Ermənistan hakimiyyətinin siyasətindəki absurd teatr
13:32 21-06-2014
İQTİSADİYYAT
Ermənistan hakimiyyətinin siyasətindəki absurd teatr
İşğalçı ölkə müxalifəti ilə Sarkisyan rejimi arasında nə baş verir?
Ermənistan siyasətindəki absurd teatrı davam edir. Ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan məqalə dərc etdirərək baş nazir Ovik Abramyanı ölkənin amansızcasına qarət olunmasına görə məsuliyyət daşıyan insanlardan biri adlandırıb.
Daha sonra o, ölkənin ən iri oliqarxlarından biri, "Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) sədri Qagik Surukyana "belə quldurdan uzaq durmağı və onunla əməkdaşlıq etməməyi" məsləhət görüb.
Ermənistan Milli Konqresinin (EMK) sədri, özünü ana müxalifətin lideri adlandıran adamın belə açıqlaması ən azı təəccüb doğurur. Çünki o, Yerevandakı hakimiyyət düşərgəsinin ən "parlaq", odioz və korrupsioner mənsublarından birini "quldur" adlandırmaqla yeni heç nə deməməklə yanaşı, elə həmin hakimiyyətin dayaqlarından biri, amma özünü "müxalifətçi" kimi qələmə verən başqa oliqarxı həmin quldurdan uzaq durmağa səsləyir.
EMK üç ay əvvəl prezident Serj Sarkisyan qarşısında bir sıra şərtlər qoyan və ən başlıcası, o dönəmdəki baş nazir Tiqran Sarkisyanın təcili istefasını tələb edən "Dördlük" üzvlərindən biridir. Həmin strukturda Levon Ter-Petrosyanın başçılıq etdiyi təşkilatla yanaşı, "Çiçəklənən Ermənistan" və İrs partiyaları, habelə Erməni İnqilabi Federasiyası-Daşnaksutyun var.
S.Sarkisyan hakimiyyət düşərgəsində yeniliklər və idarəetmə sistemində islahatlar görüntüsü yaradaraq Tiqran Sarkisyanı vəzifəsindən kənarlaşdırdı, onun yerinə Ovik Abramyanı təyin etdi.
"Dördlük" belə rokirovka ilə razılaşmadığından Sarkisyana müraciət edərək bu dəfə 12 bənddən ibarət şərtlər toplusunu səsləndirdi.
Levon Ter-Petrosyanın dediyinə görə, onlar şərtlərin yerinə yetirilməsini tələb edirlər və hakimiyyətə də payıza qədər vaxt veriblər.
İqtidar qarşısında 12 bənddən ibarət şərt qoyan və hakimiyyətə payıza qədər vaxt verən müxalifət birliyinin mənsublarından biri belə açıqlamalardan az sonra məqalə ilə çıxış edir, baş naziri quldur və qarətçi adlandırır, onun təyinatının hər şeyin olduğu kimi davam etməsinə yönəlmiş addım kimi dəyərləndirir.
Belə çıxır ki, liderinin "sərt" açıqlamalarla çıxış etdiyi EMK hakimiyyətdəki quldurlar qarşısında 12 bəndlik şərtlər qoyaraq cinayətkarların o tələbləri yerinə yetirməsinə bel bağlayır.
Ən azı payızadək gözləniləcəyi deyilir.
Paradoksal vəziyyət, məntiqlə izahı çətin məsələdir.
Təsəvvür edin ki, kimsə quldur adlandırılır, onun cinayətkarlığının əsla şübhə doğurmadığı deyilir, amma elə həmin adam qarşısında qanunların tam icra və cinayətkarlıqla mübarizə ilə bağlı şərtlər qoyulur, ən başlıcası isə sözügedən kriminal elementə payıza qədər vaxt verilir.
Ermənistanın siyasi gerçəkliyini əks etdirən belə situasiya demokratik bir yana - hakimiyyət institutlarını bilərəkdən iflic vəziyyətə salaraq özünü biabır etmək istəməyən diktatura ölkələrində də mümkünsüz məsələdir. Lakin Yerevanda yaşanır.
Levon Ter-Petrosyan hakimiyyətdəki komandanın cinayətkarlar, oğrular, rüşvətxorlar, yalançılar və quldurlardan ibarət olduğunu, Sarkisyanın dəstəsinin iqtidarda olduğu müddətdə heç nəyin dəyişməyəcəyini deyir - eyni zamanda şərtlərini səsləndirir, vaxt verir, gözləyəcəklərini bildirir.
EMK sədri kimi "ana müxalifət lideri", "Dördlük"də təmsil olunmuş "aparıcı müxalifət qüvvələri" olan ölkənin prezidenti Serj Sarkisyanın dövləti hərraca çıxarmasına, daxili siyasətdə isə tam volüntarizm və özbaşınalığı iş qaydasına çevirməsinə radikal etiraz etmir. Serj Sarkisyan istədiyini edir və faktiki olaraq onun qarşısında ciddi problemlər yaranmır.
Siyasi sirkdə problemlər yox, şoular olur.
Qədim Romada hakimiyyətin formulu "çörək və əyləncə" idisə, Ermənistanda bu ifadə müxalifətin fəaliyyət düsturudur.
Ermənistandakı "siyasi həyat"ın xüsusiyyətlərindən biri də elə budur.
Serj Sarkisyanın hakimiyyəti kütləni belə bayağı şoularla alışdırmaqla yanaşı, özlərini müxalifət partiyaları adlandıran qüvvələr də siyasi proseslərin illüziyalarını yaradıblar.
Belə situasiya, belə siyasi rəqiblər və düşmənlər barədə Serj Sarkisyan, yaxud da onun məziyyətlərinə malik hər hansı başqa siyasətçi, sadəcə, arzu edə bilərdi.
Məhz sadalanan məqamlara görə erməni müxalifətçilər nə qədər "radikal və sərt" davranırlarsa, hakimiyyət düşərgəsi bir o qədər rahat, azğın və asudə siyasət yürüdür.
Əslində isə problem qətiyyətdə, iradədə və ya radikallıqda yox, siyasətçilərin cəmiyyətlə münasibətlərinin nə dərəcədə ədalətli, şəffaf və vicdanlı olmasındadır. Cəmiyyət hakimiyyətin dəyişməsini, müxalifətin daha aktiv hərəkətlər etməsini istəyir. Belə sosial tələb bir an da olsun, səngimir.
Müxalifət liderləri olduqlarını deyən şəxslər də hakimiyyət təki vətəndaşları aldadırsa, onlar hansısa inamdan və ya dəstəkdən danışa bilməzlər.
Ermənistanda isə müxalifətçilər elə saxtakarlıq və vicdansızlıq edirlər ki, Sarkisyanın iqtidarındakı şəxslər belə, onların yalançılığına qibtə ilə tamaşa edir.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53