəsinin tərkib hissəsidir.
İraqla gündəmə gələn İŞİD radikal addımlar atmaqla ona tapşırıq və əmr verənlərin icraedici ruporu funksiyasını daşıyır. Bu məsələdə bir məqamı diqqətdən qaçırmayaq.
Dünyanın müxtəlif ölkələrində insan hüquq və azadlıqlarının pozulması ilə bağlı hesabatlar hazırlayan ABŞ nədənsə, İraqdakı insanların taleyi ilə bağlı məsələdə öz "humanist" prinsiplərinə sadiq qalmır.
ABŞ okeanın o tayından İraqa qoşun yeridib dinc sakinləri qıranda isə bunu bölgədə demokratiyanın bərqərar olması kimi qiymətləndirirdi. Ağ Evin Əfqanıstandan və İraqdan ABŞ qoşunlarının çıxarması məsələsi isə heç də rəsmi Vaşinqtonun demokratik addımları və səhvini başa düşməsi kimi qiymətləndirmək olmazdı. Bu, keçmişin xiffətindən doğan təəssüratların ağrı-acısı, günahsız insanların qırılmasına görə çəkilən vicdan əzabı da deyil. Çünki ABŞ heç bir zaman bölgədə sülh və demokratiyanın bərqərar olmasını istəməyib, çünki belə olarsa, Ağ Ev təsir dairəsini genişlədə bilməzdi.
Deməli, ABŞ və ona havadar olan qüvvələrin əsl məqsədi regionda münaqişə ocaqlarının sayını artırmaq üçün "İraqda nüvə silahı var" adı ilə tarixi dövlətə qoşun yeritməklə bölgəyə nəzarəti ələ keçirmək idi.
Rəsmi Vaşinqton Əfqanıstan, İraq, Tunis, Misir, Liviya, Suriya timsalında bölgədə xaotik vəziyyət, pərakəndə şəkildə yaradılan konflikt yataqlarının sistemləşdirib vahid mərkəzdən idarə edilməsində maraqlıdır. Bu addımlarda Ağ Evin ssenarisinə zidd nəsə yoxdur.
İŞİD-in İraqda əhalini vəhşicəsinə öldürməsinə ABŞ-ın sərgilədiyi yumşaq mövqe Ağ Evin bu planlarını bir daha təsdiq edir. Dünyada insan haqları carçısı və başqa ölkələrin daxili işlərinə burun soxmaqda mahir olan ABŞ niyə İŞİD-ə qarşı əməliyyatlara başlayıb bölgəyə vəd etdiyi sülhü gətirmir?
Sual ətrafında ABŞ-ın katalizator, yəni məzhəb qarşıdurmalarını alovlandırıb kənarda dayanması funksiyası fonunda mülahizələr çoxdur. Digər tərəfdən isə münaqişə yaradıcı ABŞ-ın burada başqa maraqları da var. Bu isə oyuna bölgədə söz sahibi olan və qüdrətlənən İran, Türkiyə kimi dövlətləri cəlb etməkdir.
Obama administrasiyasının İŞİD kartından kozır kimi bu dövlətlərə qarşı yararlanması bölgə üçün bədbəxtlikdən başqa bir şey vəd etmir.
Diqqət edək, İraqdakı hadisələrlə dünya gündəminə damğa vuran İŞİD-ə qarşı Türkiyə də nəzərəçarpan addımlar atmaqda tərəddüd edir.
Bu ərəfədə isə Türkiyə hökuməti "Əl-Qaidə"-nin qolu olan "Əl Nusra" cəbhəsini terrorçu təşkilatlar siyahısından çıxarır. Bu Türkiyəyə qarşı İŞİD amilindən yararlanaraq beynəlxalq aləmin təzyiqi kimi dəyərləndirilə bilər.
Hadisələrin mürəkkəb xarakter alması və təhlükəli məcraya yönəlməsinin marağında olan ABŞ rəsmi Ankaranın da öz oyununda yer almasını istəyir. ABŞ bununla Türkiyəni oyunun əsas iştirakçısı etməklə, bölgədə supergücə çevirmək istəmir, əslində bu, regionda aparıcı türk dövlətini zəiflətmək məqsədi güdür. Türkiyənin ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı ilə də münasibətləri elə də isti deyil. O da bəllidir ki, radikal sünni təriqətinə məxsus siyasi terrorçu təşkilatlara Səudiyyə Ərəbistanı da dəstək verir. Gərgin münasibətlər fonunda Səudiyyə Ərəbistanının Türkiyəni zəiflətmək məqsədi daşıyan layihələrdə yer alması başa düşüləndir. Bölgə planlarının gerçəkləşməsində maneə olan Türkiyəni yeni provakativ oyunlara cəlb etməklə regionda güc olmaqdan kənarlaşdırmaq niyyəti reallaşarsa, ABŞ və İsrail üçün əlavə imkanlar yaranar. Bunun üçünsə, İŞİD-i əməldə dəstəkləmək, sözdə isə "sərt" bəyanatlar vermək kifayətdir ki, balans qorunsun.
Bununla paralel olaraq radikal sünni məzhəbini maliyyələşdirən güclər şiə dövləti İranı da qıcıqlandırırlar. Nə də olmasa, ifrat şiə cərəyanının tələbləri çərçivəsində xarici siyasi kursu götürən İran İŞİD-in İraqdakı şiələri qırmasına göz yuma bilməz. Dərindən düşünsək, İŞİD-ə qarşı ABŞ-İran danışıqlarının başlanması və hər iki dövlətin bu terror təşkilatını yararsız hala gətirmək üçün birgə səy göstərəcəkləri iddialarının düzgün olmadığı qənaətinə gəlmək olar.
Analitiklər düşünür ki, ABŞ İŞİD məsələsini ortaya atmaqla, radikal şiəliyi dəstəkləyən İranı bölgədəki təriqət savaşının içərisinə salmaq istəyir. ABŞ-ın Suriyadakı problemi həll etməmiş, digər yerlərdə etnik, dini qarşıdurmalar yaratması fonunda İran amili barədə bu cür şərhlər daha real səslənir. Təbii ki, rəsmi Tehran hər vəchlə regionda lider oyunçuya çevrilmək istəyirsə, Qərb bunu həzm edə bilməyəcək. Düzdür, İranın liberal prezidenti Həsən Ruhaninin sayəsində Qərblə münasibətlərdə "buzları əritməyə" cəhd etməsini müşahidə edirik. Lakin bu, sanksiyalardan əziyyət çəkən İranın ikitərəfli münasibətlərdə dönüş yaratmaq və əlaqələri normallaşdırmaq planıdır.
Qərblə İran arasında münasibətlər normallaşarsa belə, Ağ Ev bölgədəki ambisiyalarını həyata keçirməkdən əl çəkməyəcək. Kim bilir, bəlkə ABŞ-da İranla bağlı siyasətində korrektlər etməkdə maraqlıdır. Hər halda bunu bağlı qapılar arxasında aparılan məxfi danışıqların iştirakçıları bilərlər, amma zahiri siyasi görünüş bundan ibarətdir. ABŞ-ın Tehranla münasibətləri qaydaya salmasının arxasında isə yenə də Vaşinqtonun regionla bağlı maraqları dayanır. Ola bilsin ki, Ağ Ev liberal, demokratik imic təsəvvürü yaradan Həsən Ruhanin simasında özünə yeni müttəfiq qazanmaq istəyir. Bu, İranın güclənməsində Qərb dairələrinin maraqlı olduğunun göstəricisi deyil. Sadəcə olaraq Qərb regiondakı planlarını həyata keçirməkdə vasitəçi axtarmağa çalışır.
Proseslərin gedişi onu göstərir ki, ABŞ başda olmaqla Qərb Yaxın Şərqdə enerji resurslarını, təbii qaz və neft yataqlarına nəzarəti sözün bütün mənalarında ələ keçirmək üçün hələ çox qanlı hadisələrə müəlliflik edəcək.
Burda isə sual olunur. ABŞ Yaxın Şərqə girəndən bəri bölgədə sülh göyərçinlərimi uçur? Birmənalı olaraq "xeyr" cavabı vermək olar.
Aqşin Kərimov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53