İlham Əliyev Avropaya dərs keçdi
10:39 25-06-2014
İQTİSADİYYAT
İlham Əliyev Avropaya dərs keçdi
Prezident, Azərbaycanın öz yolunun olduğunu bir daha bəyan etdi
Bakı vaxtı ilə saat 15:00-da Azərbaycan prezidenti İlham Əliyev AŞ PA sessiyasının keçirildiyi zala daxil olub. Əliyev zala daxil olarkən alqış səsləri eşidilib, Azərbaycan prezidenti zalda onun üçün ayrılmış yerdə əyləşib.
AŞ PA prezidenti Ann Brasser Azərbaycan prezidentini assambleya üzvlərinə təqdim edib. Bildirib ki, İ.Əliyev əvvəllər AŞ PA vitse-prezidenti olub və Avropa Şurasının işində fəal iştirak edib. A.Brasser xatırladıb ki, indi İ.Əliyev iclasda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən ölkənin dövlət başçısı kimi iştirak edir.
A.Brasser Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunub, ölkənin ərazilərinin bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin nizamlanması üçün Minsk Qrupunun vasitəçilik etdiyini, AŞ PA-nın da tərəflər arasında sülhə nail olmaq üçün səylər göstərdiyini bildirib.
Brasser həmçinin İ.Əliyevin 2004-cü ildə AŞPA-dakı çıxışını xatırladıb və deyib: "Cənab prezident, axı siz demişdiniz ki, ölkədə güclü iqtisadiyyatın olması kifayət deyil, demokratik dəyərlər, siyasi azadlıqlar və siyasi islahatlar da olmalıdır. Bu gün sizin ölkənizdə güclü iqtisadiyyat var, ancaq demokratiya sahəsində problemlər mövcuddur".
Prezident İlham Əliyev çıxış üçün tribunaya qalxıb və A.Brasserə müraciətlə bildirib: "Mən sizə minnətdaram ki, 10 il əvvəl burada, bu zalda dediyim sözləri xatırlatdınız. Mən öz sözlərimin üstündə dururam. Azərbaycan həm siyasi, həm iqtisadi islahatlar sahəsində böyük inkişaf yolu keçib. Və biz qısa müddət ərzində böyük uğurlara nail olmuşuq".
Prezident daha sonra bildirib":Bu islahatlar 90-cı illərin ortalarından, təxminən elə bizim ölkənin müstəqilliyindən sonra başlayıb.Müstəqilliyimizin ilk illəri bizim xalqımız üçün faciəyə çevrildi. İqtisadi çətinliklər var idi, siyasi və iqtisadi böhran yaranmışdı, Azərbaycandakı ilk hakimiyyətin ölkəni qeyri-effektiv idarə etməsi çox ciddi vəziyyətə gətirib çıxarmışdı. Ümumiyyətlə, əsas məsələ bizim dövlətimizin mövcudluğu idi. 90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı. Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Bizim öz istəyimizlə bu təşkilatın üzvü olmaq və ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir.KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir. Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub. Eyni zamanda sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir.
Biz bunu ona görə etmirik ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək, yaxud beynəlxalq təşkilatlardan müsbət qiymətlər alaq, biz ölkəmizi müasirləşdirmək fikrindəyik və işlərimizi bu istiqamətdə aparırıq. Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz. Məhz buna görə bizdə demokratik islahatlarla iqtisadi islahatlar paralel aparılır və ümumilikdə cəmiyyətimizdə müsbət ab-hava yaranıb. Bununla yanaşı, bizim ölkədə din və etiqad azadlığı mövcuddur, bu da əsas uğurlarımızdan biridir.
Bizim cəmiyyətimiz multietnik və çoxmillətlidir, müxtəlif dinlərin təmsilçiləri dinc və əmin-amanlıq şəraitində birgə yaşayır. Bu, əsrlər boyu belə olub. Multikultiralizm də bizim üçün prioritet təşkil edən məsələlərdəndir. Biz Avropa Şurasındakı sədrliyimiz dövründə fəaliyyətimizi bu məsələnin üzərində də cəmləşdirəcəyik.
Çox təəssüf ki, indi dünyanın bir çox bölgəsində, istər bizim qonşuluğumuzda, istərsə də Yaxın Şərq kimi regionlarda narahatlıq yaradan tendensiyalar mövcuddur. Bunlar bölücülük və nifrət kimi tendensiyalardır. Biz bu problemləri həll etməliyik".
Dövlət başçısı Azərbaycanın əsas prioritetlərindən birinin də korrupsiya ilə mübarizə olduğunu vurğulayıb: "Azərbaycan bu sahədə unikal bir təcrübəyə malikdir. Təəssüf ki, SSRİ-nin bütün keçmiş respublikaları bu problemlə - köhnə nəsildən qalma korrupsiya problemi ilə üzləşib. Korrupsiya problemi bizim ölkəmizdə də uğurlu inkişafa maneələr yaratmaqdadır. Buna görə də Azərbaycanda korrupsiya ilə uğurla mübarizə sahəsində bir sıra inzibati tədbirlər həyata keçirilib, islahatlar aparılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ASAN dövlət xidmətinə dair proqramdır. Bu proqram artıq il yarımdır, fəaliyyət göstərir. Yeni proqram Azərbaycanda korrupsiyanın səviyyəsinin azalmasına çox böyük təsir etdi. Bizim bu təcrübəmiz hesab edirəm ki, digər üzv ölkələr üçün də maraqlı ola bilər.
Bizim sədrliyimiz dövründə qaldıracağımız əsas məsələlərdən biri də eyni regiondakı ölkələrə fərqli yanaşmalar məsələsidir. İkili standart məsələsi mütləq şəkildə rədd edilməlidir və biz bu istiqamətdə müəyyən işlər görəriksə, bu bizim sədrliyimiz üçün böyük uğur olmuş olar. Bizim ölkəmiz regionda sabitləşdirici rol oynayır. Çünki Azərbaycanın potensialı artır, beynəlxalq əməkdaşlığa yönəlmiş təşəbbüslərimiz də qonşularımız tərəfindən dəstək almaqdadır və bu ölkələrin sayı getdikcə artır. Bizim beynəlxalq təşkilatlar arasında da mövqelərimiz güclənir. Azərbaycanın diplomatik uğurlarından biri də o oldu ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdu. Çünki bizim kimi gənc bir ölkənin dünyaya təqdim olunması baxımından bu, olduqca vacib bir məsələ idi və biz bununla qürur duyurduq. Bir çox ölkələr də bizim bu namizədliyimizi dəstəkləmişdilər. Beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycana dəstək göstərirlər, ona etibar edirlər və ölkəmizi etibarlı tərəfdaş hesab edirlər. Bu iki il ərzindəki üzvlüyümüz dövründə biz BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etdik və bizim bu sədrliyimiz çox uğurlu oldu. Biz bu təcrübəmizi gələcək fəaliyyətimizdə də istifadə edəcəyik.
Avropa bizim əhəmiyyətli tərəfdaşımızdır və Azərbaycanla Avropa arasındakı tarixi əlaqələr bizim müstəqilliyimizdən sonra möhkəmlənir. Müsəlman ölkəsi olaraq biz eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Biz yalnız coğrafi baxımdan deyil, iqtisadi baxımdan da bir növ dünyanın iki qitəsi arasında körpü rolunu oynayırıq. Biz nə qədər irəliyə doğru gediriksə, bizim sivilizasiyalar arasındakı rolumuz bir o qədər artır".
Prezident İlham Əliyev nitqini başa vurub və sual-cavab başlayıb. Sual üçün ilk söz alan İrlandiya nümayəndə heyətinin üzvü, Azərbaycanda siyasi məhbuslar məsələsini yenidən AŞ PA-nın gündəminə gətirməyə çalışan Maykl Maknamara olub. Maknamara ötən ilki prezident seçkilərindən sonra Azərbaycanda "siyasi motivli həbslər aparıldığı" barədə danışıb, siyasi məhbusları azad etməyə çağırıb.
Prezident İ.Əliyev Maknamaraya sərt cavab verərək bildirib ki, Azərbaycanda siyasi məhbuslar yoxdur. Azərbaycan prezidenti Kristofer Ştrasserin yalan məlumatlar əsasında siyasi məhbus məruzəsi hazırlayıb AŞ PA-nın qış sessiyasında təqdim etdiyini, lakin bu səylərin iflasa uğradığını bildirib.
"Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur" - deyə o vurğulayıb.
Yunanıstanın eks xarici işlər naziri Dora Bakoyannis Azərbaycan prezidentinə Qarabağ məsələsi və Avropa Şurasında bu münaqişənin həlli üçün göstərilən səylər barədə sual verib.
İ.Əliyevə siyasi islahatlar və bu sahədəki problemlər barədə sual ünvanlanıb. Prezident siyasi azadlıqlarla bağlı problemlərin olduğunu gizlətməyib, ancaq bildirib ki, problemlərdən ölkəyə qarşı ədalətsiz tənqidlər və əsassız hücumlar üçün istifadə etmək lazım deyil. Xüsusən də ona görə ki, bu hücumlar heç bir nəticə verə bilməz. Prezidentin sözlərinə görə, diqqəti ancaq mənfinin üzərinə yönəltmək düzgün deyil. Diqqəti pozitiv dinamikaya yönəltmək lazımdır.
"Bizdə bütün siyasi azadlıqlar var, o cümlədən KİV azadlıqları. Başa düşün, internet azaddırsa KİV azadlıqlarını məhdudlaşdırmaq bizim nəyimizə lazımdır?" - deyə İ.Əliyev bildirib. Prezident ölkədə toplaşmaq azadlıqlarının da olduğunu deyib.
"Prezident seçkilərindən sonra biz müxalifətə mitinqlərin keçirilməsi üçün meydan ayırdıq. O bizim problem deyil ki, meydana cəmi 860 adam gəldi" - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı SDİ rəhbəri Leyla Yunus məsələsi ilə bağlı suala cavabında deyib ki, L.Yunus prokurorluğa ifadə verməyə çağırılsa da bundan imtina edib.
Daha sonra prezidentə Azərbaycanda mətbuat azadlığı və jurnalistlərin həbsi, habelə seçkilərin saxtalaşdırlması barədə sual verilib.
İlham Əliyev deyib: "Siz öz sualınızda iki dəfə yalan danışdınız. Azərbaycan həbsxanalarında bircə dənə də jurnalist yoxdur. İkinci yalanınız isə prezident seçkiləri ilə bağlıdır. Seçkilərdə heç bir saxtalaşdırma halı olmayıb. Bunun təsdiqi isə AŞ PA-nın, ATƏT-in və digər beynəlxalq qurumların seçkilər barədəki hesabatlarıdır. Belə şeylər yəqin ki, sizin ölkənizdə olur. Öz ölkənizin işləri ilə məşğul olun".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53