Bəzi məmurlardan vətəndaşlara ağır zərbə
11:45 24-06-2014
İQTİSADİYYAT
Bəzi məmurlardan vətəndaşlara ağır zərbə
Bakıda ev tikmək istəyənlərin sevinci necə gözündə qaldı?
Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklik özlərinə yuva qurmaq istəyənlərin böyük sevincinə səbəb oldu.
Milli Məclis tikintisi üçün icazənin tələb olunmadığı yaşayış binaları ilə bağlı qanunvericiliyə yeni əlavə edilib. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq edilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur. Qanunvericiliyə edilmiş bu dəyişiklik insanlar arasında maraqlı fikir yaradıb.
Məlumatı eşidənlər ev tikərkən heç bir icazə alınmayacağını düşünürlər. Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü, millət vəkili Tahir Rzayev isə artıq açıqlama verib ki, qanunvericilikdə edilmiş dəyişiklik ev tikilməsinə icazə ilə bağlı ciddi fərqlər yaratmayıb. Onun sözlərinə görə, burada evin tikilməsinə icazənin ləğvindən söhbət getmir. Ev tikməklə bağlı məsələdə heç bir dəyişiklik olmayıb. Evin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanına tikinti ilə bağlı müraciət edib, evin eskiz layihəsi təqdim olunmalıdır. Əgər evin hündürlüyü 12 metrə qədərdirsə, yerli icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Vətəndaşın razılaşdırma ilə bağlı icra hakimiyyətinə müraciəti 3 ay müddətinə cavablandırılır. Əgər icra hakimiyyəti bununla bağlı 3 ay müddətinə cavab verməsə, tikintiyə başlamaq olar.
Millət vəkili qeyd edib ki, qanuna yeni edilmiş dəyişiklik ancaq evlərin ara məsafəsinin divarla hündürlüyündən asılı olaraq dəyişməsi ilə bağlıdr. Yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Bu vaxta qədər bina qonşunun evinin divarına birləşdirilirdi ki, daha belə hallara qanunla icazə verilməyəcək.
Göründüyü kimi, ev tikmək istəyən vətəndaşların sevinci uzun çəkməyib və onların arzusu gözündə qalıb. Əslində qanunvericiliyə edilmiş dəyişiklik ev sahibi olmaq istəyən vətəndaşların işində hər hansı ciddi asanlaşdırma yaratmayıb.
Halbuki minlərlə insan məhz bu arzudadır və indiki şərtlərin ağırlığından gileylənir. Dəyişikliklərin vətəndaşların gözləntilərini qarşılamamasını isə ancaq bəzi məmur maraqları ilə izah etmək mümkündür.
Heç kimə sirr deyil ki, vətəndaşların ev tikməsi daha çox bir sıra məmurların maraqlarına cavab verir, onlar bununla bağlı mövcud prosedur qaydaların ağırlığından istifadə edərək külli miqdarda pul qoparırlar. Digər tərəfdən isə süründürməçilik, bürokratik əngəllər ev sahibi olmaq istəyən vətəndaşları sözün həqiqi mənasında yorub əldən salır.
Qeyd edək ki, bir müddət əvvəl saytların birinin araşdırması zamanı məlum olmuşdu ki, Bakıda konkret olaraq birotaqlı yaşayış sahəsinin tikintisinin icazəsi vətəndaşa 5000 manata başa gəlir. Zonadan asılı olaraq bəzən qiymətlər dəyişir. Hətta paytaxtın elə əraziləri var ki, İcra Hakimiyyəti tikintiyə başlamazdan əvvəl vətəndaşdan 50 min manat tələb edir. Təbii ki, bu da hər rayonunun "kiçik padşahının" qoyduğu özünəməxsus qaydalardır. Yəni evin tikdirilməsi zamanı həmin "padşahları"n xeyir-duasını almalısan. Bu görüm-baxım isə heç də 5-6 manata başa gəlmir.
Bütün bu deyilənlərdən də görünür ki, vətəndaşların ev tikmək istəməsi bir çox məmurlar üçün necə ciddi "gəlir mənbəyi"dir və onların bu qazanc yerini itirmək istəməsi çox təəccüblü olardı. Odur ki, qanunvericilikdə məhz vətəndaşları sevindirəcək önəmli dəyişiklik baş verməməsini təbii qarşılamaq lazımdır.
Azərbaycan reallığında bəzi məmurlar icazə verərlərmi ki, vətəndaşlar asan yolla ev tikə bilsinlər? Necə ki, icazə vermədilər. Bəlkə gələcəkdə bu reallaşa bilər, amma belədə də bir atalar sözü yada düşür: ""Bəlkə"ni əkiblər, amma bitməyib".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53