Azərbaycanlı milyonçu məmurların gözqamaşdırıcı yay tətili macəraları
Azərbaycanlı milyonçu məmurların gözqamaşdırıcı yay tətili macəraları

Onların tətil xərcləri bir neçə on min dollardan başlayır, bəzən yüz min dolları keçir

Yay fəsli gələr-gəlməz hər kəs istirahət üçün məkan axtarır. Kimisi ölkə xaricinə üz tutur, kimisi də Azərbaycanın səfalı guşələrinə gedib ağır iş aylarının yorğunluğunu çıxarır.

Yaddaqalan istirahət etmək üçün də gərək cibdə pul olsun. Hamı ayağını yorğanına görə uzadır. Yaxşı pulu, imkanı olan şəxslər ölkə kənarında yayın keyfini çıxarırsa, nisbətən kasıb təbəqə də bölgələrə üz tutur.
Maraqlıdır, bəs ölkəxaricində istirahət etmək üçün nə qədər pul lazımdır, yaxud azərbaycanlılar hansı ölkələrdə dincəlməyə gedirlər? azvision.az-ın araşdırması bununla bağlı bəzi məqamları ortaya çıxarıb. "Miracle Travel" turizm şirkətindən bildiriblər ki, azərbaycanlılar yay mövsümündə daha çox Türkiyəyə üstünlük verirlər: "Sifarişlər daha çox Türkiyəyə olur. Ən minimum qiymət bir həftəlik bir nəfər üçün 800 manatdır. Bura aviabilet və oteldə qalmaq pulu daxildir".
"Victory Tour" turizm şirkətinə daha çox Türkiyə, Monteneqro, Yunanıstan, Xorvatiyada dincəlmək istəyənlər müraciət edir: "Qiymətlər isə tarixdən asılı olaraq dəyişir. Hazırda qiymətlər bahalaşıb. Məsələn, Türkiyədə bir həftə istirahət etmək istəyənin 1000 manatdan çox pulu olmalıdır.
"Avil Travel" müraciət edən müştərilər əsasən qardaş Türkiyəni seçirlər: "Əsas müraciətlər Türkiyəyədir. Ən əşağısı 1000 manata başa gəlir. Bura yalnız aviabilet və oteldə qalmaq pulu daxildir".
"İnter Travel" turizm şirkətindən verilən məlumata görə, Azərbaycanda Türkiyə, Paris (Fransa), Barselonaya (İspaniya) üz tutanlar çoxdur:"Qiymətlər neçə ulduzlu oteldə qalmağına görə dəyişir. Məsələn, Türkiyədə iki nəfərin bir həftəlik qalmağı 1500 manata, Paris və Barselonada isə bir nəfərin bir həftəlik qalmağı 1500 manata başa gəlir. Paris və Barselonaya 20-30-40 min arasında olan bilet qiymətləri də var. Amma demək olar ki, bu qiymətlərdə biletləri almırlar".
"Turan Travel"də isə vəziyyət belədir: "Türkiyə, Dubay, Sloveniya, Çexiya. Rusiya üçün müraciətlər daha çoxdur. Türkiyəyə bilet qiyməti 1000 manata, Sloveniya. Çexiya, Rusiyada istirahət edənlər üçün iki həftəlik bilet qiyməti 2000 manatdan çoxdur.
"Caucasus Travel"-dən bildiriblər ki, hazırda ən çox bilet satışı Türkiyə və Misirədir: "Qiymətlərə gəldikdə, deyə bilərəm ki, məsələn Antaliyada istirahət üçün minimum qiymət bir nəfər üçün bir həftəlik 2 min manatdır. "Biletlərin qiyməti tarixə uyğun dəyişilir, nə qədər tez tarixdə sifariş olsa qiymətlər o qədər baha olur, nə qədər gec olsa isə əksinə. Misirə bir nəfərin getmə bileti 485 manatdır.
"Mir Travel"- Bu vaxtlarda istirahət üçün əsasən, Türkiyə, Barselona, Paris, Roma, Yunanıstana getmək üçün müraciətlər edilir: "Ən çox edilən müraciətlər Türkiyəyədir . Türkiyəyə də qiymət 1000 manatdır".
Ekspertlər isə deyirlər ki, azərbaycanlılar yay mövsümündə daha çox Fransa, Yunanıstan, İspaniya, İtaliyada istirahət edirlər. Onların dediklərinə görə, Mərkəzi Şərqi Avropa ölkərindən isə Çexiyaya marağın artması müşahidə edilir. Avropa ölkələrində də hansı oteldə qalmaqdan asılı olaraq qiymətlərin dəyişməsi müşahidə edilir. Adətən 4-5 ulduzlu otellərdə qiymətlər yüksəkdir. Təxminən qalmaq xərci 200 avro arasında dəyişir. İki nəfərin bir həftəlik qalma xərci beş ulduzlu otellərdə bilet pulu daxil olmaqla 3500 avrodur.
Məsələn, Fransada iki nəfərin bir həftəlik qalmaq xərci 2 min avroya başa gəlir. Nisbətən ulduzu az olan iki-üç ulduzlu otellərdə paket olaraq bilet də daxil olmaqla, təxminən 2500 avroya başa gəlir. Axın daha çox Fransa, İspaniya, Yunanıstanadır. Mərkəzi Avropa ölkələrinə axın azalması müşahidə olunur. Məsələn, Macarıstan, Bolqarıstan, Ruminiyaya son illər axın azalır.
Araşdırmadakı rəqəmləri təhlil edən adının çəkilməsini istəməyən ekspert isə "Unikal"a bildirib ki, Qərbi Avropaya axının artması Azərbaycanda imkanlı şəxslərin artması, xüsusilə hətta orta məmur təbəqəsinin belə hədsiz varlanması, nəticədə onların ənənəvi istirahət yerlərindən imtina edib bahalı turizm səfərlərinə, dəbdəbəli tətillərə üstünlük verməyə başlaması ilə bağlıdır.
Ekspert deyir ki, bizim bəzi varlı məmurların yay tətili üçün getdikləri ölkələrdəki xərcləri bəzən bir neçə yüz min dollara çatır. Bura istirahət, səyahət, əyləncə, ziyafət xərcləri ilə bağlı bahalı alış-verişlər etmək də daxildir.
Ülviyyə Qasımlı