Hüseynqulu Bağırovun işçilərinə sərt ittihamlar
15:38 22-07-2014
CƏMİYYƏT
Hüseynqulu Bağırovun
işçilərinə sərt ittihamlar
Şimal bölgəsindən paytaxta torpaqlar necə daşınır?
Ekologiya və təbii sərvətləri naziri Hüseynqulu Bağırovun işçiləri haqqında sərt ittihamlar irəli sürülüb. İttiham müəllifi isə Şimal Bölgəsi Üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyevdir.
O, "Azadlıq" radiosunun əməkdaşına Xaçmazın Çılğır kəndində torpağı daşınmış əraziləri göstərərək deyib: "Baxın... Bura əkin sahəsi olub. Torpaqları tamamilə daşınıb. Gecəylə torpağı maşınlara yükləyib aparırlar. Səhər oyanıb görürsən ki, sahədə torpaq qalmayıb".
Nizami Şəfiyev deyir ki, bu ərazilərdəki kənd təsərrüfatına yararlı torpaqlar paytaxta daşınaraq iri bağ sahələri olanlara satılır: "Görürsünüz?... Tək buralar deyil. Belə bir yer Şabranın Ağalıq kəndində də var - keçmiş "Konstitusiya sovxozu"nun ərazisində... Kənddən Quba istiqamətinə gedəndə yolun şimal hissəsində 4 hektar sahənin əkin üçün yararlı bir metr qalınlığında torpağı Bakıya daşıyıblar".
Ekoloq iddia edib ki, bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələrinin gözü qarşısında baş verir. O, belə hallardan şikayət edir, nazirlik isə "fakt təsdiqini tapmadı" deyib işi bağlayır: "Bir də görürsən, bir gecədə 50-100 maşın girir sahəyə, 3 eskavator da gəlir, qazırlar yükləyirlər maşınlara, aparırlar. Elə vaxt olur ki, bir gecədə 2-3 saat ərzində 2-3 hektar ərazinin torpağını yükləyirlər. Bu işlə balaca adamlar məşğul olmur, əlbəttə ki, imkanlılar, əli hər yerə çatanlar edirlər bunu... Hər şey ekologiya şöbəsinin gözü qarşısında baş verir.
- Bu torpaqları niyə daşıyırlar?
- Buradan ucuz alıb aparıb Bakıdakı iri bağların sahiblərinə satırlar. Ancaq bir şeyi anlamırlar ki, Xaçmazın, Dəvəçinin iqlimi ilə Bakının iqlimi uyğun gəlmir. Buradan aparılan torpaqlar getdikcə təsirini itirir, bir neçə ildən sonra istifadəyə yaramır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, belə hallar şimal bölgəsində yox, daha çox cənib bölgəsində qeydə alınır: "Onda da icra hakimiyyətinə xəbərdarlıq olunur. Bundan başqa, biz yoldakı yük daşınmalara nəzarət etmirik. Kiminsə maşınını saxlayıb apardığı yüklə maraqlanmaq kimi səlahiyyətimiz yoxdur".
Nazirlik sözçüsü ekoloqla razılaşmayaraq əlavə edib: "Nizami müəllim deyir, belə işlər ekologiya şöbələrinin gözü qarşısında baş verir. Qətiyyən belə deyil. Rayonlardakı yerli ekologiya şöbələri belə hallara qarşı tədbirlər görür. Ancaq çox vaxt torpağı elə adamlar özləri satırlar. Əsasən də dağlıq ərazilərdə yaşayanlar... Kimsə öz torpağının üst qatını satırsa, nazirlik ona nə deyə bilər axı?.."
Elə Çılğır kənd sakini Azad Hüseynov özü bu yaxınlarda pay torpağının üst qatının daşındığını deyib. Ancaq öz razılığı ilə: "İmkansızlqıdan satdıq. Pay torpaqlarıdır, verilib, onsuz da istifadə edə bilmirik, Bakıdan gəlirlər, istəyirlər, məcbur olub satırıq. Su yox, gübrə yox, texnika yox... O torpaqdan nə dolanışıq gəlir, nə ruzi..."
Həmkəndlisi Səttar Babayev isə ötən yay pay torpağının üst qatını satmaqla bütün qışı evinin istiliyini təmin edib: "Puluna odun aldım, bütün qışı evimi isitdim. Başqa bir neçə problemim vardı, həll etdim".
Ekoloq Nizami Şəfiyev torpaqların üst qatının daşınmasının zərərlərindən danışıb: "Bu torpaqlar kənd təsərrüfatı üçün olduqca yararlıdır. Daşınıb aparılır və şimal bölgəsində yararlı torpaqlar sürətlə azalır. Yaxın gələcəkdə bu bölgədə bir qarış da yararlı torpaq qalmayaq. Başqa tərəfdən, daşınan torpaqların yerində xəndəklər yaranır. Təsəvvür edin ki, hektarlarla ərazi xəndəklərə çevrilir. Bu xəndəklərə sular yığılır və bataqlıqlar əmələ gəlir. Bataqlıq artdıqca müxtəlif həşəratlar da artır. Bu hal hətta xəstəliklərin yaranmasına da səbəb ola bilər".
Bax, bu xəndəklərin sayı artdıqca bir gün təbiət hamını cəzalandıracaq: torpağı satanı da, alanı da, buna göz yumanı da. Ekoloq belə düşünür...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin problemin qarşısını almaq üçün nə düşündüyünü isə yəqin ki, zaman göstərəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22