Korpus komandiri qətldə ittiham olunur
Korpus komandiri qətldə ittiham olunur

General Rövşən Əkbərova qarşı yeni plan var, onu istintaqa cəlb edə bilərlər

Hazırda Şəmkir korpusuna komandanlıq edən və zamanında keçmiş müdafiə naziri Səfər Əbiyevlə ədavətdə olan Rövşən Əkbərovla bağlı ilginc faktlar yayılıb. Bu barədə yayılan məlumatda korpus komandanı konkret olaraq qətldə ittiham olunur.
Belə ki, komandanın adı 2001-ci ildə Kiyevdə qətlə yetirilmiş iş adamı Elçin Əliyevlə bağlı işdə hallandırılır. Xatırladaq ki, zamanında belə bir iddianı mərhumun yaxınları da səsləndirmişdilər.
Qeyd edək ki, Elçin Əliyevin ölümündən 13 il keçməsinə baxmayaraq, heç kəs həbsə alınmayıb. Mənbənin dia.az-a söylədikləri: "Elçin Əliyevin qatili o zaman Kiyevdə hərbi akademiyada oxuyan, hazırda Şəmkir korpusunun komandanı Rövşən Əkbərovdur. Ölümün motivi aydın deyil, amma mərhumla R.Əkbərov arasında "söz-söhbət" olub, bunu onları tanıyanların hər biri təsdiqləyər. Hətta bu faktı, yəni Elçin Əliyevin Rövşən Əkbərov tərəfindən qətlə yetirilməsini o zaman Azərbaycanın Ukraynada müvəqqəti işlər vəkili, indi Diaspor Komitəsinin sədri Nazim İbrahimov da bir dəfə deyib.
Elçin Əliyev Kiyevdə iş adamı kimi fəaliyyət göstərib, daha çox Azərbaycana qida məhsulları göndərib: "O zaman Kiyevin mərkəzində ofisi olub, N.İbrahimovla yaxın dost olduğuna görə hətta biznes ofisini səfirliyə verib, özü yeni ofis tutub". Onu da nəzərə çatdıraq ki, sözügedən məsələylə bağlı dia.az saytına daxil olan məlumatda bildirilir ki, Ukrayna Baş Prokurorluğunda bu iş 4 il araşdırılıb, maraqlıdır ki, mərhumun yaxınlarına Ukrayna Baş Prokurorluğunun keçən ilin may ayında verdiyi cavabda R.Əkbərovun qətl ilə əlaqəli olması təsdiq edilir. Amma buna baxmayaraq 2005-ci ildən sonra iş Bakıya göndərilib, Hərbi Prokurorluq işi araşdırıb və R.Əkbərovun qətllə əlaqəsi olmadığı deyilib.
Maraqlısı odur ki, bu faktlar Azərbaycan mətbuatı və ictimaiyyəti üçün yeni deyil. Yəni, bir müddət öncə də Rövşən Əkbərov barəsində bu cür faktlar ortaya çıxmışdı. Ancaq korpus komandiri müəyyən gedişlər edərək məsələnin daha da ictimailəşməsinin qarşısını ala bilmişdi. "Unikal"ın əldə etdiyi məlumata görə, artıq Rövşən Əkbərovun vurulması ilə bağlı qərar var və bu səbəbdən də onun barəsində olan bütün cinayət xarakterli faktlar ictimailəşdirilir.
Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, artıq korpus komandirinin qələmi qırılıb. Bu səbəbdən də onun növbəti dəfə bu prosesdən zərər çəkmədən çıxması mümkün olmayacaq. Onun yeni müdafiə naziri Zakir Həsənovla münasibətlərinin korlanması da bu prosesi daha da sürətləndirəcək. "Ola bilsin ki, yaxın günlərdə Rövşən Əkbərov korpus komandiri vəzifəsindən çıxarılaraq sərəncama göndərilsin. Hər hansı bir səlahiyyəti olmayan generalı küncə sıxmaq isə daha rahat olacaq. Bu səbəbdən də əvvəlcə onu səlahiyyətsiz general edəcəklər. Onun ardınca isə istintaqa cəlb olunması məsələsi gündəmə gələ bilər. Hətta onu bundan əvvəlki dönəmlərdə korpusda baş verən ölüm hadisələri ilə bağlı da ittiham edə bilərlər. Hər halda, Rövşən Əkbərovu yaxşı tale gözləmir", – deyə müsahibimiz fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ