Narazıların razı sayıldığı bədbəxt məkan
11:49 24-06-2014
İQTİSADİYYAT
Narazıların razı sayıldığı bədbəxt məkan
Hədsiz problemlər məngənəsində boğulan kütlənin idarə olunması ağır məsələdir. Qulların üsyanı, kölələrin qiyamı qanlı, faciəli olur.
Müasir dünyada ölkəsini quldarlıq quruluşundakı varlıların şüuru ilə idarə edənlərsə özlərini ikiqat faciəyə düçar edirlər.
Ermənistanda hakimiyyət dəyişiklikliyinin zərurəti, Serj Sarkisyan iqtidarının cinayətkar mahiyyəti ucbatından ermənilərin bundan sonra da feodal təfəkkürlü insanların istibdadına dözmələrinin yolverilməzliyi və geniş xalq kütlələrinin etiraz aksiyalarının labüdlüyü barədə müzakirələr başlayanda Yerevanda bütün hallarda bir arqument işləkdir.
Müxalifətçilər bildirirlər ki, Ermənistanda sistem dəyişikliklərinin qısa müddətdə reallaşması mümkün deyil. Sən demə, Serj Sarkisyan çox istəsə belə, kriminal-oliqarxik sistemin müqavimətini qırmaq imkanlarına malik deyil.
Həmin sistem heç şübhəsiz ki, istənilən islahatlara və dəyişikliklərə qarşıdır. Bu, həqiqətdir və Yerevandakı hakimiyyət mənsubları özlərini, mövqelərini və malik olduqları hər şeyi qorumaq üçün bütün vasitələrə əl atırlar.
Onlar azacıq təhlükə hiss edən kimi aktivləşəcək, rəqib və ya təhlükə saydıqları qüvvələrlə şəxsləri məhv etmək üçün maksimal səylər göstərəcəklər.
Ovik Abramyanın baş nazir postuna təyinatı da Ermənistan prezidenti Serj Sarkisyanın bu sistemə zərrə qədər yeniliklər etmək niyyətində olmadığına dəlalət edir.
Qonşu ölkədəki demokratiya istəkləri, vətəndaş cəmiyyətinin qurulması azrularını iqtidar "əcinnə ovu" kimi anladığından elementar ədalət məhkəməsi istəkləri belə, qiyam və ya üsyan arzuları kimi qəbul olunur.
Ermənistandakı oliqarxların və milyonçuların varidatlarını, yığdıqları kapitalları, sadəcə, kriminal yolla əldə etdiklərini və artırdıqlarını xatırlasaq, hansısa ədalət məhkəməsindən söhbət də gedə bilməz. Hakimiyyət dəyişikliyi üçün, bəlkə də, elə ilk şərt məhkəmələrin, gerçəkdən də, azad olmalarıdır.
İdarə olunan kütlənin halının pisləşməsi, yoxsul və səfillərin sayının artması, işsizliyin pik nöqtəyə çatması erməni milyonçuları da narahat etməyə başlayıb.
"Yaşadığın küçədə insanların əksəriyyəti sabahkı günün çörəyini düşünürsə, sən milyardlarından rahat faydalana bilməzsən", - bunu dünyanın ən zəngin və qəddar narkobaronlarından biri, minlərlə insanın qətlə yetirilməsində bilavasitə "əməyi" olmuş mərhum kolumbiyalı Pablo Eskobar söyləmişdi.
Kolumbiyalı narkokartellərdən fərqli olaraq, Ermənistandakı oliqarxlar istismar etdikləri insanlara zahirən də olsa, qayğı göstərməyi, populist xeyriyyəçilik etməyi bacarmırlar və daha doğrusu, bunu etmirlər.
İstənilən mafiyanın, mütəşəkkil cinayətkar qruplaşmalarının həyat prinsipləri arasında öldürülən, əzilən, qarət olunan və sovurulan insanların mənsub olduğu kütləyə hərdənbir "hamilik" etmək, bu binəvalarda onların "sərt, amma ədalətli insanın" nəzarətində olduğu illüziyasının yaradılmasıdır.
Hər yerdə belədir - Ermənistandan başqa.
Bu ölkədəki oliqopoliya o qədər harınlaşıb və həyasızlaşıb ki, vətəndaşlıq statusundan qeyri-rəsmi qaydada çoxdan məhrum etdikləri fərdləri, ümumiyyətlə, adam saymırlar.
Sabiq prezident Robert Köçəryanın yaratdığı və indi də sürəkli nəzarətdə saxladığı "Çiçəklənən Ermənistan" Partiyasının lideri, ən iri oliqarxlardan biri Qagik Sarukyan bir qədər dəyişməyə cəhd göstərir.
O, sonsuz istismar, biznes strukturlarındakı minlərlə, partiyasının müxtəlif vasitələrlə inandırdığı on minlərlə insanı sonsuz aldatmağın mənasız və təhlükəli, fəsadlı iş olduğunu dərk etdiyindən şüurunda irəliləyişlər olduğunu göstərməyə çalışır.
Qagik Sarukyanın son vaxtlar mikroskopik miqyasda xeyriyyəçilik etməsi, hakimiyyətə qarşı çıxmaq görüntüsünü yaratması, müxalifət düşərgəsində təmsil olunduğunu və mühümü - Serj Sarukyanın komandasında olmadığını deməsi kütləyə "oynamaqdır".
Erməni siyasətçilər kimi, milyonçular da bilirlər ki, fəaliyyətləri Konstitusiya və qanundan kənardır, cinayətkarlıqla məşğuldurlar və bu səbəbdən də hakimiyyət dəyişikliyinin baş verəcəyi, iqtidarın dəyişəcəyi və ölkənin başqa adamlar tərəfindən idarə ediləcəyi təqdirdə onları ən yaxşı halda varidatdan məhrum olmaq gözləyir.
Məhz bu səbəbdən də onlar indi yenidən təmərküzləşməyə, hakimiyyətin nəzarətindəki sektorlardakı nəzarət imkanlarını artırmağa, siyasətlə kapitalın tam sintezini yaratmağa can atırlar.
Bəhs etdiyimiz prosesin tərkib hissələrindən biri Ermənistandan maliyyə axınları olduğundan, ölkə iqtisadiyyatının durumunun sürətlə pisləşməsi və ümumidaxili məhsul həcminin sürəkli azalması təəccüb doğurmamalıdır.
Baş nazir Ovik Abramyan kapital axınının qarşısını almaq üçün effektiv tədbirləri ehtiva edən dövlət proqramının hazırlanmasından bəhs etsə də, heç nə dəyişməyib və indiki komanda iqtidarda olduğu müddətdə də dəyişən deyil.
Səbəb primitivdir: erməni məmurlar və oliqarxlar iqtisadiyyatın süni inhisarlaşdırılma vasitəsilə idarə olunmasını mövcud şəraitdə ən əlverişli metod saydıqlarından istənilən formada yeniliklərə, azacıq da olsa, demokratik islahatlara qarşı çıxırlar.
Halbuki normal ölkələrdən fərqli olaraq, Ermənistanın kosmetik də olsa, islahatlara çox böyük ehtiyacı var. Dəyişikliklər başlanmazsa, oliqopoliya və süni inhisarların tüğyan etməsi dövlətin varlığına qarşı yönəlmiş zərbələr seriyası, cəmiyyəti məhv edəcək gecaçılan minadır.
Günlərin birində Serj Sarkisyanın sistem dəyişikliklərə başlaması və ya Qagik Sarukyanla digər "müxalifət lider"lərinin Yerevandakı Azadlıq Meydanında fasiləsiz etiraz aksiyalarına başlaması da irrealdır.
Kriminal oliqarxiyanın məhv olunması üçün proses artıq başlanmalı, cəmiyyət hələlik mənasız və kiçik saydığı addımların atılmasına rəvac verməlidir.
Müxalifətin zəifliyi, kütlənin süstlüyü ilə bağlı xroniki bəraətlər unudulmalıdır.
Hər halda Gürcüstan təcrübəsi var. Sabiq prezident Mixeil Saakaşvili çox qısa müddətdə kriminal-oliqarxik sistemin müqavimətini qırmağa müvəffəq olmuşdu. Halbuki Gürcüstandakı mənhus sistem Ermənistandakı "xərçəng yarası"ndan az fərqlənirdi.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53