"Belə görünür, münaqişəni həll etmək fikrinə gəliblər"
Politoloqlar Qərbin Qarabağ məsələsindəki aktivliyini müsbət qiymətləndirirlər

Son günlər Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin əhatəsi bir qədər də genişlənib. Bir neçə gün öncə ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyə ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutduğu haqda xəbər vermişdik. Növbəti görüşün təşkili, yeri və vaxtının dəqiqləşdirilməsi ilə bağlı olaraq həmsədrlərin gələn həftə regiona səfəri gerçəkləşəcək. Bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Bundan əlavə, gündəmdə Fransa prezidenti Fransua Ollandın da prezidentlərin görüşünü təşkil etməsi ilə bağlı təklifi var. Son vaxtlar müşahidə olunan bu cür aktiv davranışlar Qərbin Qarabağ münaqişəsinə diqqətinin artması kimi qiymətləndirilir. Bəs bütün bunlar ölkəmiz üçün nə vəd edir? Qərb münaqişənin tənzimlənməsi ilə bağlı müəyyən irəliləyişə nail ola biləcəkmi?
Politoloq Natiq Miri bizimlə söhbətində dedi ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində dünya güclərinin geosiyasi maraqları baxımından çarpışması müşahidə olunur: "Bir müddət öncə Ermənistanla Azərbaycan arasında üç günlük savaş yaşandı. Dərhal Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə prezidentlərin görüşü təşkil olundu. Bundan sonra cəbhədə sakitlik hökm sürməyə başladı. Hiss olundu ki, bu görüşlər və cəbhədə olan təxribatlar Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Rusiya prezidenti sanki bir daha dünyaya göstərdi ki, biz istənilən zaman savaş başlada və ya bitirə bilərik. Ona görə də demək mümkündür ki, Dağlıq Qarabağ probleminin moderatorluğu Rusiyanın əlindədir. O görüşdən çıxarılan siyasi mesaja əsasən deyirəm ki, Rusiya özünü problemin həllində yeganə güc kimi görür və ATƏT-in Minsk qrupunu proseslərdən çıxdaş etmək istəyir. Hesab edirəm ki, Uels sammitində ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması bunun cavabı idi. Qərb Rusiyanın Cənubi Qafqazda güclənməsinin tərəfdarı deyil. Hətta onlar Rusiyanın oradan sıxışdırılıb çıxarılmasına yönəlik siyasətə üstünlük verirlər. Son zamanlar Türkiyənin də Cənubi Qafqazda aktivləşməsinin kökündə duran məsələlərdən biri, məhz budur. Ona görə də Dağlıq Qarabağ problemi ilə bağlı ABŞ-ın qolunu çırmamış kimi görünməsi sanki Rusiyanı sıxışdırmaq məqsədi daşıyır".
Politoloq Fikrət Sadıqov da son vaxtlar Qərbin fəallığının göz qabağında olduğunu söylədi: "Belə görünür, həmin dövlətlər bu münaqişəni həll etmək fikrinə gəliblər. Aktivlikləri ona görə artıb ki, dünyada çox ciddi geosiyasi proseslər gedir. Hesab edirəm ki, əsas təkan verən məqam Ukraynada baş verən hadisələr oldu. Təəssüf ki, danışıqlar aparmaq, tərəfləri kompromisə çağırmaq hələ məsələnin həll olunması demək deyil. Biz heç bir ölkədən, heç bir təşkilatdan artıq nəsə istəmirik. Təkcə haqqımız olanı versinlər, bəsimizdir. BMT-nin Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı dörd qətnaməsi qəbul olunub. Həmin qətnaməni elə bu dövlətlər qəbul edib, özləri ona səs veriblər. Onlar mövqelərini dəyişməməlidirlər. O dövlətlər sözlərinin üstündə durmalıdır və işğal olunan Azərbaycan torpaqları boşaldılmalıdır. Amma onlar bizi kompromisə çağırsalar, Ermənistana qarşı nəsə addım atmağımızı istəsələr məsələ yenə də nəticəsiz qalacaq. Mən başa düşürəm, ermənilərin arxasında müəyyən qüvvələr - canlı qüvvə, maliyyə, siyasi təşkilatlar var. Amma bu o demək deyil ki, həqiqətə göz yummaq lazımdır. Qərb münaqişə ilə bağlı aktiv görünə, bu isə müsbət addım hesab oluna bilər. Amma bizə real nəticə lazımdır. Yenə də deyirəm, bizə artıq heç nə lazım deyil. Sadəcə olaraq, beynəlxalq hüquq normalarına əməl olunsun, yetər".
Müsahibimiz nəzərə çatdırdı ki, Qərbin belə aktivləşməyinə səbəb, təşəbbüsü Rusiyanın əlindən almaq istəməsi ola bilər: "Düşünürəm ki, bu məsələdə həmsədrlərin mövqeyi üst-üstə düşür. Çünki onlar arasında 20 il müddətində hər hansı fikir müxtəlifliyi, ziddiyyət müşahidə etməmişəm. Amma hər dövlətin öz maraqları var. Rusiya ilə münasibətlərinin daha da gərginləşməsi fonunda Qərbin bu məsələni öz əhatə dairəsinə keçirmək istəməsini normal hal sayıram. Onlar çox istəyər ki, məsələ onların nəzarəti və köməyi ilə həllini tapsın. Amma qarşılıqlı kompromis əldə etmək cəhdi çətin olacaq. Çünki Azərbaycanın kompromis haqda düşüncələri, ümidləri tükənib. İşğal altında olan bizim torpaqlarımızdır, əziyyəti Azərbaycan çəkir. Doğrudur, Qərb ölkələri ərazi bütövlüyümüzü tanıyır. Amma tanısalar da, heç bir addım atmırlar. Onlar hansısa kənar qüvvələrin təsirinə düşməməlidirlər".
Fuad