Gənclərin siyasi fəallığının artırılması əsas xətt kimi götürülüb
11:58 08-08-2014
SİYASƏT
Gənclərin siyasi fəallığının artırılması əsas xətt kimi götürülüb
Ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların
cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib
Son illər Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə kifayət qədər iş görülüb. Bu istiqamətdə həyata keçirilən layihələr və onların icrasına xərclənən vəsaitlər öz bəhrəsini verməkdədir.
Bu sahədə ən diqqət çəkən məqamlardan biri də Azərbaycanda gənclərlə bağlı siyasətin prioritetə çevrilməsidir. Məlum olduğu kimi, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Gənclərin siyasi fəallığının artırılması onların inkişafı və potensialından cəmiyyətin tərəqqisi üçün istifadə edilməsində özünü göstərir. Gənclərin ictimai fəaliyyətinin ilk addımları məhz gənclər təşkilatından başlayır. Dövlətin mərkəzində və yerlərdə gənclərin ictimai-siyasi fəaliyyətinin əsas göstəricisi olan gənclər təşkilatının fəaliyyəti bir sıra amillərdən asılıdır: Həmin yerin sosial-iqtisadi göstəriciləri, iqtisadi obyektlərin profili və həcmi, gənclərin təhsil səviyyəsi, yerlərdə ali və orta ixtisas məktəblərinin mövcudluğu, gənclərin şəbəkələşmə vəziyyəti və onların koordinasiya edilməsi, gənclər üçün sosial mərkəzlər və onların idarə edilməsi, gənclər siyasəti ilə məşğul olan kadrların bilik və bacarıqları, regiondakı urbanizasiya vəziyyəti və s. gənclərin təşkilatlanmasına təsir göstərə bilən parametrlərdəndir.
Azərbaycanda ictimai-siyasi həyatda gənclərin fəal iştirakının təmin edilməsi, gənclər təşkilatının fəaliyyətlərinin daha da gücləndirilməsi, seçkili və dövlət idarəetmə orqanlarında gənclərin daha da geniş kütləsinin təmsil olunması, regionlarda yaşayan gənclərin təşkilatlanması, gənc liderlərin və gənclərin siyasi düşüncə tərzinin formalaşması, gənclər sahəsində qeyri-formal təhsil metodlarının tətbiq edilməsi məqsədilə bir sıra işlər görülmüş və bu günümüzdə də görülməkdədir. Son illərdə Azərbaycanda gənclər təşkilatının sayı daha çox artmağa başlayıb. Qeyd etmək lazımdır ki, hal hazırda ölkədə 180-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir ki, bunlardan 100-ə yaxın təşkilat son 5 ildə qurulmuşdur. Bununla bərabər bu təşkilatlar inkişaf tempi baxımından heç də hamısı eyni səviyyədə inkişaf edə bilmir. Araşdırmalar göstərir ki, gənclərin maliyyə axtarışları imkanlarının, üzvlərin bacarıq səviyyəsinin, şəbəkələşmə imkanlarının və informasiya çıxışlarının müxtəlif səviyyədə olmasına görə gənclər təşkilatının maliyyə və təşkilati davamlılığı müxtəlif səviyyədədir.
Hazırda 12-ə yaxın qeyri hökümət gənclər təşkilatı yaradılmışdır ki, bunlardan 9 təşkilat 2005-2010-cu illərdə yaradılmışdır. Qeyri-hökümət gənclər təşkilatı öz inkişaflarına görə tələbə-gənclər təşkilatı və klubların inkişafından xeyli üstündür. Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan ulu öndər Heydər Əliyevin siyasi xəttinə sadiqliyini nümayiş etdirərək ictimai-siyasi arenada gəncliyin fəaliyyətinin zəruriliyini vurğulamışdır. O, Azərbaycanın, gəncliyimizin ən ağrılı yeri olan torpaqlarımızın işğalı faktının, bu faktı törədən Ermənistanın təcavüzkar dövlət kimi tanınmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü dəfələrlə xatırlatmış, həmçinin Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan haqqında obyektiv rəyin formalaşmasında gənclərin fəaliyyətinə xüsusi inamla yanaşmışdır. Gənclərin siyasi fəallığının artırılmasının dəstəkçisi olan Prezident bu sahədə əməli fəaliyyət göstərməklə liderlik bacarıq və keyfiyyətlərini bariz şəkildə nümayiş etdirmiş, gəncliyin etimadını doğrultmuş və gənclər arasında ciddi nüfuz sahibinə çevrilmişdi. Cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin gənclərə qayğı siyasətinin bu gün də davam etdirildiyini praktik, həmçinin nəzəri olaraq sübut etdi. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin inkişafı, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, dövlətlər inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir gənc öz əməyini əsirgəməməlidir. Dövlətin dəstəyi və qayğısı nəticəsində gənc nəsil məqsədyönlü fəaliyyətləri ilə inamı doğrultmalı, respublikamızın qarşısında duran problemləri həll etmək iqtidarında olduğunu sübut etməlidir.
Hakim Yeni Azərbaycan Partiyası gəclərini siyasi proseslərdə önə çıxmasına xüsusi önəm verir. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun son illər aktiv fəaliyyəti də buna əyani sübutdur. Onun sözlərinə görə, Azərbaycan gəncliyinin ikişafı üçün hər bir şərait yaradılıb: "Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndərimizin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib".
S.Orucov bildirib ki, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradıb və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Onun sözlərinə görə, məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. "Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir. Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, YAP Gənclər Birliyinin üzvləri ictimai-siyasi proseslərdə fəaldır, bütün seçkilərdə aktiv iştirak edir. Bu mənada, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP Gənclər Birliyi fəal iştirak etməyi nəzərdə tutur" - deyə, S.Orucov qeyd edib.
Onu da nəzərə çatdıraq ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsi bu günlərdə başa çatdı. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən YAP Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır. Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Hər bir xalqın inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib.
YAP-ın gənclərlə bağlı ən uğurlu layihələrindən olan və 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək olar. Sözügedən layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Artıq ənənəvi hal alan YAP Gənclər Birliyinin "Gənc liderlər" gənc siyasətçilər üçün təşkil olunan "Yay məktəbi" ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır. Layihənin əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. "Yay məktəbləri" gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Partiya gənc fəalların ictimai-siyasi aktivliyini artırmaq və gənclərin geniş fəaliyyətini təmin etmək üçün bütün imkanlardan istifadə edir, hər bir gəncin yaradıcı potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət ayırır.
YAP-ın üzvlərinin 40 faizini gənclərin təşkil etməsi onların bird aha siyasi və ictimai fəallığının göstəricisidir. "Yay məktəbləri" bunun ən əyani təzahürlərindən biri olmaqla YAP-çı gənclərin cəmiyyətdə nə qədər aktiv olduğunu göstərir.
Hər il olduğu kimi, bu il də Yeni Azərbaycan Partiyasından olan 800-dək fəal gənc Oğuz və Lerik rayonlarında dörd turda təşkil olunan "Yay məktəbi"ndə iştirak ediblər. Layihədə paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün rayonlarından olan gənclər iştirak ediblər. Layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar verilib, eləcə də, region gəncləri ilə görüşləri təşkil olunub, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər keçirilib. Bir sözlə, "Yay məktəbi" uğurla başa çatıb və gənclərin ictimai fəallığının yüksəlməsində daha bir mühüm addım hesab oluna bilər.
Göründüyü kimi, ölkədə gənclərini siyasi fəallığının artırılması üçün mühüm addımlar atılır və bu tədbirlər cəmiyyətin inkişafına öz töhfəsini verməkdədir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35