İŞİD-i necə məğlub etmək olar?
İŞİD-i necə məğlub etmək olar?

MKİ-nin İraq analitikindən ilginc iddia: "Bu terror təşkilatını ancaq onlar məğlub edə bilərlər"

Heç şübhəsiz ki, "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraq əməliyyatları bütün dünyanın diqqət mərkəzindədir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün 20 il ərzində İraqı izləyən analitik Judit Yaphe İŞİD terror təşkilatının məqsədləri və təşkilata qarşı mübarizə üsulları barədə Türkiyənin "Milliyyət" qəzetinə danışıb.
Yapheyə görə, sünnilər İŞİD-ə qarşı çıxmadığı müddətdə İraq və Suriya üçün dinclik yoxdur.

Terrorçuların qiyamı

J.Yaphe 20 il ərzində MKİ-nin İraq analitiki olaraq çalışıb. Buna görə də İraqın həm keçmişi, həm də müasir tarixini ən incə detallarına qədər bilir. İraqda baş verənlərin əslində nə olduğuna gəlincə, analitik məzhəblərarası döyüşə çevrilən bir terrorçu qiyamına şahidlik etdiyini deyir. Amma analitik İŞİD-in İraqda etdiklərinin bütün sünnilərin bütün şiələrə qarşı qlobal bir döyüşünün olmadığını bildirir. "İraq və Suriyada təsirli olan İŞİD və "Əl-Nüsra" Cəbhəsinin hərəkətlərindən bəhs edirik", - Yapne bildirir.

İŞİD nə istəyir?

Amerikalı analitik İŞİD-in əsas istəyinin torpaq olduğunu vurğulayır: "Şəriət dövlətini quraraq sərhədləri ləğv edəcəklər. Beləliklə, daha çox döyüşçüyə təlim keçərək onları sıralarına qəbul edə biləcəklər. Daha sonra isə yerlərində sakit şəkildə oturmayacaqlar. Bağdadı hədəf alacaq, ya da şiələrin müqəddəs şəhərləri olan Nəcəf və Kərbəlaya hücum edəcəklər. Bunu bacarıb-bacarmayacaqları isə ayrı bir müzakirənin mövzusudur. Amma prosesləri qlobal miqyasda düşündükləri qətidir".

ABŞ-ın İraq
işğalının İŞİD-in
yüksəlişindəki rolu

Amerikalı analitik İraq işğalının İŞİD-in yüksəlişinə müsbət təsir etdiyini deyir. Onun fikrincə, işğal nəticəsində bir çox bədbəxt sünni ortaya çıxdı: "İŞİD necə oldu ki, Mosul kimi bir şəhəri bu qədər asan ələ keçirə bildi? Mənə elə gəlir ki, öndə gedən sünni siyasətçilər, nüfuzlu tayfalar 2004-cü ildə "Əl-Qaidə"ni dəstəklədikləri kimi indi də İŞİD-i dəstəkləyirlər. İŞİD keçmiş BƏƏS-çilərin dəstəyi ilə müvəffəqiyyət qazanır".
J.Yaphe İŞİD-in Suriyadakı vətəndaş müharibəsində qazandığı qələbələrlə dünyanın dörd bir tərəfindən döyüşçü yığa bildiyini qeyd edir. Onun sözlərinə görə, terror təşkilatı nəzarət etdiyi torpaqlardan yığdığı vergi və neftayırma zavodlarından qazandığı pullarla İraqa keçdilər.
Analitik hesab edir ki, Vaşinqton İŞİD-ə tamamilə maneə törətməsi böyük ehtimalla mümkün deyildi. "Bir gecədə siyasi mədəniyyət yarada bilməzsiniz. Amma Corc Buş rəhbərliyi də bir çox səhvlərə yol verdi. Ordunun dağıdılması, dövlətin BƏƏS-çilərdən təmizlənməsi, sünnilərə ikinci sinif vətəndaşlar kimi baxılması, əslində, çox güclü siqnallar idi. Həmin andan etibarən milli birlik üçün bütün səylər heçə endirildi", - J.Yaphe dilə gətirib.
ABŞ əsgərlərinin
daha çox qalması
nəticəni
dəyişdirə bilərdimi?

Analitik bu suala mənfi cavab verir: "Amerikalılar kifayət qədər pul ilə hər şeyi düzəldə biləcəyini hesab edirlər. Amma vəziyyəti düzəldə bilməzdilər. Onsuz da əsl problem Nuri əl-Maliki ilə başladı. O, baş nazir olduğu gündən başlayaraq bütün idarəçilik mexanizmlərini aradan götürməyə başladı".
İraqdakı qarşıdurmanı kim və necə bitirə bilər? Yaphe 2004-cü ildən sonra qiyamı sünni ərəblərin bitirdiyini xatırladır: "Əl-Qaidə"ni dəstəkləyən tayfalar qorxunc bir səhv etdiklərini fərq etdilər. Amerikaya "bizi silahlandırsanız, döyüşərik" dedilər və "Əl-Qaidə"ni məğlubiyyətə uğratdılar. İŞİD-i də onlar təsirsiz hala gətirə bilər".
İraq Səddamı bundan daha yaxşı idimi? Yaphe bu suala "xeyr" cavabı verir. Amma o, eyni zamanda, bildirir ki, bugünkü vəziyyətin daha yaxşı olduğunu söyləmək də çətindir: "İraqlılar Səddam üçün "heç olmasa, təhlükəni tanıyırdıq" deyəcək. Fikrimcə, Səddamdan xilas olduğuna peşman olan tək bir iraqlı belə yoxdur".

Kürdlərin müstəqillik elan etməsi çətindir

Amerikalı analitik kürdlərin müstəqilliyini elan etməsini mümkün, amma çətin hesab edir: "İran belə bir müstəqilliyi görmək istəmir, çünki ərazisində də kürd xalqı var. Kürdlər isə İranı dinləməlidir. Çünki kürdlər quru ərazi ilə əhatə olunmuş vəziyyətdədir. Qonşuları ilə yaxşı əməkdaşlıq içində olmadan iştisadiyyatın inkişafı mümkün deyil. Ölkənin xarici dəstəyə və sərmayələrə ehtiyacı olacaq. Yəni müstəqilliyini elan etsələr belə, ayaq üstündə dura biləcəyindən əmin deyiləm".

Yaphe işğala qarşı idi

J.Yaphe ixtisasca tarixçidir. Osmanlı torpağı İraqda 1916-1920-ci illərdə baş verən ərəb üsyanları doktorluq işinin mövzusu idi. 1975-ci ildə MKİ-yə daxil olub. İraqla bağlı ən tanınmış analitik olaraq Küveyt müharibəsi zamanı ata Corc Buşun oxuduğu hesabatları hazırlayırdı. 1995-ci ildən Pentaqona bağlı Milli Müdafiə Universitetində dərs verməyə başlayıb. ABŞ 2003-cü ildə İraq işğalına hazırlaşdığı zaman buna qarşı ilk çıxanlardan biri də Yaphe oldu. Öz sözləri ilə "Səddamın getməsini istəyirdi, amma işğala qarşı idi".

İŞİD-ə görə günahkar Qərbdir?

İranın ali dini lideri İraqdakı mövcud vəziyyətdən danışıb. Ayətullah Xamneyi İŞİD-in adını çəkməyərək, amma bu terror təşkilatının əmiəllərinə işarə vuraraq bildirib ki, İraqdakı fitnənin və alovların yüksəlməsinin pərdə arxasında ABŞ başqa olmaqla imperialist qüvvələr dayanır: "Qərbin islami quruluşla ciddi düşmənçiliyi və müxalifəti var. Onların düşməncə mövqeyini görməzlikdən gələnlər düşmənə qarşı gözlərini bağlayan şəxslərlə eynidir. İran Qərblə yeni dialoq başlatmasına baxmayaraq imperialist qüvvələrin islam respublikası ilə düşmən olduğunu nəzərə almaq lazımdır. ABŞ rəhbərliyi başda olmaqla qərbli imperialist ölkələr İraq mövzusunda bir qrupun cəhalətindən faydalanaraq sui-istifadə edirlər. İraqı ABŞ-ın müdaxiləsi olmadan mənbəyi xalq olan demokratiyadan məhrum buraxmaq istəyirlər. ABŞ İraqda xalqın iştirakı ilə keçirilən seçkilərdə onun güvəndiyi bir şəxsin hökumət başına gəlməsindən narahat olaraq bu dövləti imperialist quruluşun suverenliyinə daxil olan və öz əmrini dinləyən bir ölkə olmasını istəyir".
Ali dini lider ABŞ-ın İraqda məzhəb qarşıdurması baş verməsi istiqamətində təbliğatına da toxunub: "İmperialist quruluş Səddam Hüseynin BƏƏS rejiminin ünsürlərini və radikal təkfirçi ünsürləri istifadə etməklə İraqın sabitliyini, dincliyini və ərazi bütövlüyünü hədəf alıb. İraqdakı əsl fitnə ünsürləri onun müstəqilliyinə inanan mömin sünni qruplarla yanaşı, şiələrə də eyni düşmənçiliyi göstərir. Əslində ABŞ İraqı öz qərargahına çevirmək istəyir. Ancaq İraq dövləti, xalqı və dini mərcələri bu ölkədə alovlanan atəşi söndürməyə qadirdirlər. Ona görə də İran ABŞ-ın İraqın daxili işlərinə müdaxiləsinin tamamilə əleyhinədir".

İran prezidenti isə
İŞİD məsələsində
bəzi müsəlman
ölkələrini suçladı

İran prezidenti Həsən Ruhani isə bəzi müsəlman ölkələrinə xəbərdarlıq edib. Həsən Ruhani bildirib ki, müsəlman dünyasındakı terrorçu qruplaşmalar İsrailə dəstək verir: "Bəzi müsəlman ölkələri neftin pulu ilə terrorçulara dəstək olur, ancaq həmin dövlətlər sabah sıranın onlara gələcəyini başa düşməlidirlər. Artıq heç kim Fələstin və Qüdsü düşünmür. Hazırda insanların qanına susayan vəhşilər uşaqları boğazlayır, gənc qızları kölə olaraq qaçırır, müsəlmanların evlərini başlarına uçurur, heç bir peyğəmbər və din adamına hörmət göstərmir. Bu da ağır faciədir. Bu gün müsəlmanların pis günü, təəssüf ki, sionistlərin yaxşı günüdür. Çünki sionistlərin pərdə arxasındakı rolu dəqiq olaraq ortadadır. Onlar müsəlmanları bir-biri ilə qarşı-qarşıya qoyaraq qırğın və ölümlərdən həzz alırlar. Sionistlər müsəlmanlar arasında savaş çıxarmaqla fələstinliləri rahatlıqla işgəncədən keçirməyə və Qəzzanı bombardmanları ilə məhv etməyə çalışır. Sionistlərin səbəb olduğu mühitdə artıq heç kimsə Fələstin və Qüdsü düşünmür bu iş üçün müxtəlif adlar altında İslam bayrağıyla insanların qanını axıdırlar. Sionist və barbarların şeytandan başqa bir məbudu yoxdur. Onlar Əfqanıstan, Pakistan, İraq, Suriya və Livan başda olmaqla müsəlman dünyasında qırğınlar törədirlər".
İran prezidenti İŞİD terrorçularını nəzərdə tutaraq onları "yaşlı şeytan" adlandırıb: "Bayraqlarında "Lə ilahə illəllah" yazan terrorçular Allaha deyil, Şeytana tapınırlar. Adam öldürmək, şiddət və vəhşiliyə qarşı müsəlman dünyasının şiə və sünni üləmaları birləşib radikalizmə qarşı sülhə və vəhdətə çağırış etmələri zəruridir. Müsəlman dünyasında şiə və sünni arasında ayrı-seçkilik mövcud deyil. Uzlaşma içərisində yanaşı yaşayan şiə və sünnilər arasındakı qardaşlığın haqsız olaraq yox edilməsinin istənilməsində məqsəd İsrailin rahatlığının düşünülməsidir".

ABŞ dövlət katibi İŞİD-ə görə İraqa gəldi

ABŞ-ın dövlət katibi Con Kerri İraqın paytaxtı Bağdada gedib. Kerri İraqın Nuri Əl-Maliki hökumətinin İŞİD hücumlarına qarşı daha effektiv mübarizə aparmasına yardım etmək üçün paytaxt Bağdada təşrif buyurub.
Kerri həmçinin İŞİD-ə qarşı savaşmaq üçün İraq hökumətinə ABŞ-ın yardımları da müzakirə edəcək.

ABŞ İranın İraqa
hərbi qüvvə
göndərmədiyini açıqladı

İran İraqa hərbi qüvvə göndərməyib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi açıqlama verib.
Onun sözlərinə görə, ABŞ İran hərbçilərinin İraq hökuməti ilə məsləhətləşmələr aparmasından xəbərdardır: "İndiyədək İranla ABŞ arasında İraq mövzusunda heç bir müzakirə olmayıb və bu məsələ ilə bağlı bir proqramımız da yoxdur. İki ölkə arasında nüvə məsələsi ilə bağlı müzakirələr baş tutub. Ancaq İranla ABŞ arasında yalnız İraq böhranının müzakirə edildiyi görüş həyata keçirilməyib".

İŞİD-ə qarşı müsəlman ordusu yaradılır?!

Artıq İraq və Şam İslam Dövlətinin bütün dünya müsəlmanları üçün təhlükə olması sirr deyil. Elə bu səbəbdən İŞİD-ə qarşı müsəlman ordusunun yaradılması ideyası ortalığa atılıb.
Bu arada ABŞ-ın İŞİD-in müttəfiqi olması məsələsi gündəmə gəlib. Belə ki, ABŞ Konqresinin senatoru Rənd Paul ölkəsinin Yaxın Şərq siyasətini sərt şəkildə tənqid edib.
Paul İraqda baş verən gərgin prosesləri ABŞ-ın Suriyada İŞİD-i dəstəkləməsinin nəticəsi adlandırıb. "CNN"-ə müsahibəsində respublikaçı senator deyib: "Suriyada baş verən proseslərdə ABŞ İŞİD-ə silah göndərirdi. Ona görə də bu ölkədə gərgin proseslər səngimək bilmirdi. İŞİD bizim Suriyadakı əsas müttəfiqimiz idi. ABŞ Əsəd rejimini vurmaq üçün Suriyada silahlanma işi aparırdı. Bu ölkədə həmin qüvvələr üçün təhlükəsiz məkanlar yaratdıq. Hesab edirəm ki, bizim Suriyaya müdaxiləmiz İraqda vəziyyətin yenidən gərilməsinə səbəb oldu".
Murad İbrahimli