Cəmil Həsənlinin müxalifəti məhv etmək planı
10:41 25-06-2014
İQTİSADİYYAT
Cəmil Həsənlinin müxalifəti məhv etmək planı
Milli Şura sədri xaricdən aldığı sifariş əsasında müxalifət düşərgəsində hamını bir-birinə düşmən edib
Dünən eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 76-cı il dönümü idi. Bu münasibətlə müxalifətdə olan siyasi partiyaların üzvləri, eləcə də mərhum prezidentin ailə üzvləri Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
Amma elə bu ziyarətin hansı formatda gerçəkləşdiyinə diqqət yetirilsə, müxalif düşərgənin hansı vəziyyətdə olduğunu görmək olar. Diqqət edin, dünən Milli Şurada təmsi olunan qüvvələr yəni, Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və partiyanın bir qrup üzvü Elçibəyin məzarını ziyarət ediblər. Sonra Müsavat Partiyası özünə yaxın bir qrup ictimai-siyası fəal şəxslər fəxri xiyabanda olublar. Klassik Xalq Cəbhəsi Partiyası da ziyarəti təkbaşına keçirməklə Milli Şuradakılarla yollarını rəsmən ayırdıqlarını bəyan etdi. Belə baxanda, vaxtiylə bu düşərgəni bir araya gətirən Elçibəyin məzarı müxalifətin parçalandıqlarını rəsmən elan edildiyi bir məkan oldu. Yəni, bir ovuc adamdan ibarət olan bu düşərgə liderlərini bir yerdə ana bilmirlərsə, onlardan başqa nəsə gözləmək də absurddur.
Dünən AXCP Ali Məclisin sədri Həsən Kərimov mətbuata müsahibə verərək müxalifət düşərgəsində, xüsusən də Milli Şurada mövcud olan gərginliyin bütün detallarını açıqladı. O, Milli Şuranın sessiyalarının nədən keçirilməməsi, KXCP ilə münasibətlərə də aydınlıq gətirdi: "Ən ciddi problemimiz yer məsələsidir. Sessiyanın keçirilməsi üçün yer tapa bilmirik. Qurumun sessiyaları əvvəllər AXCP-nin qərargahında, son vaxtlar isə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilirdi. Son sessiyada da KXCP ilə bağlı baş verən problemin şahidi oldunuz. Ona görə də yer problemimiz var. Amma Milli Şuranın Koordinasiya Mərkəzi hər həftə toplanır, müəyyən qərarları qəbul edirlər. Çox güman ki, yaxın vaxtlarda sessiya keçiriləcək. İclaslar KXCP-nin qərargahında keçirilirdi. Sonra yəqin ki, burada müəyyən problemlər var. Görünür, KXCP sədrinin son sessiyada atdığı addım digər məsələlərlə yanaşı, yer məsələsinə də təsir edib".
Qeyd edək ki, Mirmahmud Mirəlioğlu son sessiyada bildirmişdi ki, KXCP Milli Şuradan çıxmış olsa belə, Milli Şura partiyanın qərargahında sessiyalarını keçirə bilər. Amma H.Kərimov bildirb ki, onlara söz deyil, əməl lazımdır, amma bu da ortada yoxdur." Sessiya KXCP-də keçirilmirsə, deməli, nəsə problem var. Müstəqil ziyalıların da ərizələri var və təmsil olunmaq istəyirlər. Bunların arasında mühacirətdə olan xeyli insanlar var. Mirmahmud bəyin də partiyasına yaxın adamlar varsa, buyursunlar, təkliflərini versinlər. O insanların ictimai nüfuzunu nəzərə alıb, Milli Şuraya qəbul edə bilərik. Milli Şuraya üzv olmaq istəyənlərin arasında AXCP-yə hörməti olan varsa və ya üzvüdürsə, bundan Mirmahmud Mirəlioğlu niyə narahat olur ki? Təşkilatlanmaq necə olur? Üzv olmazsa, nəyin hesabına təşkilatlanacağıq? Yeni üzvlər gəlməlidir ki, təşkilat da həmin üzvlərin hesabına komissiyalarını, işçi qruplarını yaratsın, qanun layihələri işlənilsin. Havadan təşkilatlanma olmur ki. Bu məsələdə bir qədər ehtiyatlı danışsalar, yaxşı olar",- deyə AXCP yetkilisi vurğulayıb.
Bütün bunlar da onu göstərir ki, günü sabahdan AXCP ilə KXCP arasında müharibə elan olunacaq. Əslində, bütün bunların hamısının başında Milli Şuranın sədri Cəmil Həsənli dayanır. Təbii ki, bu fikri əsaslandırmaq üçün kifayət qədər əsaslar da var. Gəlin, əvvəlcə Cəmil Həsənlinin siyasi karyera keçmişinə baxaq. O zaman onun istəklərinə nail olmaq üçün hansı variantlara əl atdığının şahidi olmaq olar.
Xatırlayırsınızsa, Milli Şura yarananda Rusiyanın müəyyən dairələrinin layihəsi kimi ortaya çıxdı. Amma sonradan planda dəyişiklik baş verdi, Milli Şuranın lideri Rüstəm İbrahimbəyov min bir bəhanə ilə Bakıya gəlmədi və yeni lider axtarışına çıxıldı. O zaman Cəmiil Həsənli yaranmış fürsətdən istifadə edərək ortaya çıxdı. Bununla da Milli Şura Qərb dairələrinin layihəsinə çevrildi və lider kimi Cəmil Həsənli Avropadan əmrlər almağa başladı. Cəmil Həsənliyə gələn ilk tapşırıq seçki kampaniyası zamanı televiziyadan istifadə edərək hakimiyyət rərbərlərinə qarşı qarayaxma kampaniyası aparmaq idi. Bəli, Cəmil Həsənli milyonların gözü qarşısında hansısa xarici qüvvələrə işlədiyini sübut elədi. Heç bir əsas olmadan, ölkə rəhbərliyinə qarşı şantaj, şər-böhtan kampaniyasına başladı. Amma onun bu qarayaxma kampaniyası əks-effekt verdi. Məhz, bunun nəticəsi idi ki, Cəmil Həsənli seçkidə heç beş faiz səs ala bilmədi. Həmin beş faiz isə qaragüruh təfəkkürlü müəyyən kəsimdir ki, onlar hər zaman bu cür kampaniyalara uyub yanlış mövqedə olurlar.
Əslinə qalsa, Cəmil Həsənli televiziyadakı məntiqsiz və şər-böhtan üzərində qurulan çıxışı ilə Milli Şuranı bilə-bilə ölümə göndərdi. Çünki Azərbaycan cəmiyyəti şər-böhtan üzərinədə qurulan bir ittifaqa dəstək verə bilməzdi. Cəmil Həsənli bu düşüncə tərzini televiziyadan elan etməklə ölkədəki böyük çoxluğun nifrətini Milli Şuraya yönəltdi. Bu, Qərb dairələrindən birinci sifariş idi ki, seçki gününə qədər Milli Şura ictimai rəydə gözdən salınmalı idi. C.Həsmənli bunu məharətlə həyata keçirdi.
Seçki günü nəticələr bəlli oldu. Milli Şuranı dəstəkləyən müəyyən Qərb dairələri saxtakarlığın olduğunu elan etsələr də, sonradan bütün dairələr nəticələri qəbul elədi. Bunun ardınca, Cəmil Həsənliyə Milli Şuranı parçalamaq sifarişi gəldi və onun çıxışları Müsavat Partiyasında qıcıq yaratdı ki, qısa müddətdə İsa Qəmbər bu birlikdən ayrıldı. Daha sonra Eldar Namazov getdi, indi də Mirmahmud Mirəlioğlu və tərəfdarları Milli Şuranı tərk elədilər. Belə demək mümkündürsə, Cəmil Həsənli Rusiya mətbəxində hazırlanan Milli Şura "tort"unu Avropanın iti bıçağı ilə tikə-tikə elədi. Artıq Cəmil Həsənlinin parçalama missiyası başa çatıb. Əgər Milli Şura qısa müddətə buraxılmasa, C.Həsənli AXCP-də qalan beş-altı adam arasında təfriqə salacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53