Məhkumların hüquqları qorunurmu?
13:06 16-09-2014
SİYASƏT
Məhkumların hüquqları qorunurmu?
Elçin Salmanov: "Bu günə kimi məhkumların təhsil almaq hüquqları kağız üzərində qalıb"
Müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu yolunu seçmiş Azərbaycan Respublikası insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi qəbul edərək, bu sahədə bir sıra hüquqi islahatlar həyata keçirməyə başladı.Ölkəmizdə həyata keçirilən genişmiqyaslı ədliyyə islahatları penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinə imkan yaradır.
Araşdırmalar göstərir ki, məhkumların əksəriyyətinin hüquqları ilə bağlı yetərincə bilgiləri yoxdur. Bu səbəbdən onların çoxu qanunla onlara verilən hüquqlardan da yararlana bilmir. Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən məhkumların saxlanılması, həyat və şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Məhkumların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, onların azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görülür. Aparılan islahatlar çərçivəsində təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsi üçün respublikanın müxtəlif regionlarında yeni penitensiar komplekslər inşa olunur. Həmin penitensiar komplekslərdə bütün şəraiti olan görüş otaqları da tikilərək məhkumların istifadəsinə verilib. Hazırda cəzaçəkmə müəssisələrində cəza çəkən hər bir məhkum qanunun onlara verdiyi hüquqlardan istifadə edə bilmədikdə vətəndaş cəmiyyəti institutlarından da yardım istəyə bilər. Hazırda "Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda" İctimai Birliyi həbs olunan şəxslərin hüquqlarının müdafiə olunması məqsədi ilə Qaynar Xətt Xidməti (012 480 32 95) yaradıb. Hər bir məhkum bu sahədə rastlaşdıqları problemlərlə bağlı bu nömrəyə zəng etməklə məlumat verə və huquqlarının bərpası üçün yardım ala bilər. Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 18 minə yaxın məhkum var. Həmin məhkumlardan təxminən 394 nəfəri qadındır. Bu gün cəzaçəkmə müəssisələrində 30-a yaxın yetkinlik yaşına çatmayan uşaq saxlanılır. Təxminən 3000-nə yaxın şəxs haqqında cinayət işinin istintaqı gedir. Hər bir məhkumun ildə bir dəfə bir gündən üç günədək müddətə ən azı bir uzunmüddətli görüş hüququna malik olduğunu nəzərə alsaq, cəzaçəkmə müəssisələrində mövcud şəraitin buna imkan vermədiyinin şahidi olarıq.
Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin icraçı direktoru Elçin Salmanov deyir ki, Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsinə görə, cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulan hüquq və azadlıqları təmin olunmalıdır. "Cəzaların icrası və çəkilməsi zamanı məhkumların əsas aşağıdakı hüquqları vardır:
o Cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;
l İctimai fayadlı əməklə məşğul olmaq;
l İstirahət etmək;
l Pensiya və ya sosial müavinət almaq;
l İlk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;
l Öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;
l Tərcüməçi xidmətindən istifadə etmək;
l Dini ayinlərin icra edilməsində iştirak etmək;
l Hüquqi yardım almaq;
l Təhsil almaq və peşə hazırlığı keçmək;
l Əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların hüquqları;
l Məhkumların müraciət etmək hüququ;
l Məhkumların şəxsi təhlükəsizlik hüququ.
Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunan qaydada məhdudlaşdırıla bilər. Hər bir məhkum cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, pensiya və ya sosial müavinət almaq hüququna malikdir. Həmçinin, onlar hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliklə müəyyən edilən qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək, cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək, dini ayinlərin icra edilməsində iştirak etmək, hüquqi və psixoloji yardım almaq hüququna malikdir. Məcəllənin 81-ci maddəsi məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüş hüququnu özündə ehtiva edir. Həmin maddəyə görə, məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə reallaşır. Məhkumlar uzunmüddətli birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) görüşə bilər. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər. Həmçinin, məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır. Bir müddət öncə cəzaların icrası ilə bağlı qanunvericiliyə dəyişikliklər edilərək həm qısamüddətli, həm də uzunmuddətli görüşlərin sayı artırıldı. Bu isə rejim növündən və törədilən cinayətdən və məhkumun cəza çəkdiyi rejimdən asılı olaraq müəyyən edilir. Cəzaların İcrası Məcəlləsinə görə ümumi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar il ərzində qırx səkkiz qısamüddətli, dörd uzunmüddətli görüş hüququna malikdir. Ciddi rejimli cəzaçəkmə müəssisələrində isə məhkumlar il ərzində qısa müddətli on iki görüş və uzun müddətli iki görüş hüququndan istifadə edə bilər. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlara il ərzində altı qısamüddətli, iki uzunmüddətli görüş verilir. Məcəllənin 122.2.2-ci maddəsinə əsassən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunan şəxslər il ərzində qısa müddətli iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər".
E. Salmanovun sözlərinə görə, hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır: " Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların insini, yaşının, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq, cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində və cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə, təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində üşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir.Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər. Həbsxanada cəza çəkən məhkumların əməyi ancaq həbsxana ərazisində təşkil olunur".
Lakin Elçin Salmanov bəzən məhkumların bu hüquqlarından istifadə edə bilmədiklərini, məlumatsız olduqlarını deyir. Onun sözlərinə görə, azadlığa çıxan məhkumlar birdəfəlik 4 aylıq müavinətləri alarkən dəfələrlə problemlərlə qarşılaşırlar. Məhkumların hüquqlarının heç də bütün sahələrdə qorunmadığını bildirən E. Salmanov deyir ki, bu günə kimi məhkumların təhsil almaq hüquqları kağız üzərində qalıb. Onun sözlərinə görə, əldə olunmuş razılaşmaya əsasən Penitensiar Xidmət şərait yaratmalı, Təhsil Nazirliyi isə tərbiyə müəssisələrində, cəzaçəkmə müəssisələrində orta məktəb açmalıdırlar: "Çox təəssüf ki, bu günə kimi buna nail olunmayıb. Əslində islah müddətində məhkumları islah etmək üçün onların təhsilə cəlb olunması şərtdir. Amma hələ ki, buna nail olunmayıb.
Digər problemin isə məhkum hüquqları ilə bağlı cəzaçəkmə müəssisələrindəki psixoloqlarla bağlı olduğunu deyən icraçı direktor bildirir ki, cəzaçəkmə müəssisələrinin çoxunda psixoloqlar təcrübəsiz, yenicə diplom alanlardır:"Halbuki, bu sahədə, məhkumlarla təcrüəli psixoloqlar çalışmalıdırlar".
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38