"Rosoboroneksport" baş direktoru danışdı
12:57 16-09-2014
CƏMİYYƏT
"Rosoboroneksport" baş direktoru danışdı
Rusiyanın bəzi silah və hərbi texnikalarının Azərbaycanda istehsalı və modernləşdirilməsi üzrə işlər gedir
"Biz Azərbaycanla T-72 tanklarının birgə modernləşdirilməsinə dair danışıqlar aparırıq. Bundan əlavə, Azərbaycan bizim Ka-52 "Alliqator" tipli kəşfiyyat-zərbə helikopterlərimizlə yaxından maraqlanır".
Bunu Trend-ə açıqlamasında Rusiyanın hərbi və ikili təyinatlı məhsul, texnologiya və xidmətlərin ixrac və idxalı üzrə dövlət vasitəçisi olan "Rosoboroneksport" ASC-nin baş direktorunun markentiq üzrə müavini Sergey Qoreslavski deyib.
Onun sözlərinə görə, "Rosoboroneksport" Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişafına böyük önəm verir. Bakıda 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" (ADEX-2014) sərgisinin keçirilməsi münasibətilə ölkəmizi təbrik edən S.Qoreslavski hesab edir ki, nəticələrə əsasən demək olar ki, sərgi baş tutub.
Direktor müavini qeyd edib ki, Rusiya sərgidə geniş tərkibdə təmsil olunub, çünki onun uğuruna əvvəlcədən inanırdı: "Bu, Qafqazda müdafiə sənayesi sahəsində ilk beynəlxalq sərgi idi. Rusiya sərgidə "Rostexnoloqii" korporasiyası ilə təmsil olundu. Mən "Rosoboroneksport" şirkətinin baş direktorunun markentiq üzrə müavini olmaqla yanaşı, həm də nümayəndə heyətinin rəhbəri idim. Məsələ bundadır ki, "Rostexnoloqii" Rusiyanın bir neçə iri müəssisələrini özündə birləşdirir. "Rosoboroneksport" da onun perimetrinə daxildir, eyni zamanda, Rusiyanın bütün hərbi-sənaye kompleksinin universal vasitəçisidir. Bu, Rusiyanın maşınqayırma sahəsində böyük, aparıcı korporasiyasıdır. Onun tərkibinə 600 istehsal müəssisəsi daxildir. ADEX-2014 sərgisində Rusiya "Vertolyotı Rossii", "Uralvaqonzavod", raket-texniki silahlar və s. ilə təmsil olunurdu. "Rosoboroneksport" yeganə xarici şirkət idi ki, Bakıya öz texnikasının həqiqi nümunələrini aparmışdı. Belə ki, biz sərgidə Ka-52 "Alliqator" kəşfiyyat-zərbə helikopterinin həqiqi nümunəsi nümayiş etdirdik. Bu, bizim Azərbaycandakı tərəfdaşlarımızda böyük maraq doğurdu. Hətta şəxsən ölkə Prezidenti İlham Əliyev də onunla maraqlandı".
O, bildirib ki, sərgidə əsas diqqət Ka-52-yə yönəldilməklə yerli tərəfdaşlar üçün Rusiya istehsalı olan aviasiya texnikasının təqdimatı olub. Belə ki, şirkət Ka-52 helikopterinin, eləcə də YAK-130 təlim-döyüş təyyarəsinin region bazarında irəliləyişinə böyük ümidlər bəsləyir: "Sizin ekspertlərin qiymətləndirməsinə görə, YAK-130 təyyarəsi Azərbaycan aviasiyası üçün unikal maraq doğurur. Ona hazırda bütün dünyada böyük tələbat var, çünki YAK-130 təkcə Rusiya deyil, həm də ABŞ, Fransa və digər ölkələrin istehsalı olan istənilən növ təyyarənin təlim təyyarəsi keyfiyyətlərini özündə birləşdirir, eyni zamanda, döyüş təyyarəsi, aviasiya-döyüş platforması hesab olunur. Biz hələ ki, yolun başlanğıcındayıq. Bizim bu texnikaya faktiki maraq görməyimiz xoşdur. Bizə belə gəlir ki, bu maraq iki əsas üzərində qurulub. Birincisi, artıq sizin ölkənin silahlanmasında Mi-35M helikopterləri, eləcə də Mi-15B-5 nəqliyyat-döyüş və hərbi-nəqliyyat helikopterləri var. Demək istəyirəm ki, Azərbaycanın Mi-35M və Mi-15B-5-ləri var ikən, Ka-52 helikopterləri də ölkənin müdafiə qabiliyyəti istiqamətində onların döyüş şəraitində səmərəli tətbiqini tamamlaya bilər. Bu helikopterin ikinci xüsusiyyəti isə budur ki, o, tamamilə Rusiya istehsalıdır. Onun bütün detalları Rusiyada istehsal olunur".
S.Qoreslavski vurğulayıb ki, müasir dünyada sanksiya rejimlərinin tətbiqi silahların təchizatına çox ciddi təsir edir: "Biz hazırda öz üzərimizdə Qərb ölkələrinin saksiyalarını hiss edirik və lazım gəldiyi yerlərdə əvəzləmə siyasəti həyata keçiririk. Lakin bunun Ka-52-yə və Rusiya Federasiyasının silahlanmasında olan bir çox digər silah sistemlərinə aidiyyəti yoxdur. İlkin olaraq prinsip belə olub ki, bütün komponentlər Rusiya istehsalı olmalıdır. Məhz buna görə də bizim ordumuz başqa ölkələrin təchizatından asılı deyil. Bakı ilə Moskva arasında strateji münasibətləri nəzərə alsaq, bu, Azərbaycan üçün də çox sərfəli, demək olar ki, müstəqil alış olacaq. Bundan əlavə, biz sərgidə ZTRT-72 döyüş maşınının da həqiqi nümunəsini təqdim etdik".
O, qeyd edib ki, ümumiyyətlə, bu vaxtadək şirkətin Azərbaycanla T-90 tanklarının, PDM-3, ZTR-82A, müxtəlif növ ağır odatan sistemləri (TOS), MSTA özüyeriyən artilleriya qurğuları, Mi-35M və digər hərbi texnikaların təchizatına dair müqavilələri olub: "Biz əməkdaşlığımızın davam etdirilməsinə ümid edirik. Belə ki, bu əməkdaşlıq çox uğurlu başlayıb və dinamik inkişaf edir. Biz indi yolun başlanğıcındayıq və öz imkanlarımızı göstəririk".
Qeyd edək ki, bir neçə gün əvvəl "Rosoboroneksport" ASC-nin baş direktorunun məsləhətçisi Esen Topoyev bildirmişdi ki, Rusiyadan Azərbaycana göndərilmiş hərbi texnikaların təmiri ilə bağlı orada servis mərkəzlərinin təşkili və yaradılması məsələlərinə dair müzakirələr aparılır: "Artıq Azərbaycan ərazisində hərbi təyinatlı məhsulların ayrı-ayrı növlərinin lisenziyalı istehsalı təşkil edilib. Demək olar ki, RPQ-7 qumbaraatanları üçün sursatlar istehsal edəcək zavod da fəaliyyətə hazırdır. Hazırda AK-74M avtomatlarının lisenziyalı istehsalının təşkili üzrə müqavilənin bağlanması istiqamətində işlər gedir".
Digər Xəbərlər
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:05:53
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49